EN

Tarixi qələbə öz yerində, Qarabağ ın ortaya qoyduğu futbol... Füzuli Məmmədov

Fanat saytından alınan məlumata görə, ain.az bildirir.

Dünən "Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turu çərçivəsində Portuqaliyada "Benfika"nı məğlub etdi. İlk 16 dəqiqədə qapısında 2 qol görən Ağdam təmsilçisi sonradan toparlandı və inanılmaz geridönüşlə gecəyə damğa vurdu - 3:2. "Neftçi"nin və 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Füzuli Məmmədovla əlaqə saxlayıb tarixi qələbəni şərh etməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu: 

"Çempionlar Liqası top komandaların iştirak etdiyi turnirdir. "Benfika"nın əvvəlki oyunlarını da izləmişdik. Yüksək intensivlikdə pressinq tətbiq edən, topu qazandıqdan sonra çox sürətli keçidlərə üstünlük verən komandadır. Əlbəttə ki, Portuqaliya klubunun taktika anlayışı da olduqca yüksəkdir. Hamımız bilirdik ki, oyun "Qarabağ" üçün çətin alınacaq. Meydan sahibləri ilk dəqiqələrdən pressinq tətbiq etdilər. Davamlı basqı sayəsində komandamızın bəzən topu itirməsi başadüşüləndir. Belə həmlələrin birində künc zərbəsi qazanaraq hesabı açdılar. Buraxdığımız ikinci qola gəlincə, "Qarabağ" üçüncü zonada pressinq edərkən rəqib təzyiqdən qurtularaq sürətli keçid etdi və qapımıza yol tapdı. Bundan sonra bəlkə də hər kəs "Qarabağ"ın oyundan "qopacağını" düşünürdü. Amma Azərbaycan çempionu beynəlxalq təcrübəyə malik keyfiyyətli oyunçulardan qurulduğunu isbatladı. Komandamız "Benfika"nın pressinqinə rəğmən, topu özündə saxlamağı, hissənin sonlarına qədər dominantlıq etməyi bacardı. Öncə yarım saatın tamamında Leandro Andrade əla zərbə ilə komandamızı ümidləndirdi, fasiləyə yaxın isə Kadi dirəyi nişan alaraq tribunaya toplaşan azarkeşləri bərk həyəcanlandırdı. 

İkinci hissədə isə "Qarabağ" oyuna nəzarəti bir qədər də gücləndirdi. Komandamız topu özündə saxlayır, düşünülmüş hücumlar quraraq qol epizodları yaradırdı. Qurban Qurbanovun yetirmələri lazım olan anlarda kompakt müdafiə olunur, lazım olanda təhlükəli əks-həmlələrlə Portuqaliyada uduzmaq niyyətində olmadığını isbatlayırdı. Möhtəşəm geridönüşlə qazanılan qələbə təmsilçimizin layiqli oyununun nəticəsidir. Tarixi qələbə öz yerində, "Qarabağ"ın ortaya qoyduğu futbol ən xoş sözlərə layiqdir. Lissabonda "Benfika"nı oyun planında üstələyərək qələbə qazanmaq sıradan fakt deyil. Komandamızın heyətində meydana sonradan çıxan oyunçulardan həm Aleksey Kaşuk, həm də Toral Bayramov komandamızın gücünə güc qatdılar. Qələbə qolunun müəllifi olan Kaşuk hələ dördüncü qolu da vura bilərdi. Bütün "Qarabağ" camiəsini, Azərbaycanı bu möhtəşəm qələbə münasibəti ilə təbrik edirəm, komandamıza qarşıdakı oyunlarda da uğurlar arzulayıram".

Nihat   

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
39
1
fanat.az

2Sources