EN

Şərab Festivalının keçirilməsini tənqid edənlərə DEPUTATDAN CAVAB: “Azərbaycan şəriət qanunları ilə idarə olunmur”

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov müsəlman dövləti olduğu üçün Azərbaycanda 13-14 sentyabr tarixlərində Üzüm və Şərab Festivalının keçirilməsini tənqid edənlərə cavab verib.

 
Deputat Pravda.az-a açıqlamasında deyib ki, bu fikri söyləyənlər müsəlman ölkəsi olsa da, Azərbaycan dövlətinin şəriət dövləti olmadığını nəzərə almalıdırlar.
 
“Bu gün Azərbaycan şəriət qanunları ilə idarə olunmur, dünyəvi ölkədir və dünyəvi qanunlarla idarə olunur. Belə fikirləri səsləndirən insanlar bu məsələni mütləq birmənalı nəzərə almalıdırlar. Müzakirələrə ehtiyac yoxdur. Şəriət dövləti olmasaq da, ölkəmizdə milli-mənəvi dəyərlərimizə çox böyük diqqət və qayğı var. Azərbaycanda din bilavasitə dövlətin himayəsindədir. Dövlətimiz özü mənəvi dəyərləri, ənənələri qoruyur və onun birbaşa himayəçisidir. Son vaxtlar Qarabağda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə nə qədər yeni məscid inşa olunur. Əgər Azərbaycan müstəqillik əldə etdiyi illərdə ölkəmizdə 18 məscid var idisə, bu gün bu məscidlərin sayı iki min iki yüz əllidir. Kifayət qədər böyük və ciddi rəqəmdən söhbət gedir. Buna görə də insanlarımız belə festivalın keçirilməsinə normal yanaşmalıdırlar. Kim istəyirsə, iştirak edir, kim istəmirsə, etmir. Azərbaycanı başqa dövlətlə səhv salmağa ehtiyac yoxdur. Elə dövlətlər var ki, onlar İslam dövlətləridir, şəriətlə idarə olunurlar. Bu cür tədbirlərin keçirilməsi onlarda qəbul edilmir və normal yanaşılmır. Bizim isə belə bir problemimiz yoxdur. Belə tədbirlərin ölkəmizdə keçirilməsinə hər kəs dövlətçilik mövqeyindən yanaşmalıdır. Məsələləri bir-birinə qarışdırmamalıyıq. Bütün dünyəvi dövlətlərdə istəyənlər belə tədbirlərdə iştirak edir, istəməyənlər etmir. Bu cür məsələləri bəhanə gətirərək ölkədə qarşıdurma yaratmağa, insanları bölməyə ehtiyac yoxdur. Bu cür təxribatlara son qoymalıyıq. Hər kəs məsələyə öz inancına uyğun yanaşmalıdır. Ölkəmizdə məscid də var, sinaqoq da, kilsə də. Kim istəyir, müsəlmandır, kim istəyir xristian, yəhudidir. Kim istəyir, dini etiqadına əməl edir, namaz qılır, ibadət edir, kim istəmirsə, etmir. Bu hər kəsin öz haqqı və hüququdur. Konstitusiyamızda təsbit olunub və göstərilib ki, Azərbaycan dünyəvi dövlətdir və bizim ölkəmizdə din dövlətdən ayrıdır. Bunu heç birimiz  unutmamalı, mütləq şəkildə yaddaşlarımıza həkk etməliyik”, - deputat bildirib.
Chosen
19
1
yenilik.az

2Sources