EN

Fürsətçilik və demaqogiya bir-birini tamamlayan hallardır

Bəli, insan unutqan məxluqdur, hətta ərəb dilindən olan bəzi tərcümələrə görə “insan” sözünün mənası belə unutqan anlamını daşıyır. Məhz sözügedən “təbii” keyfiyyətimizin ucbatından gündəlik həyatda, eləcə də siyasi münasibətlər müstəvisində bəzən səhvlərə yer veririk. Siyasətbazlar isə unutqanlığımızı fürsət bilir və öz ucuz demaqogiyalarının inkişafı üçün istifadə edirlər. Ümumiyyətlə müasir siyasi proseslərdən danışarkən nəzərə almalıyıq ki, “fürsətçilik” və “demaqogiya” bir-birini tamamlayan anlayışlardır. Mövcud kontekstdə daha bir sosial-psixoloji fenomeni yada salmalıyıq: yalançı mühit üçün yaddaş pozuntusu yayılmış və hətta normal hal hesab olunur. Siyasi populizm və demaqogiya isə sırf yalanın və obyektiv həqiqətin təhrif olunmasının üzərində qurulur. 

Burada bizim köməyimizə yenə də siyasi maarifçilik gəlir. Obyektiv və adekvat yanaşmanı tərənnüm edən siyasi maarifçilik sıravi vətəndaşı qərəzli manipulyasiyalardan sığortalayır və onu kiminsə kirli oyunlarında sadəcə alət kimi istifadə olunmasından qoruyur. Heç bir halda unutmamalıyıq ki, qərəzli və radikal təfəkkürlü demaqoq küçədə dolaşan cibgir kimi, yollarda hər an yarana biləcək istənilən dolaşıqlığı öz yaramaz əməllərini həyata keçirtmək üçün fürsət bilir. 

Əgər kimsə siyasi sadəlövhlüyündən düşünürdüsə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 avqust tarixli Vaşinqton səfəri və səfər zamanı əldə olunmuş inanılmaz nailiyyətlərindən sonra birdən-birə bütün dünya ölkələri bizə “qardaş” olmağa tələsəcək, yumşaq desək, çox yanılırdı. Bəzi proseslər göstərir ki, Azərbaycanın Vaşinqton uğuru əksinə, yaramaz qüvvələrdə qıcıq yaradıb və nəticədə onların məkrli niyyətləri daha da eybəcərləşib. ABŞ-ı özünə strateji tərəfdaş etmiş Azərbaycan bir çox ölkələrinin geosiyasi rahatlığını pozub. Sözügedən danılmaz fakt ölkəmizə qarşı artan informasiya təzyiqlərinin əsas səbəbidir. 

Burada mütləq olaraq Prezident İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi önəmli fikri bir daha yadımıza salmalıyıq: “Biz elə bir bölgədə yerləşirik, bizə qarşı elə bir qüvvələr birləşib ki, bizə ziyan vurmaq üçün fürsət axtarırlar. Biz, - İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim, - sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik.” Bəli, biz bunu bilməliyik və bunu heç zaman unutmamalıyıq.

Heç bir şərh vermədən Azərbaycana qarşı azğınlamış informasiya təzyiqlərinin əsl səbəblərini ifşa edən bəzi önəmli siyasi faktları sadəcə sadalayaq:

- Azərbaycan regional dövlət olaraq beynəlxalq təşkilatların dəstəyi olmadan münaqişəni özü həll etdi və bununla da dünyaya beynəlxalq təşkilatların “ikili standartlar” siyasətini, onların riyakarlığını, hərəkətsizliyini və hətta müəyyən mənada “hüquqi əlilliyini” nümayiş etdirdi;

- Dünyada Azərbaycana olan tələbat sürətlə artır. Müxtəlif istiqamətlərdə artan iqtisadi potensial, xüsusilə də enerji layihələri ilə bağlı olan beynəlxalq təşəbbüslər Azərbaycanı mühüm regional aktora çevirib;

- Müstəqil siyasət aparmaq gücündə olan Azərbaycan uzun onilliklər, bəlkə də əsrlər ərzində beynəlxalq münasibətlər ilə bağlı formalaşmış köhnə stereotipləri darmadağın etdi və bununla da yeni tendensiyalarının yaranmasına səbəb oldu;

- Dünyada heç bir qüvvə inkar edə bilməz ki, məhz Azərbaycanın Qələbəsi regionda “Yeni reallığın” yaranmasının əsas səbəbidir. “Yeni reallıq” isə qlobal oyunçuların geosiyasi ssenarilərinin dəyişməsini vadar etdi. Aydın məsələdir ki, regionumuzda müstəqil siyasət aparan ölkənin mövcudluğu qlobal geosiyasi oyunlar oynayan “super güclərin” marağında deyil. Heç bir zaman qlobal “super güclər” öz iddialarından vaz keçməzlər. Əlbəttə ki, burada digər önəmli faktorlarının adları da çəkilə bilər, ancaq onlar həqiqəti dəyişdirə bilməzlər.

Qeyd olunanlar psevdopatriotların siyasi boşboğazlığın əsl səbəblərini görməyə imkan verir. Əslində, Prezident İlham Əliyev yuxarıda qeyd etdiyimiz fikri ilə Azərbaycana qarşı aparılan informasiya təxribatlarının yaxın gələcəkdə artacağına dair öz xəbərdarlığını etmişdir. Təsadüfi deyil ki, hamımız vaxtaşırı şəkildə sözün əsl mənasında çirkin və qərəzli, əsassız ritorikaya şahidlik etmək məcburiyyətində qalırıq. Təəssüf ki, bu cür təzahürlər radikalları daha böyük yaramazlıqlara motivasiya edir. Şübhəsiz ki, eşidilən əsassız ittihamlar sifarişlidir və onların tək bir hədəfi var – siyasi sabitliyin və həmrəylik mühitinin pozulması.

Bəli, pozucu qüvvələrin bütün cəhdlərinə rəğmən Azərbaycan xalqı milli həmrəyliyi və ideoloji birliyi qorumağa müvəffəq oldu. Əlbəttə ki, sözügedən nailiyyətdə ölkəmizdə fəaliyyət göstərən sağlam siyasi partiyalarının payı heç də az deyil. Siyasi partiyalar cəmiyyətin mütərəqqi qüvvələrini öz ətrafında birləşdirərək süni məşəlli müxtəlif stresslərə üstün gəlməyə güc verən və dövlətin təbii immunitetini formalaşdırmağa xidmət edən vacib siyasi institutdur. Məhz buna görə də təqribən son 5 il ərzində siyasi münasibətlər müstəvisində dövlətin müxtəlif təşəbbüsləri ilə təşviq olunan siyasi dialoq mühiti xain qüvvələrinin qara yuxusuna çevrilib. Dövlətin mövcud istiqamətdəki təşəbbüslərinə bütün vəchlə kölgə salmaq istəyən siyasi hüceyrələr qarışıqlıq yaratmaq ümidi ilə küçələrdə dolaşan fürsətcil-talançı-maradiorlar kimi davranırlar. Azərbaycanın artan nüfuzundan irəli gələn qərəzli informasiya təzyiqləri özlərinə fürsət bilən bu yaramazların davranışı isə əslində düşmən dəyirmanına su tökməkdən başqa heçnə deyil. Heç bir yalan və heç bir manipulyasiya unutdurmamalıdır ki, fürsətçilik və demaqogiya bir-birini tamamlayan və bir-birini ifşa edən hallardır.

Asif Adil,
politoloq

Chosen
22
7
ikisahil.az

8Sources