EN

İQTİSADİYYATDA CİDDİ PROBLEMLƏR VAR VƏ ONLAR DƏRİNLƏŞİR” – Ekspert gələn ilin büdcə proqnozlarını şərh etdi

Büdcədəki cüzi artım ölkənin qarşısında duran çağırışlara cavab vermir”

İqtisadçı, ReAL partyiyasının sədri Natiq Cəfərli Maliyyə Nazirliyinin 2026-cı il dövlət büdcəsinin ilkin parametrləri və 2026–2029-cu illər üzrə makroiqtisadi göstəricilərlə bağlı açıqladığı proqnozlara münasibət bildirib.

O deyib ki, rəsmi sənədlərə baxanda ilkin olaraq ölkədə iqtisadi mənzərənin, hətta hökumətin özünün belə gözləntilərinin yaxşı olmadığını görmək mümkündür. Natiq Cəfərli bildirib ki, 2026–2029-cu illər üzrə ÜDM artımı proqnozu belədir: 2026-cı ildə 2,9 %, 2027-ci ildə 3,3 %, 2028-ci ildə 3,1 %, 2029-cu ildə isə 4,8 %.

Ekspert vurğulayıb ki, hökumət 2025-ci ildə ÜDM artımını 3 % proqnozlaşdırmışdı, lakin ilin 8 ayı geridə qalaraq, artım cəmi 0,9 % olub.

Ekspertin sözlərinə görə, bu isə proqnozların reallıqdan daha çox arzulara və istəklərə əsaslandığını göstərir.

N.Cəfərli 2026-cı ilin büdcə proqnozlarını da şərh edib. O bildirib ki, həmin ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 423 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə cəmi 67 milyon manat və yaxud 0,2 % çoxdur. Natiq Cəfərli vurğulayıb ki, bu çox aşağı rəqəmdir və iqtisadiyyatda problemlərin olduğunu açıq göstərir.

Ekspert xərclərə də diqqət çəkib və bildirib ki, 2026-cı ildə dövlət büdcəsinin xərcləri 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 141 milyon manat və ya 0,3 % artımla 41 milyard 548,6 milyon manat proqnozlaşdırılır. O qeyd edib ki, büdcə gəlirlərindəki cüzi artım xərclərdə də mikroskopik artım yaradıb və bu artımlar ölkənin qarşısında duran çağırışlara cavab vermir.

Natiq Cəfərli bildirib ki, Maliyyə Nazirliyi yaxın 4 il üçün büdcə parametrlərində neftin orta qiymətini 65 dollar kimi götürmək və hesablamalarını bu qiymətlə aparmaq niyyətindədir. O vurğulayıb ki, hökumət çox optimist yanaşır: “Geosiyasi gərginliklər azalsa, sırf makroiqtisadi vəziyyətə, ABŞ və OPEK+ ölkələrin hasilatın artım dinamikasına görə, yaxın illərdə neft qiymətlərinin ortalama 60 dollardan aşağı olması ehtimalı çox yüksəkdir. Lakin hökumət daha yüksək qiymət ortalaması ilə hesablamalar aparır. Bunun səbəbi sadədir – neftin proqnoz qiymətlərinin hər 5 dollar aşağı götürüləndə büdcənin gəlir hissəsində ciddi azalmalar olur. Zatən büdcə gəlirləri demək olar ki, artmır; 2026-cı ildə cəmi 67 mln. artım proqnozlaşdırılır. Əgər 2026-cı ildə orta qiyməti 60 dollar götürsələr, büdcə gəlirləri 2025-ci ilə nisbətən azalacaq, xərclər isə az da olsa artmalıdır. Bu halda iki yol qalacaq – ya Neft Fondundan daha çox vəsait götürülməlidir, ya da büdcə kəsri kəskin artmalıdır. Ona görə də hökumət arzuladığı, görmək istədiyi qiyməti proqnoz parametrlərinə daxil edir”.

“Sözün qısası, 2026–2029-cu il proqnoz rəqəmləri və 2026-cı ilin ilkin büdcə göstəriciləri açıq-aydın göstərir ki, iqtisadiyyatda ciddi problemlər mövcuddur və onlar dərinləşir. Bir daha qeyd edim, bunu mən demirəm, hökumətin öz rəqəmləri, öz gözləntiləri deyir. Hətta ən optimist yanaşma ilə hesablayıblar, yenə də problemləri gizlətmək mümkün olmayıb”,- deyə Natiq Cəfərli vurğulayıb.

“AzPolitika.info”

Chosen
18
1
hurriyyet.az

2Sources