EN

Suveren dövlət xalqımızın tarixi nailiyyətidir

Azərbaycanın müasir tarixi milli müstəqillik, azadlıq və dövlətçilik ənənələrinin qorunması ilə sıx bağlıdır. Xalqımızın azadlıq idealları, müstəqil dövlət qurmaq arzusu əsrlər boyu yaşadılmış və mübarizələrlə möhkəmləndirilmişdir. Bu baxımdan 20 sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycan xalqının milli azadlıq mübarizəsinin mühüm mərhələsini təcəssüm etdirən tarixi gündür.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-də qeyd olunacaq unudulmaz tarix - Dövlət Suverenliyi Günü təsis edilib

Bu Sərəncam Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyü və müstəqillik uğrunda onilliklər boyu davam edən mübarizənin rəmzi sonunu əks etdirir. Bu yeni tarixin təqvimdə rəsmi yer alması 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin, 2023-cü ildə antiterror tədbirlərinin və XXI əsrdə ölkənin müstəqilliyinin möhkəmləndirilməsinin əhəmiyyətini bir daha vurğulayır;

Suverenlik dövlətin əsas xüsusiyyəti hesab edilmiş və dövlətin üstün və qeyri-məhdud səlahiyyətə malik olduğu güman edilmişdir.

Suveren dövlət – beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlət deməkdir. Beynəlxalq hüquq suveren dövlətləri daimi əhaliyə sahib olmaqla, müəyyən bir ərazisi olmaqla, ali və tək hökuməti olmaqla və digər suveren dövlətlərlə münasibət qurmağa gücü olmaqla xarakterizə edir. Həmçinin, suveren dövlət başqa bir dövlətdən nə asılı, nə də tabe olmamalıdır;

Dövlət Suverenliyi haqqında Konstitusiya Aktı Azərbaycan xalqının öz dövlətçilik haqqını bərpa etməsinin təntənəsi idi. Sənəddə Azərbaycanın ərazisinin bölünməzliyi, xalqın öz taleyini sərbəst müəyyən etmək hüququ, dövlət atributları – bayraq, gerb və himn kimi simvolların təsbit olunması mühüm yer tutdu. Bu akt müstəqillik haqqında 1991-ci il 18 oktyabr tarixli Konstitusiya Aktının qəbuluna və Azərbaycanın tam müstəqil dövlət kimi tanınmasına zəmin yaratdı.

20 sentyabr Azərbaycan xalqının milli iradəsinin ifadəsi kimi yadda qalır. Bu gün xalqımızın əsrlərdən bəri daşıdığı azadlıq arzularının gerçəkləşməsində mühüm mərhələ olmuşdur. Həmin tarixdən başlayaraq Azərbaycan artıq müstəqil dövlətçiliyə gedən yolun hüquqi əsaslarını möhkəmləndirmişdir.

Müstəqilliyin qorunması və möhkəmləndirilməsi isə asan başa gəlməmişdir. 1990-cı illərin əvvəllərində siyasi böhran, müharibə və iqtisadi çətinliklər Azərbaycanın dövlətçiliyinə ciddi sınaqlar yaratdı. Lakin ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı dövlət müstəqilliyimizi möhkəmləndirdi, Azərbaycan beynəlxalq aləmdə tanındı və dövlət quruculuğu prosesləri uğurla həyata keçirildi.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan suverenliyini tam şəkildə təmin etmiş, torpaq bütövlüyünü bərpa etmişdir. 2020-ci il Vətən müharibəsində qazanılan Zəfər və 2023-cü ildə suverenliyin tam bərpası 20 sentyabrda qəbul olunmuş tarixi qərarın məntiqi davamı olmuşdur.

Azərbaycan xalqı artıq öz taleyinin sahibidir, dövlət müstəqilliyi dönməz və əbədidir. Dövlət Suverenliyi Günü milli birlik, dövlətçiliyə sədaqət və istiqlalın qiymətini dərk etmək baxımından böyük tarixi əhəmiyyət kəsb edir.

Əminə Ağazadə,

Milli Məclisin deputatı

Chosen
11
3
ikisahil.az

4Sources