EN

Könüllülük gənclərin gələcəyini necə dəyişir? -

Könüllülük hərəkatı Azərbaycanda gənclərin sosial fəallığının, vətəndaş məsuliyyətinin və milli-vətənpərvərlik ruhunun inkişafında mühüm rol oynayır. Bu hərəkat dövlətin dayanıqlı inkişaf strategiyasına töhfə verməklə yanaşı, gənclərin cəmiyyətə inteqrasiyasını və sosial innovasiyalara cəlb olunmasını da təmin edir. Prezident İlham Əliyevin 2020-ci ili “Könüllülər İli” elan etməsi göstərdi ki, könüllülük həm gənclərin fərdi inkişafına, həm də ölkənin dayanıqlı gələcəyinə töhfə verən strateji dəyərdir. Ölkəmizdə könüllülük hərəkatının inkişafında “ASAN xidmət” könüllülərinin xüsusi rolu var. Onlar təkcə dövlət xidmətlərinin göstərilməsi sahəsində deyil, həm də respublikamızda keçirilmiş mötəbər beynəlxalq tədbirlərdə fəallıq nümayiş etdirirlər. “ASAN xidmət” könüllüləri I Avropa Oyunları (2015), IV İslam Həmrəyliyi Oyunları (2017), Formula 1 Azərbaycan Qran-Prisi, müxtəlif ekoloji və humanitar layihələrdə, eləcə də BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu (2016) və COP29 çərçivəsində keçirilmiş tədbirlərdə yüksək xidmət göstərərək Azərbaycan könüllülük hərəkatının nüfuzunun möhkəmlənməsinə mühüm töhfə verirlər. “ASAN Könüllüləri” Təşkilatının sədri Anar Musaev Metbuat.az-a açıqlamasında bildirib ki, könüllülük fəaliyyəti gənclərin sosial fəallığının artmasında mühüm rol oynayır. O qeyd edib ki, gənclər könüllü olaraq cəmiyyətə fayda verməklə yanaşı, özlərinin də şəxsi inkişafına böyük töhfə qazandırırlar: “Könüllülük onlara praktiki bacarıqlar əldə etmək, komanda ruhunda işləməyi öyrənmək və liderlik keyfiyyətlərini inkişaf etdirmək imkanı yaradır. Eyni zamanda, burada qazandıqları təcrübə onların karyera həyatına daha düzgün addım atmalarına imkan yaradır və dünyagörüşlərini genişləndirir. Könüllülük gənclərə sosial məsuliyyət hissi aşılamaqla onları daha aktiv, vətənpərvər və cəmiyyət üçün dəyərli vətəndaşlara çevirir. Ümumiyyətlə, dövlət qurumlarının könüllülüyə verdiyi dəstək cəmiyyət üçün böyük əhəmiyyət daşıyır. Bu dəstək vasitəsilə könüllülük fəaliyyətləri sistemli, davamlı və geniş miqyaslı həyata keçirilir. Dövlət qurumlarının resursları və hüquqi dəstəyi gənclərin fəallığını artırır və onların layihələrinin uğurla reallaşmasına imkan yaradır. Bundan əlavə, dövlət dəstəyi cəmiyyətin müxtəlif təbəqələrində könüllülük mədəniyyətinin formalaşmasına şərait yaradır və sosial layihələrin daha çox insana çatmasını təmin edir. Nəticədə, bu həm gənclərin, həm də cəmiyyətin inkişafına töhfə verir və sosial birliyimizi daha da gücləndirir”. 10 ildən artıq fəaliyyət göstərən təşkilatın əsas meyarlarını barədə danışan Anar Hüseynov vurğulayıb ki, “ASAN Könüllülər”i gənclərə davamlı inkişaf və təcrübə imkanları təqdim edərək onların təşəbbüskarlığını dəstəkləyib, cəmiyyət üçün dəyər yaradan innovativ layihələr həyata keçirir: “Dövlət və beynəlxalq tərəfdaşlarla qurulan güclü əməkdaşlıq, şəffaf idarəçilik və hər bir könüllünün səsinin qiymətləndirilməsi bu hərəkatın möhkəm təməlini təşkil edir. Nəticədə, təşkilat yalnız gənclərin sosial fəallığını artırmır, eyni