"Formula-1" aləmində könüllüləri "yarış rəsmiləri" də adlandırırlar
"Formula-1" Azərbaycan Qran-prisi həyəcanına iki gün qalıb. Sürət həvəskarlarının səbirsizliklə gözlədikləri cari mövsümün 17-ci mərhələsinə də hazırlıq işlərinin ən yüksək səviyyədə görüldüyü diqqət mərkəzindədir.
Planetin bir nömrəli avtomobil yarışının təşkilində və keçirilməsində bir sıra adamlar xüsusi rol oynayırlar. Onların arasında marşallar (könüllülər) da var. Onları "Formula-1" aləmində "yarış rəsmiləri" də adlandırırlar.
Ümumiyyətlə, dünyada marşallıq sevimli məşğuliyyət kimi qəbul olunur. İnsanlar müxtəlif yarışlarda marşallıq edərək həm maraqlı vaxt keçirir, həm də yarışı yaxından izləmək şansı qazanırlar. Altı il əvvəl Bakı Şəhər Halqası əməliyyat şirkəti tərəfindən təsis edilmiş "Baku Marshals Club" marşallıq fəaliyyətinin bütün istiqamətlərinə dair tədbirlər təşkil edir, müsahibələr və təlimlər keçirir, eyni zamanda beynəlxalq marşal klubları ilə sıx əməkdaşlıq qurur. Marşallar yerinə yetirdikləri vəzifələrə görə aşağıdakı növlərə bölünürlər:
Sektor marşalları trek xəyali olaraq sektorlara bölünür və hər bir sektora nəzarət bir sektor marşalına və onun bir, yaxud iki müavininə tapşırılır. Onlar trek üzrə təyin olunduqları sahədə əsas səlahiyyətli nümayəndə hesab olunur və burada baş verən bütün hadisələrə görə məsuliyyət daşıyırlar.
Trek marşalları halqa boyunca nəzarət postlarında yer alan əsas simalardır. Onların bir çox vəzifələri var. Trek marşalları rəsmilər arasında ən çox məsuliyyət daşıyan şəxslərdir. Onların vəzifələrinə trekə daxil olub onu qalıqlardan təmizləmək, təhlükədə olan avtomobilləri itələmək və qəzadan sonra ərazini təmizləmək daxildir. Bu işi görə bilmək üçün zirəklik, komandada işləmək qabiliyyəti, dözümlülük və təcrübə tələb olunur.
Bayraq marşalları trek boyunca marşal məntəqələrində yarış iştirakçılarını bayraq vasitəsilə məlumatlandıran məsul şəxslərdir. Onların başlıca vəzifələri sürücülərlə bayraqlar vasitəsilə əlaqə qurub pilotları qarşıda olan təhlükə barədə məlumatlandırmaq, qəza anında mövqeyində qalaraq yolda baş vermiş təhlükə barədə xəbərdar etməkdir.
Rəqəmsal bayraq marşalları halqa boyunca müvafiq mövqelərdə yerləşdirilib digər bayraq marşallarının üzərinə düşən işi görürlər. Yeganə fərqləri bayraq əvəzinə displeydən istifadə etmələridir.
Start və finiş marşalları yarışı başlamaq və bitirmək üçün damalı bayraqlardan, elektron vaxt tablolarından və digər vasitələrdən istifadə edirlər. Onlar start və finiş xəttində müxtəlif bayraqları (qara bayraq, mexaniki bayraq və s.) göstərməyə görə cavabdehlik daşıyırlar. Yanğınsöndürmə və xilasetmə marşalları yanğınsöndürmə üzrə geniş təcrübə əldə ediblər. Onlar tədbir zamanı bütün yanğın və xilasetmə işlərinə görə cavabdehlik daşıyırlar.
Tibbi marşalların xidmətinə həkim heyəti (həkimlər, orta təhsilli tibb işçiləri, tibb bacıları və s.), avadanlıq və nəqliyyat vasitələri, trekdə təxirəsalınmaz kömək, yaralıların daşınması, tibbi mərkəz, kommunikasiya sistemi, əvvəldən təyin olunmuş xüsusi xəstəxanalar daxildir.
Texniki təftiş marşalları gündəlik olaraq hər bir avtomobili, o cümlədən qəzaya uğramış avtomobilləri təftiş edərək onların təhlükəsizlik və uyğunluq tələblərinə cavab verdiyini müəyyən edirlər.
Pit və sıra düzülüşü marşalları hər bir tədbirdən əvvəl start düzülüşünü qururlar. Onların vəzifələrindən biri tədbir zamanı pit xəttindəki nəqliyyat vasitələrini və insanları yönləndirməkdir. Bərpa üzrə marşallar sırasına evakuator avtomobillərinin heyəti və onların köməkçiləri daxildir. Onların vəzifəsi tədbir zamanı və tədbirdən sonra sıradan çıxmış və hərəkətsiz qalmış avtomobilləri trekdən uzaqlaşdırmaqdır.
Kommunikasiya üzrə marşallar rabitəçi və ya müşahidəçilər kimi tanınırlar. Onlar hər bir marşal postuna təyin edilir, baş verənləri müşahidə edir, yarışa nəzarət otağına xüsusi audio rabitə kanalları vasitəsilə məlumat ötürürlər.
Hüdudlar üzrə marşallar isə halqa boyu çətin vəziyyətdə qalmış sürücülərə kömək etmək və onları yubanmadan pitlərə aparmaqdır.
Logistika və marşalların təchizatı könüllülərinin vəzifəsi digər marşalları tədbirdən əvvəl və tədbir zamanı yemək, su, avadanlıq, dəftərxana ləvazimatı, radio qurğuları və geyimlə təmin etməkdir.
Elçin CƏFƏROV,
"Azərbaycan"