“Qarabağ”ın Lissabonda yazdığı tarixin əsas qəhrəmanı Qurban Qurbanov “Benfika” üzərindəki 3:2 hesablı qələbədən sonra müsahibə verib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda bəndənizin də iştirak etdiyi jurnalistlərin əhatəsinə düşən təcrübəli mütəxəssis sualları cavablandırıb.
Qurbanov öncə unudulmaz qələbəni şərh edib:
- Futbolu sevdirmək üçün belə qələbələr bizə çox lazımdır. Mübariz oyun göstərən futbolçularımın hər birinə təşəkkür edirəm. Şükürlər olsun, 0:2-dən sonra belə bir geridönüş edərək qalib gəldik.
Azərbaycan futbolu adına Çempionlar Liqasının əsas mərhələsində ilk qələbədir. Gələcəkdə görüləcək işlərimiz çoxdur. İnanıram ki, bu qələbə böyümək yolunda bizə kömək edəcək.
- 0:2-dən sonra futbolçulara nə dediniz?
- Futbol terminləri eynidir. Hər bir vəziyyətdə eyni motivasiya ilə davam etmək mütləqdir. Futbolçularıma bunu çatdırdım. Bəzən rəqib etmək istədiklərimizi gerçəkləşdirməyə mane olurdu. Bilirdim ki, hazırlaşdığımız kimi davam etməliyik. Belə məqamda inamın olması çox vacib idi.
- Bu qələbədəsn sonra digər rəqibləriniz sizi əvvəlkindən daha çox ciddiyə alacaq. Bu məqam sizi narahat etmir ki?
- Onsuz da rəqiblər bizi çox ciddiyə alırlar. Bunu biz daha yaxşı görüb, hiss edirik. Əlbəttə, bundan sonra bir az da ciddiyə alıb, bizə böyük problemlər yaratmağa çalışacaqlar.
- Bu qələbə komandada Liqa mərhələsini adlamaq baxımından inam yaratdı?
- Bu barədə danışmaq üçün tezdir. Ötən mövsüm Liqa mərhələsində cəmi bir qələbə qazansaq da, oyunların gedişatına görə xallarımızın sayı 10-dan çox olmalıydı. Bəzən gözləmədiyimiz, düşünmədiyimiz nəticələr olur. Müasir futbol elədir ki, istənilən hesabı geri çevirmək, yaxud istədiyin nəticəni əldə etmək mümkündür. Bunun üçün məsuliyyət, diqqət və inam önəmlidir. İnanıram ki, bu qələbə növbəti matçlarımız üçün əlavə inam və güvən verəcək.
- Oyunu sona çatdıra bilməyən Marko Yankoviçin zədəsi ilə bağlı vəziyyət necədir?
- Ayağına zərbə olmuşdu. Bir az yorğunluq da var idi. Ciddi bir şey olana oxşamır.
- Kamilo Duranın avrokuboklardakı debütünü necə qiymətləndirirsiniz?
- Duranı cəlb edəndə baxmışdıq, ən az şansı mərkəz hücumçusu kimi qazanmışdı. Daha çox sağ cinah hücumçusu kimi oynamışdı. Gördüyünüz kimi, qol vurmaq bacarığı da var. Bu, o demək deyil ki, hər dəfə sırf hücumçu kimi çıxış edəcək. Rəqiblərin oyunlarına uyğun olaraq dəyişikliklər edə bilərik. Tək qol vurduğuna görə yox, işgüzarlığı ilə məni tam qane etdi.
HƏBİB / SPORTİNFO.AZ