Adelet.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Xanəndə Eynulla Cəbrayılov – 90
Xanəndə Eynulla Cəbrayılovun ölüm ayağında son sözü bu olmuşdu
...50-ci illərin sözüdür. O vaxt Kürdəmirdə balaca bir mədəniyyət evi, yanında da sadə bir yay klubu vardı. Yerli sənətkarlar buna yarızarafat – yarıciddi “konservatoriya” deyirdilər. Rayonun az-çox tanınmış aşıq və xanəndələri, tar-kaman ifaçıları və sair tez-tez bu məkanda toplaşar, musiqi məşqləri ilə məşğul olar, çalıb-oxuyardılar.
Xanəndə Əliyusif Qəniyevi, aşıq Pirməmmədli, aşıq Şakiri, aşıq Əhmədi, tanınmış aşıq Mirzə Bilalın oğlu aşıq Ağaları burada tez-tez görmək olardı.
Növbəti musiqi məşqlərinin birində görürlər ki, yeniyetmə bir oğlan giriş qapısına söykənib ifaçılara maraqla tamaşa edir. Həmin oğlan aşıq Şakirin də diqqətini cəlb edir. Şakir oğlana səslənib deyir: A bala, orada niyə dayanmısan, bir yaxın gəl, görək sən kimsən, nə istəyirsən? Sonra da gülümsər halda sözünə əlavə edir: Deyəsən, sənin də çalıb-oxumağa həvəsin var, ona görə də belə maraqla baxırsan...
Oğlan Şakirin mehribanlığından ürəklənib deyir: Bəli, həvəsim var, mən də oxumaq istəyirəm.
Bu vaxt xanəndə Əliyusif Qəniyev tarçalan Ələddinə üz tutub deyir: Bir Segah çal, çünki Segah muğamların anasıdır. Segahı oxuya bilsə, bu oğlandan oxuyan olacaq.
Ələddin başlayır çalmağa, oğlan da oxumağa. Oğlanın səsi, oxumağı, boğaz xırdalıqları eşidənlərin xoşuna gəlir. Adını soruşurlar. Deyir adım Eynulladı, özüm də Şüşün kəndindənəm...
Aşıq Şakir və sənət yoldaşları Eynullaya məsləhət görürlər ki, tez-tez məşqlərə gəlsin, oxuyub-çalanlarla qaynayıb-qarışsın. Belə də olur. Burada oxuyub püxtələşən gənc Eynulla bir müddətdən sonra aşıq Şakirin dəstəsinə qoşulur...
Beləliklə, o vaxtdan Eynullanın sənət yolu başlanır. Əslində bu yol daha əvvəldən, Eynullanın balaca yaşlarından başlamışdı. Belə ki, hələ uşaq ikən Eynullanın səsi kəndlərinin lap yanından axıb gedən Kür sahilindən, sahil boyunca uzanan bağ-bağatlardan, tut yediyi ağacın budaqlarından başlamışdı. Bu yerlərdə gəzib dolana-dolana oxuyan balaca Eynullanın zil səsi Kür sularında əks-səda verərək gedib kəndə çatırdı.
Balaca Eynullanı kənd məktəbinin tədbirlərində, hətta yeri gələndə kənd toylarında da oxudub ifalarından həzz alırdılar. Beləliklə Eynulla kənd camaatının nəzərində gələcəyin xanəndəsi kimi böyüyürdü.
... Eynulla Cəbrayılov 1935-ci ildə Kürdəmir rayonunun Şüşün kəndində dünyaya gəlmişdi. Atasının qəfil ölümündən bir neçə ay sonra doğulan Eynullanın uşaqlıq illəri çox ağır keçib. Bir tərəfdən müharibə, o biri tərəfdən də yetimlik onun həyatında ağır izlər qoymuşdu. Buna görə də o, kənd məktəbində bir neçə sinfi oxumaqla kifayətlənmiş, az yaşında çörək dalınca getməyə, ailəni dolandırmağa
1
məcbur olmuşdu. Bu yolda Allah vergisi olan səsi, fitri istedadı onun dadına çatmış, karına gəlmişdi.
Eynulla 1952-ci ildən ömrünün sonuna kimi Kürdəmir rayon Mədəniyyət evində çalışıb. Eyni zamanda Respublikanın musiqi həyatında yaxından iştirak edib. 1956 və 1957-ci illərdə Azərbaycan gənclərinin I və II Festivallarının iştirakçısı olub. Bir müddət Azərbaycan Dövlət Filarmoniyasının konsert-qastrol birliyində çalışıb.
...90 yaşlı həmsöhbətim, uzun illər Ağsu rayon Veteranlar təşkilatının sədri olmuş Cəmaləddin kişi dedi: 1961-ci ildə radioda respublika üzrə bədii özfəaliyyət kollektivlərinin konserti təşkil olunmuşdu. Həmin konsertdə Eynulla “Kimdən öyrəndin?” mahnısını oxudu, çox gözəl də oxudu, Kürdəmir rayonunu layiqincə təmsil elədi. Elə o vaxtlardan istedadlı ifaçı kimi tanındı.
Cəmaləddin kişinın sözünə qüvvət olaraq deyim ki, “Sevgilim, sən maral kimi” misrası ilə tanınmış həmin mahnını ilk dəfə Eynulla oxuyub, daha doğrusu Eynulla yaradıb:
Sevgilim, sən maral kimi
Süzməyi kimdən öyrəndin?
Ay qabağa siyah teli
Düzməyi kimdən öyrəndin?
Kəklik kimi qayalarda,
Ceyran kimi səhralarda
Sona kimi dəryalarda
Üzməyi kimdən öyrəndin?
