EN

Suverenliyin bərpası Azərbaycanın milli gücünün ifadəsidir



Dövlət suverenliyi – dövlətin ali və qeyri-məhdud səlahiyyətə malik, daxili və xarici siyasətdə tam müstəqil olması deməkdir. Bu, xalqın öz taleyini sərbəst müəyyənləşdirməsi və milli maraqlarını qoruması üçün əsas hüquqi-siyasi təminatdır. Suverenliyin mövcudluğu həm də beynəlxalq münasibətlərdə bərabərhüquqlu tərəf kimi çıxış etməyə imkan yaradır.

1990-cı illərin əvvəllərindən Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə hərbi təcavüz etmiş, Qarabağ və ətraf rayonlar uzun müddət işğal altında saxlanılmışdır. Bu dövrdə yüz minlərlə soydaşımız doğma yurd-yuvasından didərgin düşmüş, şəhər və kəndlərimiz dağıdılmış, tarixi-mədəni irsimizə ciddi zərər dəymişdir. İşğalçı siyasət həm də milli kimliyimizə, dövlətçiliyimizə və xalqımıza qarşı davamlı və təhlükəli təhdid yaratmışdır. Beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə baxmayaraq, həmin dövrdə bu problemlər həll edilməmiş və hüquqi əsaslar uzun müddət kağız üzərində qalmışdır.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi ordumuzun gücünü, yüksək döyüş qabiliyyətini və xalqımızın iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu müharibə nəticəsində işğal altında olan torpaqlarımızın böyük hissəsi azad edildi, Kəlbəcər, Ağdam və Laçın rayonlarından düşmən qüvvələri çıxarıldı. Tarixi Zəfər həm də xalqımızın birlik və həmrəyliyinin nümayişi oldu.

44 günlük müharibədən sonra Ermənistanın separatçı siyasəti və Laçın dəhlizi üzərindən silah daşınması dövlət suverenliyimizə birbaşa təhlükə yaradırdı. Azərbaycan qətiyyətli addım ataraq, 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurdu. Həmin il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində qondarma rejim özünü buraxdı və ölkəmizin bütün ərazilərində dövlət suverenliyi təmin olundu. Bu genişmiqyaslı əməliyyat dövlətçiliyin möhkəmləndirilməsi və tarixi ədalətin bərpası baxımından böyük əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si ölkəmizdə Dövlət Suverenliyi Günü qeyd olunur. Bu qərar Azərbaycan xalqının uzun illər ərzində müstəqillik uğrunda apardığı mübarizənin, ərazi bütövlüyünün qorunması və dövlətçiliyin möhkəmləndirilməsi sahəsində qazandığı tarixi nailiyyətlərin rəsmi şəkildə təntənəsi deməkdir. Dövlət Suverenliyi Gününün təsis edilməsi həm də ölkəmizdə hüquqi və siyasi sabitliyin təmin olunması baxımından mühüm addım kimi dəyərləndirilir. Azərbaycan Prezidentinin vurğuladığı kimi, hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir: “Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”.

Cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətçiliyin möhkəm siyasi əsaslarını və suverenliyin qorunmasında hüquqi çərçivəni daha da gücləndirir. Bu addımlar Azərbaycanın müasir dövrdə milli qanunvericilik sistemini təkmilləşdirmək, dövlət orqanlarının fəaliyyətinin effektivliyini artırmaq və vətəndaşların hüquq və azadlıqlarını təmin etmək istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətin davamıdır. “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən tədbirlər və proqramlar dövlət idarəçiliyində şəffaflığın və demokratik prinsiplərin möhkəmlənməsinə, həmçinin vətəndaş cəmiyyəti institutlarının uğurlu fəaliyyətinə töhfə verir. Həmçinin, bu Sərəncam xalqımızın milli iradəsini və ölkəmizin suverenliyinə qarşı yönələn bütün təhdidlər qarşısında nümayiş etdirdiyi qətiyyəti hüquqi müstəvidə təsdiq edir.

Bu gün Azərbaycan dövləti tam suverenliyə malikdir, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi fonunda daxili sabitlik daha da möhkəmlənmişdir. Dövlət suverenliyi xalqımızın milli birliyinin və dövlətçiliyə sadiqliyinin qəti ifadəsi olmaqla yanaşı, ölkəmizin gələcək inkişafını təmin edən əsas amildir. Suverenlik, həmçinin ölkəmizin beynəlxalq aləmdə mövqeyini gücləndirir, digər dövlətlərlə münasibətlərdə və beynəlxalq təşkilatlarla əməkdaşlıqda etibarlı tərəf kimi çıxış etməsinə imkan yaradır.

Dövlət suverenliyi və müstəqilliyin qorunması istiqamətində görülən işlər, Vətən müharibəsində qazanılmış tarixi Zəfər və antiterror tədbirləri Azərbaycanın dayanıqlı inkişaf strategiyasının ayrılmaz tərkib hissəsidir. Bu addımlar xalqımızın milli birliyini və gələcək nəsillərə dövlətçilik ənənələrini çatdırmaq məqsədini daşıyır.

Asif Əsgərov
Milli Məclisin deputatı



Chosen
24
5
aia.az

6Sources