EN

Suverenliyin bərpası tarixin səhifələrində yazılan ədalət dastanıdır


Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri

Azərbaycanın qədim və müqəddəs torpağı olan Qarabağ 30 ilə yaxın bir müddət ərzində fəryad edir, zülm altında inləyirdi. 1990-cı illərin qanlı hadisələri torpaqlarımızın 20%-dən çoxunun işğalına, bir milyondan çox insanın doğma yurdundan didərgin düşməsinə səbəb oldu. Məscidlər dağıdıldı, şəhərlər xarabalığa çevrildi, mədəni irsimiz məhv edildi. Bütün bunlar beynəlxalq hüququn ən kobud şəkildə tapdalanması idi. İllərlə davam edən sülh danışıqları isə sadəcə bir illüziya, vaxt uzatmaq üçün qurulmuş bir teatr tamaşası idi. BMT-nin məşhur dörd qətnaməsi (822, 853, 874, 884) Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, bu sənədlər kağız üzərində qaldı. ATƏT-in Minsk qrupu kimi vasitəçilik missiyaları isə illərlə davam edən fəaliyyətsizliklə özlərinə olan etimadı itirdilər. Beynəlxalq aləmdə tətbiq edilən ikili standartlar, haqqın deyil, gücün tərəfində duran Qərbin münasibəti Azərbaycan xalqının ədalətə olan inamını sarsıdırdı. Bu qaranlıq zülmətə son qoymaq üçün bir işıq şüası lazım idi.
Bu işığın ilk təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyuldu. O, 1993-cü ildə hakimiyyətə qayıdaraq Azərbaycanı xaosa sürükləyən təlatümlərdən xilas etdi, güclü ordu quruculuğunun, siyasi və iqtisadi müstəqilliyin bünövrəsini qoydu. "Bizim əsas vəzifəmiz torpaqlarımızı azad etməkdir", – deyən Ulu Öndər, bu qələbənin ideoloji və strateji əsasını yaratdı. O, hər zaman qeyd edirdi ki, torpaqlarımızın işğaldan azad edilməsi bizim əsas vəzifəmizdir və bu, Azərbaycanın əsas məqsədidir. Bu müdrik siyasət illər sonra gələn Zəfərin təməli oldu.
Müzəffər Ali Baş Komandan İlham Əliyev məhz bu ideyaların davamçısı kimi bütün beynəlxalq təzyiqlərə, ikili standartlara sinə gərərək Azərbaycanın haqq səsini dünyaya eşitdirdi. Hər zaman dinc həll yolunun tərəfdarı olduğunu bildirsə də, ordumuzu ən müasir silahlarla təchiz edərək, peşəkar kadrlar hazırlayaraq hərbi zəfərə hazırlaşdırdı. Prezidentin “Dəmir Yumruq” siyasəti yalnız hərbi gücün yox, həm də xalqın birliyinin, milli ruhun təcəssümü idi. Bu, Azərbaycan xalqının intiqam hissinin, azadlıq arzusunun simvoluna çevrildi.
44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı tarixinə yazılan ən böyük qəhrəmanlıq dastanı oldu. Azərbaycanın igid oğulları Vətən sevgisi ilə alovlanan ürəkləri ilə düşmənin illər boyu qurduğu sarsılmaz xətləri cəmi 44 günə yerlə-yeksan etdilər. Bu, sadəcə hərbi qələbə deyil, həm də ədalətin zəfəri idi. Lakin bu hekayə hələ bitməmişdi. 2023-cü ilin 19-20 sentyabr günləri Azərbaycanın suverenliyinin tam və qeyd-şərtsiz bərpası üçün son nöqtəni qoydu. Cəmi 23 saatdan bir qədər çox davam edən lokal xarakterli dövlət suverenliyinin bərpası tədbirləri Azərbaycanın öz sərhədlərini qorumaqdakı qətiyyətinin ən parlaq nümunəsi oldu. Bu əməliyyat nəticəsində bölgədəki bütün qanunsuz hərbi birləşmələr silahsızlaşdırıldı, onların mövqeləri və sursat anbarları məhv edildi. Nəticədə, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi bərpa olundu, beynəlxalq hüquq bərqərar edildi. Bu ədalət yürüşünün ən mühüm nəticələrindən biri də illər boyu xalqımıza qarşı saysız-hesabsız cinayətlər törədən separatçı quldurbaşıların həbs edilərək Bakıya gətirilməsi oldu. Hazırda onlar öz cinayətlərinə görə Azərbaycan ədliyyəsi qarşısında cavab verirlər. Bu, sadəcə separatizmin yox, həm də cəzasızlığın sonu idi.

