EN

Yeni "qurtuluş" trendi: İşlərini və əlaqələrini itirirlər, fəlakətdir

Narkomaniya və qumar asılılığı ilə mübarizə hər bir cəmiyyət üçün ciddi məsələdir. Reabilitasiya mərkəzlərinin çoxalması müsbət hal sayılsa da, onların fəaliyyət üsulu bəzən mübahisələr doğurur. Xüsusilə xəstələrin müalicə görüntülərinin sosial şəbəkələrdə yayılması etik suallar ortaya çıxarır.

Bəs görəsən, bu paylaşımlar doğrudanmı yaxşı iş deyil, yoxsa əksinə, asılılıqdan əziyyət çəkən insanlara motivasiya verə bilər?

Mövzu ilə bağlı Ölkə.az-a danışan klinik psixoloq Elyaz Bornak bildirib ki, son illərdə sosial şəbəkələrdə bəzi özəl reabilitasiya mərkəzləri asılılıqdan əziyyət çəkən insanların, xüsusilə də narkotik və qumar problemi yaşayanların görüntülərini açıq şəkildə paylaşmağa başlayıb:

"Hətta bəzi hallarda tanınmış şəxslərin müalicəsi “yeni həyatın başlanğıcı”, “qurtuluşa addım” kimi şüarlarla təqdim olunur. Amma bu cür yanaşmalar nə həmin insanlara, nə də cəmiyyətə real fayda verir. Əksinə, həm etik, həm də psixoloji baxımdan ciddi fəsadlar doğurur.

Birincisi, bu cür ifşalar insanların psixoloji cəhətdən kömək axtarma istəklərini öldürür. Çünki hər kəs bilir ki, üzü, kimliyi açıq şəkildə göstərilən insan, artıq sosial mühitdə damğalanacaq. Belə bir qorxu və utanc hissi ilə çoxları reabilitasiya mərkəzinə müraciət etməyə cəsarət etmir. Nəticədə onların vəziyyəti daha da ağırlaşır və asılılıqdan qurtulmaq imkanları azalır.

İkincisi, bu davranışların təsiri yalnız həmin şəxslərlə məhdudlaşmır. Onların ailələri, övladları, həyat yoldaşları və yaxınları da ictimai təzyiq altında qalır. Mən klinik psixoloq olaraq, müraciət edən gənclərin içində çox şahid olmuşam ki, atasının və ya qardaşının narkomaniya ilə bağlı videoları yayımlandığına görə utancdan sosial həyata qatıla bilməyib. Halbuki onların heç bir günahı yox idi. Bu vəziyyət ailələrin sosial, peşəkar və emosional həyatını alt-üst edir.

Üçüncüsü, kimliyi açıq şəkildə ifşa olunan insan artıq gələcəyə ümidini itirir. İş imkanlarını, ictimai hörmətini və ailə münasibətlərini itirmiş birinin müalicəyə motivasiyası qalmaz. Belə bir insan çox vaxt “artıq itiriləcək heç nəyim yoxdur” deyə düşünür və asılılığa geri dönməkdə daha cəsarətli olur. Bu isə yalnız həmin şəxsin yox, bütün cəmiyyətin təhlükəsizliyinə təhdiddir.

Dördüncüsü, Bu cür paylaşımlar həmin insanlarda dərin psixoloji travma yaradır. Həyatlarının ən zəif, ən köməksiz anında utancla yadda qalmaq, gələcəkdə həm müalicəyə, həm də mütəxəssislərə olan inamı zədələyir. Reabilitasiya mərkəzlərinin bu yanaşması, əslində, onların etibarlılığını da zədələyir. İnsanlar belə yerləri artıq “yardım” məkanı yox, “ifşa” məkanı kimi görür. Bu isə bütövlükdə psixoloji xidmətlərə olan etimadı azaldır".

Psixoloq qeyd edib ki, nəticə etibarilə, bu cür davranışlar insan hüquqlarının kobud şəkildə pozulmasıdır:

"Kimliyin ifşa edilməsi nə müalicəyə, nə də dəyişməyə kömək edir. Əksinə, vəziyyəti daha da fəlakətli edir. İnsan həm ailəsini, həm gələcək işini, həm də ictimai əlaqələrini itirir və belə bir şəxs artıq dəstək almaq istəmir.

Əgər biz həqiqətən kömək etmək istəyiriksə, həmin insanların insani dəyərini artırmalı, onlara təhlükəsizlik hissi bəxş etməliyik. Onlar hər hansı sürüşmə və ya yenidən istifadədən sonra belə, rahatlıqla mütəxəssisə müraciət edə bilməlidirlər.

Unutmayaq ki, hər nə qədər təhlükəsiz və dəstəkverici bir mühit yaratsaq, əslində öz cəmiyyətimizi də daha sağlam edirik. Bu, yalnız onların deyil, həm də bizim vicdanımızın rahatlığı deməkdir. Çünki asılı insanları damğalamaq və təhqir etmək, cəmiyyətə yeni problemlər qazandırmaqdan başqa heç nəyə yaramır".

Həmidə İbrahimova

Chosen
35
olke.az

1Sources