EN

Paşinyan Alen Simonyanın qələmini qırdı

BAKI, 17 sentyabr. TELEQRAF

Ermənistanın hakim partiyası “Vətəndaş Müqaviləsi” növbəti seçkilərdə qələbə qazansa, Alen Simonyan parlamentin sədri olmayacaq.

Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr yazıb ki, partiyanın sentyabrın 20-də keçiriləcək qurultayı yaxınlaşdıqca komanda və İdarə Heyəti üzvləri arasında gərginlik artır:

“Qurultayda seçiləcək yeni İdarə Heyəti növbəti seçkilər üçün siyahıda öz yerlərini sığortalanacaq. Buna görə də İdarə Heyətinə seçkilərdə mümkün qədər çox səs toplamaq ölüm-dirim məsələsinə çevrilib. Əldə etdiyimiz məlumata görə, xüsusilə əsas partiya üzvləri narahatdırlar, Nikol Paşinyan onları yeni İdarə Heyətində görmək istəmir.

Paşinyan partiyanın veteranlarını gənc və itaətkar kadrlarla əvəz etməyə meyllidir. Bizə deyilənə görə, birinci sırada parlamentin sədri Alen Simonyan və İrəvan meri Tiqran Avinyan dayanır. Bununla belə, “Vətəndaş Müqaviləsi” üzvləri onların seçiləcəyinə əmindir, ona görə də Paşinyanın yaxın ətrafı fəal şəkildə təbliğat aparır ki, ən azı mümkün qədər az səs toplasınlar.

Paşinyan Tiqran Avinyanla bağlı həmişə ehtiyatlı davranıb, onun itaətsizlərdən biri olduğunu deyib. Alen Simonyana gəlincə, hakim partiyanın üzvləri onun liderin rəğbətini necə qazandığını söyləməkdə çətinlik çəkirlər, çünki o, Paşinyana sözsüz xidmət edib”.

Chosen
34
teleqraf.com

1Sources