Prezident İlham Əliyev bu tədbirlərinin ən başlıca nəticəsi kimi Azərbaycanın suverenliyinin tam və qeyd-şərtsiz bərpasını vurğulayıb. O, bu əməliyyatın heç bir ölkəyə qarşı olmadığını, yalnız Azərbaycan ərazisindəki qanunsuz erməni hərbi birləşmələrinin tərksilah edilməsi məqsədi daşıdığını qeyd edib. Bu, beynəlxalq hüquqa tam uyğun olaraq, öz suveren ərazisində dövlətin güc tətbiq etmək hüququnun təsdiqi idi.
Dövlət başçısı bu əməliyyatın qısa müddət ərzində və minimal itkilərlə həyata keçirilməsini Azərbaycan Ordusunun peşəkarlığının və döyüş qabiliyyətinin ən parlaq nümunəsi kimi göstərir. O, suverenlyin bərpası tədbirlərinin başlanmasından cəmi 23 saat sonra qoyulan bütün tapşırıqların uğurla icra edildiyini, bu hadisənin Azərbaycanın hərbi qüdrətini bir daha dünyaya nümayiş etdirdiyini bildirir.
Prezident İlham Əliyev bu zəfərin mühüm mənəvi və hüquqi nəticələrindən biri kimi separatizmin kökünün kəsilməsini xüsusi qeyd edir. O, bu əməliyyatın nəticəsində separatçı quldurbaşıların həbs edilərək Bakıya gətirilməsini “tarixi ədalətin bərpası” adlandırır. Bu, illər boyu törədilmiş cinayətlərin cəzasız qalmayacağının sübutu idi.
Müzəffər Ali Baş Komandanın fikirlərində bu hadisələrin gələcəyə yönəlik əhəmiyyəti də aydın görünür. O, Qarabağın Azərbaycanın iqtisadi-siyasi sisteminə tam reinteqrasiyasını və bu ərazilərdə sülh quruculuğunun davam etdiriləcəyini bəyan edib. Prezidentin qeydlərində, antiterror əməliyyatı həm də Ermənistanla sülh müqaviləsinin imzalanması və bölgədə davamlı sülhün bərqərar olması üçün yeni bir fürsət yaradıb. Bu, Azərbaycanın yalnız hərbi gücə deyil, həm də dinc quruculuğa sadiq olduğunu nümayiş etdirir.


Bu gün Qarabağda yeni bir dövr başlayır. Artıq dağılmış şəhərlərin yerində yeni evlər, məktəblər, yollar tikilir. Həyat yenidən canlanır, məcburi köçkünlər öz ata yurdlarına qayıdırlar. Azərbaycanın bu zəfər yürüşü, öz gücünə, öz haqqına inanan bir xalqın qəhrəmanlığının təntənəsidir. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Bu şüar bu gün bir daha sübuta yetirilən əbədi həqiqətə çevrildi. Bütün bu tarixi hadisələrdən sonra Qarabağın bərpası və reinteqrasiyası Azərbaycan dövlətinin ən əsas prioritetlərindən birinə çevrilib. Bu gün bölgədə genişmiqyaslı quruculuq işləri aparılır. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış proqramı çərçivəsində yüzlərlə kənd və şəhər yenidən tikilir. Füzuli Beynəlxalq Hava Limanı cəmi 8 aya, Zəngilan Beynəlxalq Hava Limanı isə 9 aya inşa olunaraq istifadəyə verildi. Bu hava limanları bölgənin iqtisadi inkişafı üçün böyük əhəmiyyət daşıyır. Şuşa Azərbaycanın mədəniyyət beşiyi olaraq yenidən dirçəldilir. Buraya avtomobil yolları çəkilir, mədəni abidələr bərpa olunur. Məsələn, Xarıbülbül musiqi festivalı illər sonra yenidən Şuşada keçirildi. Eyni zamanda, Ağdam "ruhlar şəhəri" imicindən qurtularaq, yenidən qurulur. Buraya elektrik və su xətləri çəkilir, yollar salınır. Bütün bunlar Qarabağda həyatın tamamilə bərpa olunduğunun, Azərbaycanın öz ərazisinə tam nəzarət etdiyinin ən bariz göstəricisidir. Bu, sadəcə bərpa işləri deyil, həm də illər boyu davam edən həsrətin sonu, tarixi ədalətin bərpasıdır. Və bu həqiqət gələcək nəsillərə böyük bir miras qoyur: azadlıq uğrunda mübarizə ruhu, vətən sevgisi və sarsılmaz qürur!




Chosen
28
aia.az

1Sources