EN

“Benfika”nın baş məşqçisi “Qarabağ”a məğlubiyyəti belə şərh etdi

style='margin-bottom:10px;'>

“Benfika”nın (Portuqaliya) baş məşqçisi Brunu Lage UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Qarabağ”a məğlubiyyəti (2:3) şərh edib.

QOL.az Portuqaliya mediasına istinadən yazır ki, oyundan sonra yerli “Sport TV”yə danışan Lage bunları deyib:

“İstədiyimiz nəticə bu deyildi. Oyuna çox yaxşı başladıq, ilk 30 dəqiqədə mükəmməl futbol oynadıq. Amma rəqibin ilk qolu bizi bir qədər oyundan saldı. Bundan sonra komandaya özünü tapmaq və oyunda qalmaq çətin oldu. Buraxdığımız iki qol bizə çox baha başa gəldi. Bizim kimliyimizə – necə müdafiə olunduğumuza, sıx oynamağımıza baxanda, bu səhvlər ağır nəticə verdi. Nəticə arzuladığımız kimi olmadı, bu da uğursuz bir axşam deməkdir”.

Baş məşqçi qolları da ayrıca təhlil edib: “İki dərin ötürmə ilə vəziyyət yarandı. Birincidə Dediç və Antonio (Silva) arasında böyük boşluq qaldı və top ordan keçdi. İkincidə isə müdafiə xətti irəli çıxdı, amma arxaya sızan rəqibi ofsayda sala bilmədi və qapımıza qol gəldi.”

Onun sözlərinə görə, bu səhvlər daha çox komandanın emosional şəkildə oyunu qazanmaq istəyi və yorğunluqla bağlı olub: “Əslində belə səhvlər olmamalı idi, amma oldu”.

Sonda Lage məğlubiyyətdən sonra komandaya mesajını çatdırıb:
“Komanda ayağa qalxmağı bacarmalıdır. Baş verənləri təhlil etməli, meydanda və meydandan kənarda yaşadığımız dönəmi yaxşı başa düşməli və ən qısa zamanda toparlanmalıyıq.”

Chosen
49
4
teleqraf.com

5Sources