Mövzu ilə bağlı Bakupost.az-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, marqarin istehsalının artması əsasən, qiymət faktoru ilə bağlıdır, çünki o, kərə yağına nisbətən daha ucuzdur.
Onun sözlərinə görə, marqarinin tərkibində insan sağlamlığı üçün təhlükəli yağlar var:
"Marqarinlərdə yüksək miqdarda trans yağ var. Bu yağlar damarların sərtləşməsinə, ürək-damar xəstəliklərinə, xolesterol balansının pozulmasına (pis LDL-in artması, yaxşı HDL-in azalması) səbəb olur.
Marqarin bitki yağlarının süni olaraq bərkiməsi (hidrogenləşdirilməsi) nəticəsində alınır. Bu proses yağın təbii strukturunu dəyişdirir, həzmi çətinləşdirir və orqanizmdə metabolik pozğunluqlara gətirə bilər".
F.Səfərov qeyd edib ki, marqarinin daimi istifadəsi ürək-damar xəstəlikləri, piylənmə, insulin müqaviməti və hətta xərçəng riskini artıra bilər:
"Daimi marqarin istifadəsi damar divarlarında iltihabı artırır və ateroskleroz (damar tıxanması) riskini yüksəldir. Dünya Səhiyyə Təşkilatı trans yağların hər il milyonlarla insanın vaxtsız ölümünə səbəb olduğunu bildirir. Trans yağlarla zəngin qidalar qarın piylənməsini artırır və insulin müqavimətini gücləndirərək şəkərli diabet riskini yüksəldir. Həmçinin immuniteti zəiflədə, qaraciyərə əlavə yük sala bilər. Xərçəng riskini (məsələn, döş və prostat xərçəngi ilə əlaqə) artırdığına dair bəzi araşdırmalar da var"