2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror əməliyyatları Azərbaycanın dövlətçilik tarixində və xalqın yaddaşında əbədi həkk olundu. Otuz ilə yaxın işğalın, sepatizimin, təcavüzkarlığın və haqsızlığın yaratdığı bütün baryerlər bir günün ərzində darmadağın edildi, ərazi bütövlüyümüz tam şəkildə bərpa olundu və regionda yaranan yeni geosiyasi reallıqlar qətiyyətli şəkildə təsdiq edildi. Antiterror əməliyyatlarında əldə olunan tarixi nailiyyətlər Azərbaycanın hərbi gücünün, siyasi iradəsinin və Ali Baş Komandan - xalq birliyinin ən bariz nümunələrindən biridir.
Məlum olduğu kimi, 10 Noyabr üçtərəfli bəyanatına əsasən Rusiyanın vasitəçiliyi fonunda Ermənistan silahı qüvvələrinin bölmələri və qeyri-qanuni erməni silahlı dəstələri tərk-silah edilərək bölgədən çıxarılmalı idi. Azərbaycan işğala məruz qalan tərəf olsa da Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələn etdi. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğul oldular. Vəziyyət o həddə çatmışdı ki Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər. Ən son olaraq erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid olması və yaralanması, bununla yanaşı ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması nəticəsində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanması, həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak olması, qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi artıq bardağı daşıran son damla oldu. Azərbaycan tərəfi bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror əməliyyatına başladı və cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmaq məcburiyyətində qaldılar. Azərbaycan Silahlı Qüvvələrinin dəqiqliyi, peşəkarlığı və qətiyyətliliyi dünya hərb tarixinə düşən bu unikal hərbi əməliyyatın uğurla sonlandırılmasını şərtləndirdi. Əməliyyat zamanı heç bir mülki erməni zərər görmədi və ölkəmiz bir daha hümanistlik nümayiş etdirərək onlara dinc şəkildə yaşaması üçün zəruri bütün təhlükəsizlik təminatlarının veriləcəyini bildirdi. Eyni zamanda, bölgəni tərk edən ermənilərə göstərilən yüksək səviyyəli münasibət Azərbaycanın haqq işinin göstəricisi idi.
Nəticə etibarilə, 2023-cü ildə keçirilən lokal xarakterli antiterror əməliyyatı Azərbaycan tarixində bir dönüş nöqtəsi idi. Bu əməliyyat nəticəsində ölkəmiz hərbi gücünü və siyasi əzmini bütün dünyaya nümayiş etdirdi. Cənab Prezident İlham Əliyev Cənubi Qafqazın siyasi gündəliyini dəyişən və yeni narrativlər formalaşdıran lider kimi öz adını Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə həkk etdirdi.
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini