EN

Qəzza məsələsi: Azərbaycan dəstəyi, Fələstinin qərəzli siyasəti və ərəb dünyasının məsuliyyəti

Qəzza problemi artıq onilliklərdir ki, Yaxın Şərqin ən qanlı və mürəkkəb münaqişəsi olaraq qalır. Hər bir yeni qarşıdurma, hər bir hərbi əməliyyat yüzlərlə dinc insanın həyatına son qoyur, minlərlə ailəni evsiz-eşiksiz buraxır.

Dünya ictimaiyyəti bu faciəni izləsə də, hələ də real həll mexanizmləri ortaya qoyulmayıb. İslam dünyası da daxil olmaqla, bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər kağız üzərində qalır, əməli nəticə isə sıfıra bərabərdir. Bu reallıq fonunda hər bir dövlətin mövqeyi xüsusi önəm daşıyır.

Azərbaycan hər zaman beynəlxalq hüququn prinsiplərinə sadiq qalaraq, münaqişələrin həllində ədaləti dəstəkləyib. Azərbaycanın Qəzza məsələsinə münasibəti də bu xəttin davamıdır. Bakı həm İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi sənədləri dəstəkləyib, həm də BMT Baş Assambleyasında Fələstin dövlətinin tanınması və 1967-ci il sərhədləri çərçivəsində iki dövlətli həll prinsipinin təsbit olunması ilə bağlı qətnamələrin lehinə səs verib. Xüsusilə, “Nyu-York Bəyannaməsi” zamanı Azərbaycanın Fələstinin yanında çıxış etməsi ölkəmizin beynəlxalq hüquqa bağlılığını bir daha göstərdi.

Tarixi kontekst

Qəzza böhranının kökləri 1948-ci ilə – İsrail dövlətinin yaradılmasına gedib çıxır. Həmin il on minlərlə fələstinli qaçqın və məcburi köçkün vəziyyətinə düşdü, onların böyük bir hissəsi Qəzzada məskunlaşdı. 1967-ci ilin Altıgünlük müharibəsi nəticəsində isə İsrail Qəzzanı işğal etdi və bu ərazi yeni bir gərginliyin mərkəzinə çevrildi. 

8063cf84c222d81e5d5da0c61973aa4b.jpg

Sonrakı onilliklərdə Fələstin təşkilatlarının parçalanması, radikal qrupların yaranması və böyük dövlətlərin bu regionda maraq savaşı aparması Qəzzanı daha da çətin vəziyyətə saldı. Ən maraqlı məqam isə odur ki, ərəb ölkələrinin bir çoxu Fələstin məsələsini dəstəkləsələr də, real siyasi və hərbi dəstəkdə ardıcıl ola bilmədilər.

Azərbaycan SSR dövründə bu münaqişəyə Moskvanın siyasəti prizmasından yanaşırdı. Amma müstəqillikdən sonra Azərbaycan beynəlxalq hüquqa əsaslanan mövqeyini açıq şəkildə ortaya qoydu: iki dövlətli həll, 1967-ci il sərhədləri və dinc yanaşı yaşama prinsipi.

Fələstinin ikili siyasəti və qərəzli yanaşmaları

Azərbaycanın bütün bu dəstəyinə baxmayaraq, Fələstin rəhbərliyindən heç vaxt dost münasibət görməməsi paradoksal bir vəziyyət yaradır. Tarixi faktlar göstərir ki, Fələstinin hazırkı rəhbəri Mahmud Abbas dəfələrlə Ermənistana simpatiya nümayiş etdirib. Onun erməni rəsmiləri ilə isti münasibətləri, birlikdə çəkilmiş fotoları, hətta ermənilərin xeyrinə poçt markasının buraxılması Azərbaycan cəmiyyətində haqlı olaraq narazılıq doğurub. 

1728321094.jpg

Azərbaycan 30 ilə yaxın müddətdə torpaqlarının işğal altında qalması, yüz minlərlə qaçqın və məcburi köçkünün faciəsini yaşaması ilə üz-üzə idi. Bu ədalətsizlik fonunda Fələstin rəhbərliyinin Ermənistanı dəstəkləyən addımları ikili standartların bariz nümunəsidir. Belə bir vəziyyətdə Azərbaycanın Fələstin məsələsinə yenə də beynəlxalq hüquq və islam həmrəyliyi prizmasından yanaşması Bakının məsuliyyətli siyasətinin göstəricisidir.

***

Azərbaycan yalnız BMT-də deyil, islam dünyasının regional tədbirlərində də Qəzza məsələsində mövqeyini açıq şəkildə ifadə edib. Xüsusilə, Qətərin paytaxtı Dohada keçirilən ərəb və islam ölkələrinin fövqəladə sammitində Azərbaycan nümayəndə heyəti Qəzzanın müdafiəsi ilə bağlı sənədləri dəstəkləyib. Bu, Azərbaycanın həmrəy mövqeyinin sözlərlə yox, əməli addımlarla təsdiqidir.

