EN

Bakıda kişi alimentə görə həbs edildi

Bakının Nərimanov rayonunun sakini keçmiş həyat yoldaşına uzun müddət aliment ödəmədiyi üçün həbs edilib.


News24.az-ın əldə etdiyi məlumata görə, arvadından 7 il əvvəl boşanan 1980-ci il təvəllüdlü İ.Muradov (şərti) həmin vaxtdan etibarən aliment ödəməyib. O, 2 övladının  anasına illər ərzində yalnız bir neçə dəfə elektron qaydada cüzi məbləğlərdə pul ödəyib. 

 İ.Muradov eyni səbəbdən daha öncə də - 2023-cü ildə 10, 2024-cü ildə isə 20 günlük inzibati həbs edilib. Lakin bu tədbirlərə də baxmayaraq o, yenə də uşaqları üçün verməli olduğu borcu ödəməyib.

Bundan sonra İ.Muradov barəsində Cinayət Məcəlləsinin 306-cı (Məhkəmə qərarına icra etməmə) maddəsi ilə iş açılıb. İşə Nərimanov Rayon Məhkəməsində baxılıb. Məlum olub ki, yığılan aliment borcunun ümumi məbləği 8500 manatı keçib.


 İ.Muradovun uşaqlarının anası ifadəsində deyib ki, keçmiş əri qaynaqçı işləyir və onun maddi durumu aylıq 200 manat olan alimenti ödəməyə imkan verir.


Nərimanov Rayon Məhkəməsinin 12 sentyabr tarixində çıxardığı hökmlə İ.Muradov 9 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında qandallanaraq həbsxanaya göndərilib.

Yaşar Araz



Chosen
172
news24.az

1Sources