EN

Antiterror tədbirləri: Dövlət suverenliyini təmin edən tarixi Zəfər

ain.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror əməliyyatı regionda dayanıqlı sülhə, əmin-amanlığa və təhlükəsizliyə xidmət edirdi. 44 günlük Vətən müharibəsinin davamı olaraq 23 saat 43 dəqiqədə lokal xarakterli antiterror əməliyyatı nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi.Bu fikirləri Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, bir gündən az müddətdə, yüksək peşəkarlıqla həyata keçirilən antiterror əməliyyatı ölkəmizin gücünün, Şanlı Ordumuzun qüdrətinin daha bir parlaq nümayişi kimi tarixin səhifələrinə yazıldı. O tarixi missiyanın uğurla yerinə yetirilməsindən, dövlətimizin suverenliyinin, ərazi bütövlüyünün tam bərpası, ərazilərimizdə erməni separatizminin kökünün kəsilməsi ilə nəticələnən antiterror əməliyyatının başa çatmasından iki il ötür.“2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.” Xalqın güvəndiyi, etibar etdiyi Lideri cənab İlham Əliyevin də qeyd etdiyi kimi dövlətimizin üçrəngli bayraqları qürurla, fəxrlə suveren ərazilərimizdə dalğalanır.

44 günlük haqq savaşında imzalanmış kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi. Halbuki, üçtərəfli bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərksilah edilməli idilər. Azərbaycan işğala məruz qalan tərəf olsa da Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idilər. Vəziyyət o həddə çatmışdı ki, Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər.

Hər zaman sülhün, əmin-amanlığın tərəfində olan dövlətimizin dəfələrlə etdiyi xəbərdarlığa baxmayaraq düşmən xain xislətindən əl çəkmirdi. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata baxmayaraq, Ermənistan silahlı birləşmələri Qarabağdan tam çıxarılmadı, erməni silahlı dəstələri tərk-silah edilmədi. Revanş arzusunda olan xain düşmən Qarabağa hərbi sursat və silah daşınması davam edirdi, ərazi və yollar yenidən minalandı, təxribatları və terror aktları bitmək bilmədi. Sentyabrın 19-da lokal xarakterli antiterror əməliyyatının keçirilməsi qaçılmaz oldu.

2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələrinin bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətməsi artıq dözülməz hala gətirib çıxarmışdı. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu.

Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılırdı. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror əməliyyatı aşağıdakı şərtlərlə dayandırıldı.

24 saatdan az müddətdə həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi.

Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyev canından da çox sevdiyi xalqı üçün həlli mümkünsüz görünəni reallaşdırdı. Azərbaycanın dövlət suverenliyini tam təmin edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Azərbaycan ərazisində separatizmin kökü kəsildi. 2023-cü il 19-20 sentyabrda həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı Azərbaycan xalqının əyilməz ruhunu bir daha təsdiq etdi, regionda sülhün, əmin-amanlığın bərqərar olmasına misilsiz töhfələr verdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
34
4
sesqazeti.az

5Sources