Bu mahnı 65 ildən çoxdur ki, radionun “Qızıl fond”unda saxlanılır. İndinin özündə də elə bir toy məclisi, el şənliyi yoxdur ki, orada Eynullanın bir vaxt sənət möhürü vurduğu həmin mahnı səslənməsin.
Təkcə adını çəkdiyim mahnı deyil, Eynullanın qızıl fondda onlarla mahnı və təsnifləri, eləcə də üç muğam dəstgahı var.
Eynulla Cəbrayılov həm aşıq Şakirlə birlikdə və həm də ondan ayrılıqda Bakının, Abşeronun bir çox kəndlərinin toylarında xanəndə kimi iştirak etmişdi. O, ayrı-ayrı rayonlarda da yaddaqalan toylar aparmışdı. Hətta Orta Asiya respublikalarında, o cümlədən Özbəkistanda, Türkmənistanda da bir neçə toylarda olmuşdu.
Eynulla heç bir musiqi təhsili almamışdı. Özünün dediyi kimi, yalnız böyük ustad Xan Şuşinskinin bənzərsiz səsindən və ifalarından dərs alıb püxtələşmişdi. Ona “Qarabağ şikəstəsi”ni də Xanın ifası sevdirmişdi. Elə buna görə idi ki, Eynulla toy məclislərində, el şənliklərində və rayon tədbirlərində “Qarabağ şikəstəsi”ni həmişə böyük fəxrlə, xüsusi bir şövqlə oxuyurdu. Mən özüm dəfələrlə bunun şahidi olmuşdum. Ömrü boyu muğama ürəkdən bağlı olan bu sənətkar övladlarına da muğam adları vermişdi: Zabul, Mahur, Şahnaz...
2
Bir gün aşıq Şakirlə əlaqədar rəhmətlik Xalq artisti, xanəndə Arif Babayevdən müsahibə alırdım. Yeri gəlmişkən Eynulla haqqında da soruşdum. Arif müəllim dedi ki, Eynulla səsli xanəndə idi. Xanın yolu ilə oxuyurdu. Həm də ansamblın müşayiəti zamanı özünü sərbəst aparırdı. Çünki səsinə, ifasına güvənirdi.
Əlibaba Məmmədov, xanəndə, Xalq artisti: Bir gün bir nəfər məni toylarına aparmaq üçün bizə gəlmişdi. Soruşdum ki, haradansan? Dedi Kürdəmirdən gəlmişəm. Kürdəmir adını eşidəndə dərhal Eynulla yadıma düşdü. Dedim, incimə, gedə bilməyəcəm. Ona görə ki, sən Eynulla kimi xanəndəni orada qoyub, o qədər yolu durub gəlmisən bura. Getmədim. Gələn adam səhvini başa düşdü və çıxıb getdi...
Ağasəlim Abdullayev, tarzən, Xalq artisti: Uzun illər sənətə bağlı bir tarzən kimi xanəndələri, müğənniləri yaxşı seçə bilirdim. Eynulla da öz gözəl ifaları ilə mənim diqqətimi cəlb eləmişdi. Ona görə də rəhbərlik etdiyim ansamblın və eləcə də mənim müşayiətimlə üç muğam dəstgahını lentə yazdıq. O qədər yaxşı oxudu ki, həmin dəstgahları köçürüb radionun da qızıl fonduna verdilər.
Xalq şairi Musa Yaqub: Eynulla nə oxuyubsa hamısına öz sənət möhürünü vurub. Heç bir musiqi təhsili görməyən, ömrü boyu mərkəzdən xeyli uzaqda, sadə dillə desək, əyalətdə yaşayan bu adam yalnız öz istedadının, sənətə ürəkdən bağlanmasının hesabına tanınıb şöhrətlənmiş, layiqli sənətkarlar sırasında öz yerini tutmuş, öz sözünü demişdir...
... Son vaxtlar çox az görünürdü. Toylara, məclislərə getməyə daha həvəsi qalmamışdı. Xəstəlik bir tərəfdən, Qarabağın getməsi də bir yandan onu tamam ruhdan salmışdı. Olduğu toyları, məclisləri “Qarabağ şikəstəsi” ilə başlayıb “Qarabağ şikəstəsi” ilə qurtaran Eynulla üçün də Qarabağ itkisi böyük dərd olmuşdu.
1992-ci ilin sentyabrı idi. Həmişə deyib-gülən, necə deyərlər, musiqi dili ilə danışan, şən zarafatları ilə könül oxşayan Eynulla artıq yatağa düşmüşdü.
Oğlu Mahur deyir ki, ömrünün son günləri idi. Bakıdan bir neçə müğənni dostları ona baş çəkməyə gəlmişdi. Bir xeyli oturub söhbətləşdilər. Xudahafizləşib gedəndə onlardan biri atamın üzünə baxıb dedi: Ustad, bir ağız “Qarabağ şikəstəsi” oxuyarsanmı? “Çalışaram” dedi və oxudu. Bu, möcüzə idi: Yəni ağır xəstə ola-ola bu cür gözəl oxuyasan?!
Bir neçə gündən sonra atam dünyasını dəyişdi. Ölümündən əvvəl bizə son sözü bu oldu: “Qarabağ şikəstəsi”ynən götürərsiz məni”...
Biz atamızın vəsiyyətini yerinə yetirdik. Onu son mənzilə özünün ifasında olan “Qarabağ şikəstəsi” ilə yola saldıq...
***
Eynulla da Qarabağın azad olunmasını görə bilmədi. Amma Eynullanın da, Qarabağ nisgili ilə dünyadan gedənlərin də ruhları şaddır. Şükürlər olsun ki, qədim və gözəl Qarabağ azadlığına qovuşub!
Tofiq Abdullayev,
Yazıçı-publisist AY və AJB-nin üzvü
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.