Azərbaycanın bu yanaşması onun xarici siyasətində islam həmrəyliyinə verdiyi önəmin bir hissəsidir. Azərbaycan daim vurğulayıb ki, müsəlman xalqlarının birlik nümayiş etdirməsi regional sabitliyin və ədalətli beynəlxalq münasibətlərin təmin olunmasında əsas şərtlərdəndir.

Ərəb dünyasının üzərinə düşən məsuliyyət

Bütün bunlarla yanaşı, bir həqiqəti də etiraf etmək lazımdır: Qəzza məsələsi ilk növbədə ərəb dünyasının problemidir. Coğrafi baxımdan bu bölgə ərəb dövlətlərinin əhatəsində yerləşir. Siyasi və tarixi bağlılıqlar da nəzərə alınsa, əsas məsuliyyət Səudiyyə Ərəbistanı, Misir və İordaniyanın üzərinə düşür.

Bu üç ölkə həm regionun əsas oyunçuları, həm də Qəzza ilə birbaşa siyasi-hüquqi əlaqələri olan dövlətlərdir. Onların ortaq mövqedən çıxış etməsi problemin həllinə ciddi təsir göstərə bilər. Təəssüf ki, ərəb dünyasında tez-tez fikir ayrılıqları müşahidə olunur, bu da Qəzza məsələsinin uzun illərdir həll olunmamasının səbəblərindən biridir. 

Screenshot_1.png

Qeyri-ərəb dövlətlərinin – istər Azərbaycan, istər Türkiyə, istərsə də Pakistan kimi ölkələrin Qəzzaya dəstək çıxışları siyasi baxımdan önəmli olsa da, real təsir mexanizmləri məhduddur. Ona görə də Qəzza probleminin həlli üçün ərəb dövlətlərinin birliyi həlledici faktordur.

Ekspertlər bildirirlər ki, Azərbaycanın Qəzza məsələsində tutacağı xətt həm beynəlxalq mövqeyinə, həm də milli maraqlarına uyğun olmalıdır. Burada bir neçə istiqamət ön plana çıxır:

1. Diplomatik neytrallığın qorunması – Azərbaycan Fələstin məsələsində ədalətli mövqeyini davam etdirməli, amma tərəfkeşlik görüntüsündən uzaq durmalıdır. Bu, Azərbaycanın həm Qərblə, həm də ərəb ölkələri ilə balanslı siyasət aparmasına imkan verəcək.

2. Humanitar dəstəyin gücləndirilməsi – Qəzzadakı mülki əhaliyə tibbi və humanitar yardım göndərilməsi Azərbaycanın beynəlxalq nüfuzunu artırar. Bu, siyasi deyil, insani jest kimi dəyərləndiriləcək.

3. İslam həmrəyliyi çərçivəsində fəaliyyət – Azərbaycan İƏT və digər islam platformalarında Qəzza ilə bağlı qəbul edilən sənədləri dəstəkləməyə davam etməlidir. Amma əsas sözün ərəb dövlətlərinə aid olduğunu açıq şəkildə vurğulamaqla öz mövqeyini dəqiq göstərməlidir.

4. Ermənistan məsələsində prinsipiallıq – Azərbaycan Fələstin rəhbərliyinin keçmişdəki qərəzli mövqeyini unutmayaraq, diplomatik münasibətlərdə ehtiyatlı davranmalıdır. Fələstinin Ermənistanla əlaqələrinə qarşı həssas yanaşmaq Bakının maraqlarını qorumaq baxımından vacibdir.

5. Regional sabitlikdə vasitəçi rolunun artırılması – Azərbaycan son illər beynəlxalq arenada vasitəçi imici qazanıb. Bakı Qəzza böhranında da humanitar vasitəçi kimi çıxış edə bilər, lakin siyasi həll prosesini ərəb dövlətlərinə buraxmalıdır.

Qeyd etdiyimiz kimi Azərbaycan Qəzza məsələsinə münasibətdə öz prinsipial mövqeyini dəfələrlə nümayiş etdirib. Ölkəmiz həm beynəlxalq hüququ, həm də islam həmrəyliyini dəstəkləyərək Qəzzanın müdafiəsində çıxış edib. Bununla yanaşı, Fələstin rəhbərliyinin keçmişdəki qərəzli mövqeyi Azərbaycan-Fələstin münasibətlərini daim kölgədə saxlayıb.

Bütün bunlara baxmayaraq, Azərbaycanın siyasəti dəyişməyib – Bakı insanlıq və ədalət naminə dəstəyini davam etdirir. Amma Qəzza probleminin həllində əsas məsuliyyət ərəb dövlətlərinin üzərinə düşür. Əgər ərəb dünyası həmrəylik göstərsə, bu faciənin qarşısını almaq olar.

 

Əli Rais,
Musavat.com

Chosen
13
26
musavat.com

10Sources