EN

Maaşlar 7% azala bilər -

2026-cı ildə Azərbaycanda fiziki şəxslərin gəlir vergisi artacaq. Bəs bu, işçilərin maaşına necə təsir edəcək? İqtisadçı ekspert Xalid Kərimli Metbuat.az-a açıqlamasında bu məsələyə aydınlıq gətirib. O bildirib ki, həm şirkətlərin, həm də vətəndaşların vergi yükü artacaq: “2019-cu ilin yanvarından etibarən dövlət yeni bir vergi güzəşti elan etdi. Güzəştin məqsədi işəgötürənlərin işçilərin əməkhaqlarını rəsmiləşdirməsinə və vergilərin ödənilməsinə marağını artırmaq idi. Bunun üçün yalnız özəl sektor, yəni qeyri-dövlət və qeyri-neft sektoru üçün yeddi illik vergi güzəşti tətbiq olundu. Neft sektorunda olmayan bütün özəl şirkətlər bu güzəştdən istifadə etməli oldu. Lakin bu müddət 2026-cı ildə başa çatır və hökumətin güzəşti uzatmaq niyyəti olmadığı proqnozlaşdırılır. Çünki dövlət bu qərarla daha çox gəlir vergisi toplayacağını hesablayır. Bu o deməkdir ki, həm şirkətlərin, həm də vətəndaşların vergi yükü artacaq”. X.Kərimli qeyd edib ki, hazırda maaşlardan ümumilikdə 12,5% tutulur: “Hazırda işçilər maaşlarından 2% icbari tibbi sığorta, 0,5% işsizlik sığortası və 10% pensiya fonduna ödəyirlər. Güzəşt başa çatdıqdan sonra isə 14% gəlir vergisi də əlavə olunacaq. Beləliklə, özəl sektorda çalışan işçilərin vergi yükü dövlət sektorunda işləyən müəllim və digər işçilərlə eyni olacaq. Digər tərəfdən, hazırda pensiya fonduna ödənilən 10% vəsait şəxsi pensiya kapitalını artırır. Yeni sistemdə bu göstərici 3%-ə düşəcək, lakin əlavə olaraq 14% gəlir vergisi tutulacaq. Bu isə xalis maaşın, yəni işçinin əlində qalan məbləğin təxminən 7% azalması deməkdir. Şirkətlər üçün də eyni qaydada vergi yükü artacaq”. İqtisadçı əlavə edib ki, nəticədə, əgər hökumət 7 illik güzəşt müddətini uzatmasa, həm işçilərin xalis maaşı azalacaq, həm də işəgötürənlərin öhdəlikləri artacaq.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
22
1
metbuat.az

2Sources