EN

Mərhum generalın əmlakları müsadirə edildi, iki iş adamına cəza verildi

BAKI, 17 sentyabr. TELEQRAF

Müdafiə nazirinin sabiq müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi, mərhum general-leytenant Fuad Məmmədov, iki şirkət əməkdaşı - Fuad Şeydabəyov və Azər Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Hökmə əsasən şirkət əməkdaşları - Azər Xəlilov 11 il, Fuad Şeydabəyov 10 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

General-leytenant Fuad Məmmədov vəfat etdiyi üçün ona cəza təyin olunmayıb. Cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

mərhum generalın üzərinə həbs qoyulmuş Badamdar qəsəbəsində yerləşən böyük torpaq sahəsi, Mərdəkanda bağ evi, bahalı avtomobilləri və digər külli miqdarda qiymətləndirilən əmlakları dövlət nəfinə müsadirə olunub.

İttihama görə, mərhum general Fuaf Məmmədov iki nəfər şirkət rəsmisi - Fuad Şeydabəyov və Azər Xəlilovla əlbir olaraq 15 milyon manata yaxın dövlət vəsaitini mənimsəyiblər.

Müttəhim Fuad Məmmədovun oğlu hüququ varisi kimi tanınıb. O, ittihama münasibət bildirərkən, atasının təqsirsiz olduğunu deyib.

Hüquqi varis cinayət işinə xitam verilməsini xahiş edib.

Məhkəmədə o da məlum olub ki, mərhum generalın külli miqdarda qiymətləndirilən əmlakları üzərinə həbs qoyulub.

Hazırda həbsdə olan digər təqsirləndirilənlər də ittihama münasibətdə özlərini təqsirli bilməyiblər.

Prosesin sonunda məhkəmə araşdırmasının qapalı keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, general Fuad Məmmədov 2018–2020-ci illərdə müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini- Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olub. O, 2020-ci ildə vəfat edib.

Chosen
48
20
teleqraf.com

10Sources