EN

19-20 sentyabr antiterror əməliyyatı - Azərbaycan suverenliyinin qələbəsi - TƏHLİL

"Azərbaycanın son onilliklərdə keçdiyi yol, milli dövlətçiliyin bərpası və möhkəmləndirilməsi prosesinin ən parlaq səhifələri ilə yadda qalıb. 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən sonra 2023-cü il 19–20 sentyabr tarixlərində aparılmış lokal antiterror əməliyyatı dövlətimizin suverenliyinin tam bərpasını təmin etdi".

Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Şahin Seyidzadə deyib. 

Deputat bildirib ki, bu əməliyyat həm beynəlxalq hüquq normalarına uyğunluğu, həm də regionda sabitliyin təmin olunmasına verdiyi töhfə ilə diqqət çəkir: 

"Azərbaycan beynəlxalq hüququn bütün prinsiplərinə hörmətlə yanaşaraq, Ermənistanla münasibətlərin normallaşması və davamlı sülhün əldə edilməsi üçün dəfələrlə təşəbbüslər irəli sürmüşdü. 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin Qarabağ ərazisindən çıxarılması təmin olunmalı idi. Lakin üç il ərzində bu öhdəlik yerinə yetirilmədi. Əksinə, Ermənistan bölgədə qeyri-qanuni silahlı dəstələrin sayını artırdı, yeni silahlar gətirdi və mütəmadi olaraq təxribatlara əl atdı. Bütün bunlar beynəlxalq hüququn fundamental prinsiplərinin – ərazi bütövlüyü, dövlətlərin suverenliyi və daxili işlərinə qarışmamaq qaydalarının kobud şəkildə pozulması demək idi. Azərbaycan isə səbrlə sülh çağırışları etdi, danışıqlar təklif etdi, lakin nəticə əldə olunmadı. 2023-cü il sentyabrın 19-da erməni diversiya qruplarının mina partlatması nəticəsində mülki şəxslər və hərbi qulluqçular həlak oldu. Ardınca ordumuzun mövqeləri müxtəlif çaplı silahlardan atəşə tutuldu. Ağdam və Şuşada baş verən terror aktları mülki şəxslərin həyatına son qoydu. Bu faktlar Azərbaycanın milli təhlükəsizliyinə qarşı açıq təhdid idi. Belə şəraitdə dövlətimizin cavab addımı zəruri idi".

Parlamentari qeyd edib ki, Azərbaycanın başladığı lokal xarakterli antiterror əməliyyatı beynəlxalq hüquqa tam uyğun idi, çünki məqsəd qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi, konstitusiya quruluşunun bərpası və mülki əhalinin təhlükəsizliyinin təmin olunması idi:
 "Əməliyyatın mühüm cəhəti onun qısa müddətdə və yüksək peşəkarlıqla icra edilməsidir. Cəmi 23 saat 43 dəqiqə ərzində Azərbaycan Ordusu düşmənin bütün əsas mövqelərini və texnikasını sıradan çıxardı. Lakin bütün bunlarla yanaşı, əməliyyatın humanist xarakteri xüsusi vurğulanmalıdır. Azərbaycan Ordusuna verilən əsas tapşırıq mülki əhalinin zərər görməməsi idi. Əhali SMS, səsgücləndirici və məlumat vərəqələri vasitəsilə xəbərdar edildi. Uşaqlara, qadınlara, qocalara və xəstələrə tibbi və sosial yardım göstərildi. Bu fakt beynəlxalq ictimaiyyət tərəfindən də etiraf olundu. Azərbaycan Ordusunun qətiyyətli əməliyyatları separatçıları təslim olmağa məcbur etdi. Sentyabrın 20-də saat 13:00-da erməni silahlı dəstələri ağ bayraq qaldıraraq atəşkəsə razılaşdı. Onlar silahı yerə qoyaraq Azərbaycan ərazilərini tərk etdilər. Bu, dövlətimizin ərazi bütövlüyünün tam təmin olunması istiqamətində həlledici addım oldu. Əməliyyatdan dərhal sonra Qarabağda uzun illər fəaliyyət göstərmiş qondarma separatçı qurumun süqutu baş verdi. Yevlaxda keçirilən görüşlərdə erməni icmasının nümayəndələri Azərbaycanın reinteqrasiya şərtləri ilə tanış oldular. Daha sonra, sentyabrın 28-də separatçı rejimin rəhbəri Samvel Şahramanyan qurumun ləğv edilməsi barədə sənəd imzaladı. Bu, yalnız hərbi deyil, həm də siyasi qələbə idi. Azərbaycanın illərdir davam edən haqlı mövqeyi tam reallığa çevrildi". 

Ş.Seyidzadə qeyd edib ki, əməliyyatdan bir ay sonra, 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Bayrağını qaldırdı:
 "Bu addım dövlətimizin suverenliyinin bütün ərazilərdə bərqərar olduğunu dünyaya nümayiş etdirdi. Ali Baş Komandanın çıxışları, xalqımıza ünvanladığı mesajlar bir daha sübut etdi ki, Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində güclü, qətiyyətli və öz sözünü deyən dövlətdir. 19-20 sentyabr əməliyyatı bir sıra mühüm siyasi nəticələr doğurdu. Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu, qeyri-qanuni erməni silahlı dəstələrinin mövcudluğu aradan qaldırıldı, separatçı rejim ləğv edildi, regionda sülh və sabitlik üçün real zəmin yarandı və Ermənistan rəhbərliyi və beynəlxalq ictimaiyyət bir daha Azərbaycanın suveren hüquqlarını tanımağa məcbur oldu. Ən əsası isə Azərbaycan xalqı öz dövlətinin gücünə, ordusunun peşəkarlığına və liderinin qətiyyətinə bir daha şahid oldu. Bu əməliyyat təkcə Azərbaycanın deyil, həm də regionun gələcəyi üçün mühüm ibrət dərsidir. O göstərdi ki, beynəlxalq hüquq normalarını pozmaq, terrorçuluğa əl atmaq və separatizmi dəstəkləmək nəticə vermir. Əksinə, dövlətlərin qətiyyətli mövqeyi qarşısında belə cəhdlər iflasa məhkumdur".
Chosen
18
1
sherg.az

2Sources