Alibaba-nın qurucusu Cek Ma uzun müddət Çin hakimiyyətinin texnologiya nəhənglərinə qarşı kampaniyasını gözləmə mövqeyində keçirdikdən sonra şirkətin idarəçiliyinə qayıdıb. Bu barədə Bloomberg məlumat yayıb.
Banker.az-ın məlumatına görə, onun şirkətə nə vaxt və hansı formada qayıtdığı dəqiq bilinmir. Rəsmi vəzifəsi də, çox güman, olmayacaq. Alibaba-nı hələ də onun təyin etdiyi menecerlər — Co Tsay və Eddi Vu idarə edir. Lakin agentliyin məlumatına görə, bu il məhz Cek Ma platformadakı satıcılara 50 milyard yuan (təxminən 7 milyard dollar) həcmində subsidiya ayrılması qərarını verib. Məqsəd alıcıları əsas rəqiblər — JD və Meituan-dan cəlb etməkdir. Bundan başqa, Cek Ma süni intellektin inkişafını fəal şəkildə irəli aparmağı planlaşdırır.
Xatırladaq ki, Cek Ma 2020-ci ildə Szinpin administrasiyası və maliyyə tənzimləyiciləri ilə açıq qarşıdurmaya girmişdi. Ardınca hökumət Ant Group-un təxminən 35 milyard dollarlıq IPO-sunu dayandırdı və sahibkar kəskin şəkildə mediada tənqid olundu. Həqiqi repressiyalar olmasa da, Ma ölkəni tərk etmişdi. Onun “qara siyahı”dan çıxdığının əsas işarəsi isə bu ilin fevralında Szinpinlə əl sıxması oldu. Bloomberg qeyd edir: “İndi ondan daha təvazökar davranış gözlənilir. Artıq Davosda panel müzakirələr aparan və Afrikada istedad şousunun münsiflərində əyləşən Cek Ma yoxdur.”
Bloomberg-in yazdığına görə, Çin bazarı tamamilə dəyişib və Alibaba-da narahatlıq var ki, biznes-idola çevrilmiş qurucu bunu tam dərk etmir. Şirkət ən parlaq dövründə bazarın 85%-ni əlində saxlayırdı, indi isə bəzi sahələrdə geridə qalır. Məsələn, yemək çatdırılmasında Alibaba-nın payı 43%, rəqib Meituan-ın isə 47%-dir.
Cek Ma-nın qayıdışı investorlar tərəfindən birmənalı qarşılanmaya bilər. Onları Tsay-Vu dueti də qane edirdi. Üstəlik, nəhəng subsidiyaların antimonopoliya qurumlarının xoşuna gəlməsi çətin görünür. Taksi servisi Kuaidi Dache-nin təsisçisi Çen Veysin belə şərh edib: “Yəqin düşündü ki, kölgədən çıxmaq və Meituan-la mübarizə aparmaq vaxtıdır. O, hələ də özünü baş rolda gördüyü döyüş filmindəki kimi yaşayır.”