Qazaxda 60 yaşlı kişi həmkəndlisini vurdu
Qazax rayonunda 60 yaşlı kişi həmkəndlisinə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 2022-ci ilin sentyabrın 4-də rayonunun kəndlərindən birində baş verib.
Kənd sakini, 1965-ci il təvəllüdlü Aslan yaşadığı kəndin kənarında olan heyvanların otarılması üçün nəzərdə tutulmuş örüş sahəsində torpaq sahəsinə görə əvvəlcədən aralarında yaranmış mübahisə zamanı həmkəndlisi İlqarın (adlar şərtidir – red.) sağ ayağına yaba ilə qəsdən bir dəfə vurub.
Hadisəni törədən Aslanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, zərərçəkmiş İlqar həmkəndlisi və qohumudur:
“Kənd bələdiyyəsindən torpağı icarəyə götürərək heyvanlarımı həmin ərazidə otarıram. Mənim torpağımın yaxınlığında zərərçəkmiş şəxsin də torpaq sahəsi var. İlqar həmin torpaqdan əsassız istifadə etdiyim üçün həmin torpaqdan istifadə etməməyimi dəfələrlə dedi. Bu səbəbdən aramızda narazılıq yarandı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, sentyabrın 4-də, saat 18 radələrində kəndin kənarında olan heyvanların otarılması üçün örüş sahəsində İlqar heyvan otardığı vaxt ona tərəf gedib:
“Orada əvvəlcə sözlə qeyd olunan torpaq sahəsi ilə bağlı mübahisə etdik. Mən də əlimdə olan yaba ilə onun ayağına vurdum. Sonradan əməlimdən peşman oldum”.
Bu cinayət işinə Qazax Rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasının, zərərçəkənin şikayətini geri götürməsini nəzərə alıb. Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az