EN

Zəngəzurdakı quruculuğu dünyada hansı yerlərlə müqayisə etmək olar?...


Aydın Hüseynov: “Qarabağ və Şərqi Zəngəzurda gedən quruculuq işləri yalnız bənzətmələrlə izah edilə biləcək hadisə deyil”

“Qarabağda və Zəngəzurda gedən quruculuq dünyanın heç bir yerində yoxdur”.Bunu Prezident İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşdə bildirib.

Prezident sakinlərlə görüşən zaman deyib ki, bu gün biz bu gözəl Qarabağ diyarında yığışmışıq: “Bunun əsas səbəbi xalqımızın birliyidir və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə almasıdır. Ermənilər bizim torpaqlarımızı viran qoyublar. Sizin yaşadığınız kənd və şəhərləri yerlə-yeksan etmişdilər. Özlərinin yaşadıqları şərait elə idi ki, necə deyərlər, özünə hörmət edən insan heç vaxt orada yaşamazdı. Amma görün, biz beş il ərzində şəhərlər, kəndlər, körpülər, tunellər, su anbarları, elektrik stansiyaları qurmuşuq. Yəni, burada – Qarabağda və Zəngəzurda gedən quruculuq dünyanın heç bir yerində yoxdur. Əsas odur ki, Azərbaycan xalqı rahat yaşasın, xoşbəxt yaşasın, sülh içində yaşasın”.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsindən sonra Qarabağda aparılan tikinti, yenidənqurma işləri sürətli şəkildə icra edilir.

“Dünyanın müxtəlif yerlərində müharibədən sonrakı quruculuq əksər hallarda yalnız dağıntıların aradan qaldırılması ilə məhdudlaşır”

Millət vəkili Aydın Hüseynov “Bakı-Xəbər”ə şərhində qeyd etdi ki, Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işləri bu gün yalnız Azərbaycanın deyil, bütün dünyanın diqqət mərkəzindədir. Müharibədən çıxmış, illərlə dağıdılmış şəhər və kəndlərin qısa müddətdə bu qədər genişmiqyaslı bərpa prosesinə şahid olması nadir hallarda rast gəlinən hadisədir: “Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu miqyasda, bu sürətdə və bu qədər planlı şəkildə quruculuq işləri dünyanın heç bir yerində müşahidə olunmur. Bunu müqayisə etmək üçün müxtəlif nümunələr göz önünə gətirilə bilər. Məsələn, İkinci Dünya müharibəsindən sonra Avropada aparılan “Marşall planı” iqtisadi yüksəlişin simvoluna çevrildi. Lakin orada illərlə davam edən bərpa işləri Azərbaycanın cəmi bir neçə ildə həyata keçirdiyi yenidənqurma sürəti ilə müqayisədə daha ləng gedirdi. Və yaxud Yaxın Şərqdə müharibədən zərər görmüş bölgələrin bərpası hələ də davam edir, amma çox zaman siyasi və maliyyə problemləri səbəbindən gecikmələr yaşanır. Qarabağda isə həm dövlətin siyasi iradəsi, həm də milli həmrəyliyin gücü bu prosesi tamamilə fərqli bir müstəviyə çıxarıb.

Zəngəzur və Qarabağda tikilən yeni şəhərlər, müasir infrastruktur, yaşıl enerji layihələri, ağıllı kənd və ağıllı şəhər konsepsiyaları dünyanın ən inkişaf etmiş ölkələrində tətbiq olunan müasir yanaşmalarla ayaqlaşır, hətta bəzi hallarda onları qabaqlayır. Burada aparılan işlər sadəcə bərpa deyil, gələcəyin nümunəvi yaşayış məkanlarının yaradılmasıdır. Dünyanın müxtəlif yerlərində müharibədən sonrakı quruculuq əksər hallarda yalnız dağıntıların aradan qaldırılması ilə məhdudlaşır. Azərbaycanda isə məqsəd təkcə yenidən tikmək deyil, həm də regionu iqtisadi, sosial və texnoloji baxımdan tamamilə yeni bir mərhələyə qaldırmaqdır”.

Millət vəkilinin sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda gedən quruculuq işləri yalnız bənzətmələrlə izah edilə biləcək hadisə deyil. Bu, həm milli gücün, həm də dövlətin gələcəyə baxışının təcəssümüdür. Dünyanın müxtəlif bölgələrində bərpa nümunələri görünsə də, Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında gördüyü işlər miqyasına, sürətinə və məzmununa görə özünəməxsus bir modeldir və bu model artıq qlobal diqqət mərkəzindədir.

Günel CƏLİLOVA

Chosen
24
baki-xeber.com

1Sources