EN

Səssiz qatil Avropada 16 min insanın həyatına son qoydu

Mütəxəssislər bu yay Avropada iqlim dəyişikliyi səbəbindən neçə nəfərin öldüyünü hesablayıb.

Sherg.az xəbər verir ki, iyun - avqust ayları arasında baş verən 24 min 400 istiliklə bağlı ölümün 16 min 500-nə istixana qazlarının yaratdığı həddindən artıq istilər səbəb olub.

Hələ ekspert rəyi üçün təqdim olunmamış və "The Guardian"da dərc edilən xəbərdə iqlim pozulmasının şəhərləri orta hesabla 2,2 dərəcə daha isti etdiyi və ölüm göstəricilərini artırdığı ortaya çıxıb.

"Imperial College London"un iqlim alimi Friederike Otto deyib: 

“Fosil yanacaq istehlakından qalxan istiyə və artan ölüm göstəricilərinə gedən səbəbiyyət zənciri danılmazdır. Əgər son onilliklərdə fosil yanacaqlardan istifadəni davam etdirməsəydik, Avropada təxmin edilən 24 min 400 nəfərin çoxu bu yay ölməzdi”.

Tədqiqatçılar ilin ən isti aylarındakı həddindən artıq ölüm göstəricisini modelləşdirmək üçün temperatur və ölüm arasındakı yerli əlaqələri araşdırıblar. Nəticələrə görə əlavə istilik təxmin edilən ölümlərin 68 faizinə cavabdehdir. Ölərlərin 85 faizinin 65 yaşdan yuxarı, 41 faizinin isə 85 yaşdan yuxarı olduğu müəyyən edilib.

Tədqiqatın həmmüəlliflərindən Garyfallos Konstantinoudis deyib: “İstiliklə bağlı ölümlərin böyük əksəriyyəti mövcud sağlamlıq problemləri olan insanların evlərində və xəstəxanalarda baş verir. Lakin ölüm sənədlərində istilik nadir hallarda qeyd olunur”.

Həddindən artıq istilərdə həyatını itirənlər arasında diqqətçəkən hallar da olub. İspaniyanın La Rambla şəhərində yaşayan 77 yaşlı keçmiş bələdiyyə üzvü Manuel Ariza Serrano 45 dərəcəyə çatan istilərdə gəzinti zamanı halı pisləşərək vəfat edib. İtaliyada isə 47 yaşlı dörd uşaq atası Brahim Ait El Hajjam Bolonya yaxınlığında tikintidə beton tökərkən həyatını itirib.

Mütəxəssislər isti dalğalarının qasırğa və ya leysan yağışlar qədər təhlükəli olduğunu, lakin hələ də kifayət qədər ciddi qəbul edilmədiyini vurğulayırlar.

Avropa şəhərlərinin 2003-cü ildə 70 min nəfərin ölümünə səbəb olan isti hava dalğası ilə müqayisədə daha hazırlıqlı olduğu bildirilsə də, səhiyyə sistemlərinin artan istilik və yaşlanan əhali qarşısında çətinlik çəkdiyi qeyd olunur.

Tədqiqata daxil olmayan "Vellcome" təşkilatından adaptasiya mütəxəssisi Madeleine Thomson isə deyib: 

“Avropada heç bir şəhər həddindən artıq istilikdən qaynaqlanan ölümlərə qarşı immun deyil. İndi hərəkətə keçməsək, bədəli daha da artıq olacaq. Fosil yanacaqların istifadəsi təcili şəkildə azaldılmalı və ən risk altındakıları qoruyacaq siyasətlər həyata keçirilməlidir”.
Chosen
41
sherg.az

1Sources