EN

Azərbaycan-Ermənistan Sülh Sazişinin imzalanma tarixləri haqda versiyalar: kim nəyə əsaslanır?- Politoloqdan izah... 

“Ermənistanın vitse-spikeri Rubinyanın  nəyə əsasən bu ilin sentyabrında Sülh Sazişinin imzalana biləcəyini gözlədiyi bəlli deyil. Çünki artıq sentyabrın ikinci yarısı başlayıb və...”
 
8 avqust Vaşinqton sammitində Azərbaycanla Ermənistan arasında 7 bəndlik Sülh Bəyannaməsinin imzalanmasından və Sülh Sazişinin paraflanmasından bəri keçən müddətdə iki ölkə arasında Yekun Sülh Sazişinin imzalanacağı tarix barədə çox sayda versiyalar, proqnozlar səslənməkdədir. Məlum olduğu kimi, bu günlərdə Türkiyə xarici işlər naziri Hakan Fidan Romada Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən konfransda çıxışı zamanı deyib ki, həmin saziş 2026-cı ilin birinci yarısında imzalana bilər. Dünən- sentyabrın 15-də Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan isə daha irəli gedərək Azərbaycanla sülh müqaviləsinin 2025-ci ilin sonunda, hətta elə sentyabrında imzalanacağına ümid etdiyini bildirib.  Bəzi siyasi şərhçilər isə ehtimal edir ki, Azərbaycan-Ermənistan Sülh Sazişi ən tezi gələn ilin iyunundan sonra, o da qonşu ölkədəki seçkilərlə bərabər Azərbaycan tərəfinin tələb etdiyi konstitusiya dəyişikliklərini həyata keçirmək məqsədi ilə referendum keçiriləcəyi və həmin dəyişiklərin qəbul ediləcəyi halda imzalana bilər. 
 
Bəs səslənən bu versiyalar, proqnozlar nələrə əsaslanır və nə dərəcədə reallığa uyğundur?..
 
Politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bunları söyləyib:
 
“Bilirik ki, Azərbaycanın mövqeyi bəlli və dəyişməzdir. Belə ki, Ermənistan konstitusiyasına dəyişiklik edilməli və o sənəddən Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən bənd çıxarılmalıdır. Bu, baş verməyənədək sülh sazişinin imzalanması çətin görünür. Azərbaycanın mövqeyində isə heç bir dəyişiklik yoxdur. Konstitusiya dəyişikliyi üçün referendum keçirilməsi də qeyd etdiyiniz kimi, gələn ilin iyun ayında keçiriləcək parlament seçkiləri ilə də əlaqəlidir.  Çünki parlament seçkilərində Paşinyan və onun tərəfdarlarının qalib gəlib-gəlməyəcəyini bilmirik. Lakin deyək ki, Paşinyan qalib gəldi və konstitusiyada dəyişikliklərlə bağlı referendum keçirildi. Əgər referendum nəticəsində Ermənistan konstitusiyasına uyğun dəyişikliklər edilərsə, bu, sülh müqaviləsinin imzalanması üçün bir addım ola bilər. Və bu halda Hakan Fidanın dediyi kimi, iyundan sonra Sülh Sazişi imzalanması mümkündür. 
 
Hakan Fidanın digər bir mesajı isə Ermənistana yönəlikdir: Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşması yalnız Azərbaycanla Sülh Sazişi imzalanandan sonra baş verə bilər... 
 
Beləliklə, Sülh Sazişinin imzalanma tarixi barədə digər versiyalar versiya olaraq qalır. Məsələn, Ermənistanın vitse-spikeri Rubinyanın nəyə əsasən bu ilin sentyabrında Sülh Sazişinin imzalana biləcəyini gözlədiyi bəlli deyil. Çünki artıq sentyabrın ikinci yarısı başlayıb və bu müddət ərzində deyilənlərin həyata keçirilməsi mümkün deyil. Və bir daha təkrar edirəm, yalnız Ermənistanda 2026-cı ilin iyununda Paşinyan və tərəfdarlarının seçkilərdə qalib gələcəyi və daha sonra keçiriləcək referendumda ölkə konstitusiyasına müvafiq dəyişikliklər qəbul ediləcəyi halda Sülh Sazişi imzalana bilər. Çünki Paşinyanın partiyası parlament seçkilərində məğlub olarsa və hakimiyyətə radikallar gələrsə, hesab edirəm ki, onlar heç sülh müqaviləsini, ümumiyyətlə, qəbul etməyəcəklər. Bu halda, təbii ki, sülh sazişi imzalanmayacaq və proseslər növbəti mərhələlərə ötürüləcək”. 
 
Ola bilərmi ki, Ermənistan vitse-spikeri Ruben Rubinyan Azərbaycan tərəfinin konstitusiyaya dəyişiklik tələbindən imtina edəcəyinə ehtimal edir və bu səbəbdən bu dərəcə qısa müddətdə  Sülh Sazişinin imzalanacağını ümid edir?”  sualına isə politoloq belə cavab verib:
 
“Qeyd etmək lazımdır ki, Azərbaycanın mövqeyi İkinci Qarabağ müharibəsindən sonra dəyişməyib. O halda cəmi iki həftə ərzində hansı dəyişikliklər ola bilər ki?”
 
Sultan Laçın
 
Chosen
16
2
moderator.az

3Sources