zamanda cəmiyyətin inkişafına və faydalı təşəbbüslərin davamlılığına güclü töhfə verir.ASAN könüllüsü olmaq gənclərə bir çox sahələrdə peşəkar kimi formalaşmaq üçün geniş imkanlar verir. Təşkilat çərçivəsində gənclər beynəlxalq layihələrdə iştirak edərək qlobal təcrübə qazanır, müxtəlif mövzularda təlimlərdə bilik və bacarıqlarını artırırlar. Sosial proqramlarda aktiv iştirak isə onlara həm praktiki təcrübə qazandırır, həm də cəmiyyət üçün faydalı layihələrdə rol almaq imkanı yaradır. Xüsusilə qeyd etmək istərdim ki, ASAN könüllülərinin məşğulluğuna dəstək göstərmək məqsədilə karyera mərkəzi fəaliyyət göstərir. “ASAN Kadr” karyera platforması vasitəsilə artıq 3,500-dən çox gənc öz peşəkar fəaliyyətinə başlayaraq əmək bazarına uğurla inteqrasiya olunub. Bu imkanlar gənclərin liderlik, kommunikasiya və komanda bacarıqlarını inkişaf etdirir, onların gələcək karyerası üçün möhkəm təməl yaradır və onları cəmiyyətdə fərq yaradan aktiv vətəndaşlara çevirir”. “Miqrasiya Könüllüsü” İctimai Birliyi 2019-cu ildə Dövlət Miqrasiya Xidmətinin təşəbbüsü ilə yaradılıb.Birliyin əsas məqsədi gənclərin şəxsi inkişafına dəstək göstərmək, onları yeni bilik və bacarıqlarla təmin etməklə ictimai fəaliyyətə cəlb etməkdir. Miqrasiya Könüllüləri müxtəlif intellektual, sosial və humanitar layihələr həyata keçirərək minlərlə gənci birləşdirən və ölkəmizdə könüllülük hərəkatının inkişafına mühüm töhfə verən bir təşkilatdır. “Miqrasiya Könüllüsü” İctimai Birliyinin sədri Şəbnəm İbrahimli mövzu ilə bağlı Metbuat.az-a açıqlama verib. O bildirib ki, Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının göstərdiyi dəqiqlik, ciddilik və öyrətdikləri təcrübə onun üçün çox faydalı olub: “Mən bunu deməkdən heç vaxt çəkinmirəm: “Protokola uyğun hərəkət etməyi və rəsmi üslubu” məhz orada öyrəndim. Bizim könüllülərin hamısı gənclər idi, idarə heyəti də gənclərdən ibarət idi. Amma eyni zamanda biz Dövlət Miqrasiya Xidmətinin əməkdaşları ilə işləyirdik. Yəni ictimai əlaqələr şöbəsindən tutmuş, ən yüksək dairələrə qədər hər kəslə əməkdaşlıq etmişik. Bizim onlarla ən yaxın təmaslarımız olub. Hətta adi ünsiyyət, oturub-durmaq, danışmaq qaydalarını belə öyrənirdik. Məsələn, müəyyən yüksək vəzifəli şəxs ofisimizə daxil olanda artıq bilirdik ki, həmin anda nə etmək lazımdır. Ora başlayanda bu qədər məlumatım yox idi. Açığı, mən başqa yerdə bunu öyrənə bilməzdim. Bu elə bir bacarıqdır ki, sadəcə televiziyaya baxmaqla və ya kitab oxumaqla qazanmaq mümkün deyil. Onu yalnız praktika və real mühitdə əldə etmək olar. Könüllü fəaliyyətim sayəsində elə layihələrdə iştirak imkanım oldu ki, bəlkə də televizorda görsəm, heç təsəvvür etməzdim. Bir lider kimi necə davranmağı, fikrini necə düzgün ifadə etməyi də məhz orada öyrəndim. Sadə bir layihə ilə bağlı müzakirə aparanda başa düşdüm ki, insan öz fikrini necə doğru ifadə etməli, necə düzgün düşünməli və vaxtını necə səmərəli idarə etməlidir. Mənim əvvəl uğursuz olduğum müsahibələrdə səbəblərdən biri vaxt idarəçiliyində zəifliyim idi. Mən bunu etiraf edirəm. Amma sonradan elə vəziyyət oldu ki, biz bir tədbir üçün bir–iki həftəlik hazırlıq prosesi aparanda xidmət əməkdaşları bizə hər şeyi izah edirdilər. Onda başa düşdüm ki, bir dəqiqənin belə hökmü var. Bir dəqiqə gec qalmaqla və ya bir dəqiqə tez reaksiya verməklə çox şey dəyişə bilər. Qonağı bir dəqiqə tez qarşılamaqla, ya da sualı bir dəqiqə sonra verməklə böyük fərq yaranır. Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının bizə göstərdiyi dəqiqlik, ciddilik və öyrətdikləri təcrübə mənim üçün çox faydalı oldu”. Könüllülüyün gənclərə həm intellektual çeviklik, həm də praktiki təcrübə qazandırdığını qeyd edən Şəbnəm İbrahimli düşünür ki, gələcəkdə bu bacarıqlar əmək bazarında fərqləndirən ən güclü üstünlük hesab olunacaq: “Könüllülük insana sadəcə əmək təcrübəsi yox, həm də həyat təcrübəsi qazandırır: paylaşmağı, komanda ilə işləməyi, dostunun yerinə daha çox işləməyi, sonra da onun sənin əvəzini verməsini, bir işi birlikdə həll etməyi öyrədir. Bir layihədən sonra könüllü komandası ilə oturub sadə bir stəkan çay içmək belə insana böyük həvəs verir. O hissi heç bir maaş əvəz edə bilməz. Mənim üçün könüllülük həm şəxsi inkişaf, həm də mənəvi dəyərdir. Könüllülükdə çətinliklər çox olur. Bəzən saatlarla ayaq üstə qalmalı olursan, bəzən sənə deyilən tapşırığı tam başa düşmürsən, öyrənənə qədər gərginlik keçirirsən. Bəzən də hansısa işi düzgün görmürsən və özün hiss edirsən ki, nəsə düz etməmisən. Amma heç vaxt bu səbəbdən kənarlaşdırılmırdıq. Əksinə, bizə öyrədilirdi, izah olunurdu. Mənim üçün güzəşt o demək deyildi ki, səhvin üstündən göz yumsunlar. Güzəşt o idi ki, “bacarmıram, amma öyrənmək istəyirəm” dedikdə bizə imkan verirdilər ki, başa düşək və öyrənək. Əgər vaxt vardısa, izah olunurdu, yox əgər vaxt yox idisə, növbəti dəfə öyrədilirdi. Bu da bizə göstərirdi ki, əsl inkişaf məhz səhvlərdən öyrənməklə baş verir. Yəni könüllü artıq hazırlanmış bir kadr rolunu alır. Universiteti qırmızı diplomla bitirən bir gənc təcrübəsizdirsə, könüllülükdə iştirak edən gənc deyir ki, “mənim real təcrübəm var”.
Sədr xatırladıb ki, “Miqrasiya Könüllüsü” İctimai Birliyi fəaliyyətə başladığı ilk gündən etibarən təşkilat gənclər arasında böyük maraq doğurub. Bu günə qədər 10 mindən çox gənc Miqrasiya Könüllülüyünə üzv olmaq üçün qeydiyyatdan keçib. Birlik hazırda yeddi departament üzrə 24 nəfərlə təmsil olunur və bu fakt göstərir ki, çox qısa zamanda geniş miqyasda gəncləri öz ətrafında birləşdirə bilib. Müsahibimiz qeyd edib ki, Miqrasiya Könüllülüyü yalnız bu layihələrlə kifayətlənməyib, həm də bir sıra qrant proqramlarında uğur qazanıb. Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Kəşf-et öyrət”, “PR Məktəbi”, “Hüquq və Gənc Hüquqşünaslar”, “Diplomatiya: Müasir Trendlər” kimi mühüm layihələr reallaşdırılıb. Qısa müddətdə həm yerli, həm də beynəlxalq səviyyədə gənclərin inkişafına xidmət edən bu təşəbbüslər “Miqrasiya Könüllüsü” İctimai Birliyinin gənclər arasında nüfuzunu daha da artırıb və təşkilatı ölkənin ən fəal könüllü hərəkatlarından birinə çevirib. Gülbəniz Hüseynli / Metbuat.az Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi" mövzusu üzrə dərc olunub.

Chosen
12
metbuat.az

1Sources