Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Şimali Afrika ölkəsinin vətəndaşını Ukrayna hərbi kəşfiyyatına casusluq etməkdə şübhəli bilərək saxlayıb.
Herbiand.az bildirir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.
“Federal Təhlükəsizlik Xidməti Şimali Afrika ölkəsinin Həştərxanda qeydiyyatda olan və yaşayan vətəndaşının qanunsuz fəaliyyətini dayandırıb. O, FTX əməkdaşları tərəfindən saxlanılıb”, - məlumatda deyilib.
FTX-nin məlumatına görə, əcnəbi vətəndaş Telegram messencerində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşı ilə sabit əlaqə qurub: “Onun göstərişi ilə cinayətkar Həştərxanda yerləşən hərbi obyektlər və mühüm infrastruktur obyektləri haqqında məlumatları Rusiya Federasiyasının təhlükəsizliyinə zərər vurmaqla xarici kəşfiyyat xidmətlərinin sonradan istifadəsi üçün toplayaraq ötürüb”.
Saxlanılan şəxsə qarşı Rusiya Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə cinayət işi açılıb. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Bəxtiyar CƏFƏRLİ