Bakı, 16 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin işğaldan azad olunmuş torpaqlara hər səfəri yeni bir tarixin, yeni bir həyatın və ümidlərin başlanğıcıdır. Dövlətimizin başçısının uzaqgörənliyinin, qətiyyətli və müdrik siyasətinin nəticəsində işğaldan azad olunmuş torpaqlarımızın dirçəlişi artıq reallığa çevrilib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.
O bildirib ki, xalqımızın ən böyük arzusu olan doğma Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış dinamik şəkildə davam etdirilir.
Günay Ağamalının sözlərinə görə, Böyük Qayıdış proqramının uğurla davam etdirilməsi bölgənin simasını dəyişir. Müasir şəhərlər, kəndlər, ağıllı kənd konsepsiyası, elektrik stansiyaları, hava limanları, yollar, tunellər və iqtisadi əsaslı digər proyektlərin hər biri məhz dövlətimizin siyasi-iqtisadi qüdrətinin təcəssümüdür. Bununla yanaşı, Şuşa, Xankəndi, Laçın kimi şəhərlərdə davamlı olaraq beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi regionun qlobal arenada siyasi beyin mərkəzi kimi tanıdılmasının mühüm komponentidir.
“Bu kontekstdə, Prezident İlham Əliyevin növbəti dəfə işğaldan azad olunmuş torpaqlara səfəri hər zaman olduğu kimi özünün möhtəşəmliyi və məhsuldarlığı ilə diqqət çəkir. Dövlətimizin başçısının Füzuli rayonunun Qaraxanbəyli kəndinin təməlinin qoyulmasında iştirakı, Hadrutda məscidin, Qarabağ Universitetinin Klinikasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışını etməsi, Xocavənd rayonunun Qırmızı Bazar, Hadrutd və Sos qəsəbələrinin, Xocalı rayonun Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd yaşayış massivlərində görülən işləri nəzərdən keçirməsi və sakinlərlə səmimi söhbətinin hər bir anı xalqımız üçün bir müjdədir. Tam əminliklə qeyd edə bilərəm ki, Prezident İlham Əliyevin düşünülmüş inkişaf strategiyası nəticəsində Qarabağ və Şərqi Zəngəzur təkcə ölkəmizin deyil, bütün regionun ən inkişaf etmiş bölgələrindən biri olacaq”, - deyə deputat vurğulayıb.