Ölkəmiz bu coğrafiyada həmrəyliyin önündə gedir
Son illər Azərbaycan Yaxın Şərq və ərəb dünyası ilə əlaqələrini keyfiyyətcə yeni mərhələyə daşıyıb. Bakı ikitərəfli diplomatik münasibətləri inkişaf etdirməklə yanaşı, həm də ərəb ölkələrinin kollektiv platformalarında fəal mövqedən çıxış edir. Körfəz dövlətləri, Şimali Afrika ölkələri və Yaxın Şərq paytaxtları ilə iqtisadi, enerji, investisiya və turizm sahələrində çoxsaylı razılaşmalar imzalanıb. Xüsusilə BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və Misir kimi aparıcı ərəb ölkələri Bakı üçün strateji tərəfdaş statusu qazanıb. Bu əlaqələr həm də yeni nəqliyyat dəhlizləri, logistika mərkəzləri və kənd təsərrüfatı layihələri üçün zəmin yaradıb.
Sentyabrın 15-də Qətərdə öz işinə başlayan Fövqəladə Ərəb–İslam Sammitində Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun iştirakı bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Toplantıda əsas müzakirə mövzusu Yaxın Şərqdə gərginlik, Fələstin məsələsi və humanitar böhranın həlli yolları oldu. Bakı humanitar fəlakətin dayandırılmasına, beynəlxalq hüququn aliliyinin qorunmasına çağırış etdi. Azərbaycanın mövqeyi balanslı və praqmatik idi – münaqişənin siyasi həllinə, bölgədə dayanıqlı sülhün təmin olunmasına dəstək ifadə olundu. Sammitdə çıxış edən nazir C.Bayramov Qətərə edilən son hava hücumunun dərin narahatlıq doğurduğunu bildirib, Qətərin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edib. XİN başçısı beynəlxalq hüququn və BMT Nizamnaməsinin prinsiplərinə sadiq qalaraq gərginliyin daha da dərinləşməməsinə çağırış edib. Fələstin məsələsində rəsmi Bakının dəstəyi diqqətə çatdırılıb, regiondakı böhranın həlli istiqamətində sülh təşəbbüslərindən əlavə, humanitar yardım səylərinin əhəmiyyəti qeyd olunub.
Bu kontekstdə vurğulanıb ki, Azərbaycan 2023-cü ildən etibarən regionda gərginliyin artmasına reaksiya olaraq Fələstin əhalisinə 2 milyon ABŞ dolları dəyərində humanitar yardım ayırıb. Nazir çıxışında, həmçinin bildirib ki, Bakı təhsil və səhiyyə istiqamətlərində bir sıra dəstək proqramları həyata keçirərək Fələstin xalqının sosial vəziyyətinin yaxşılaşdırılmasına töhfə verir.
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının ən fəal üzvlərindən biri kimi həmişə İslam həmrəyliyi məsələlərində prinsipial mövqe sərgiləyib. Qarabağ münaqişəsinin ədalətli həlli uğrunda illərlə davam edən diplomatik mübarizədə İƏT-in siyasi dəstəyi Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin daha geniş tanınmasına imkan verib. 1997-ci ildə İƏT-in 8-ci zirvə toplantısı zamanı ölkəmiz İslam dünyasının dəstəyini bariz olaraq hiss etdi. O dövrdə İslam Əməkdaşlıq Təşkilatının baş katibi olmuş İzzəddin Laraki qurumun ölkəmizə dəstəyini bu sözlərlə ifadə etmişdi: “Azərbaycanın üzləşdiyi problem bizim də problemimizdir. Hər şeyə dözə bilərsiniz, ancaq torpağın ələ keçirilməsinə deyil. İslam Konfransı Təşkilatının tamamilə yanınızda olduğuna əmin olun”.
Məhz təşkilatla uğurlu əlaqələr və qarşılıqlı dəstək fonunda həm ümummilli lider Heydər Əliyev, həm də Prezident İlham Əliyevin dövründə İƏT-lə münasibətlər müsbət tempdə inkişaf etdi. Bu gün Azərbaycan artıq təkcə dəstək alan tərəf deyil, həm də gündəliyi müəyyənləşdirən, təşəbbüslər irəli sürən, İslam dünyasında vasitəçi rolunu oynayan aktordur.
Qətərdə keçirilən Fövqəladə Ərəb–İslam Sammitinin mərkəzi mövzularından biri regional təhlükəsizlik idi. Azərbaycan uzun illərdir ki, radikalizmə və beynəlxalq terrorizmə qarşı mübarizə aparır, BMT, ATƏT, NATO tərəfdaşlığı kimi platformalarda fəal iştirak edir. Bu təcrübə Azərbaycanın nümunəvi model kimi təqdim olunmasına şərait yaradır. Xüsusilə Cənubi Qafqazda sülhün təmin olunması, Ermənistanla sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılması prosesi İslam dünyası üçün də strateji əhəmiyyət daşıyır. Çünki bu region Asiya ilə Avropanı birləşdirən əsas ticarət marşrutlarının kəsişmə nöqtəsidir. Bakı bu imkanlardan istifadə edərək həm Mərkəzi Asiya, həm də Yaxın Şərq ölkələrini cəlb edən Orta Dəhliz layihəsini inkişaf etdirir. Bu, İslam ölkələrinin iqtisadi birliyinə də töhfə verə bilər.
Sammitdə humanitar məsələlərin müzakirəsi Azərbaycanın illərlə topladığı təcrübə ilə səsləşir. Bir milyondan artıq qaçqın və məcburi köçkün problemini həll etmək üçün gördüyü işlər, BMT və digər qurumlarla əməkdaşlıq formatları Azərbaycanın bu sahədə beynəlxalq nüfuzunu artırıb. Bakı, həmçinin qlobal humanitar təşəbbüslərin təşviqində fəal iştirak edir. Qoşulmama Hərəkatına sədrliyi dövründə COVID-19 ilə mübarizə üzrə humanitar mexanizmlərin yaradılması bunun ən parlaq nümunəsidir. Bu təcrübə Doha sammitində Azərbaycanın mövqeyini daha da gücləndirdi və onu İslam dünyasında humanitar məsələlərin həllinə nümunə kimi təqdim etdi. Azərbaycan üçün bu sammit beynəlxalq nüfuzun möhkəmləndirilməsi, İslam həmrəyliyində öncül mövqeyin təsdiqi, sülh və təhlükəsizlik təşəbbüslərinin fəal dəstəklənməsi deməkdir.
Bu mərhələdən sonra Azərbaycanın ərəb–müsəlman dünyası ilə iqtisadi, siyasi, mədəni və humanitar əlaqələrinin daha da dərinləşəcəyi gözlənilir. Bakı həm Qarabağda həyata keçirilən bərpa işlərini, həm də Orta Dəhliz layihəsini İslam ölkələri üçün strateji əməkdaşlıq platformasına çevirə bilər. Məhz bu baxımdan dövlət başçımız İlham Əliyevin sentyabrın 15-də Şuşada ICESCO-nun (İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı) Baş direktoru Səlim bin Məhəmməd əl-Maliki qəbul etməsi, ötən gün isə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın rəsmi səfəri Azərbaycanın ərəb ölkələri ilə münasibətlərə xüsusi önəm verdiyini bir daha göstərir. Bu addımlar Azərbaycanın ərəb-müsəlman dünyası ilə davamlı və strateji dialoqa sadiqliyini təsdiqləyir, ölkəmizin regional inteqrasiya və tərəfdaşlıq siyasətini daha da gücləndirir.
Lalə XƏLİLZADƏ,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Ərəb ölkələri üzrə eksperti
Sentyabrın 15-də Dohada öz işinə başlayan Fövqəladə Ərəb-İslam Sammitində 57 ərəb və islam ölkəsinin xarici işlər nazirləri, o cümlədən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da iştirak edirdi. Sammitdə İsrailin Qətərə qarşı həyata keçirdiyi hücumla bağlı bəyanat layihəsi müzakirə olundu. C.Bayramov öz çıxışında Fələstin məsələsi kontekstində Azərbaycan tərəfindən “iki dövlət” prinsipinin dəstəkləndiyini qeyd etdi. Həmçinin BMT-nin hüquqi normaları və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin dəstəkləndiyini bir daha diqqətə çatdırdı.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan 2023-cü ilin oktyabrından etibarən başlanmış İsrail–HƏMAS münaqişəsi zamanı Qəzaya və Fələstinə bir sıra humanitar yardım göndərib. Ümumiyyətlə, Azərbaycan İslam və Ərəb dünyasında təkcə regionda deyil, həm də beynəlxalq səviyyədə nüfuzlu mövqeyə malikdir.
Azərbaycanı ərəb ölkələri və İslam dünyasına yaxınlaşdıran digər amillərdən biri beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdır. Azərbaycan ərəb ölkələrinin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda tərəfdaşlıq edir və qarşılıqlı dəstək göstərir. Eyni zamanda, Qətərlə Azərbaycan bir sıra sahələrdə əməkdaşlıq edir və bu ikitərəfli tərəfdaşlıq artan xətt üzrə inkişaf edir.
Tacir SADIQOV
XQ