EN

Tibb işçiləri ilə bağlı Prokurorluqdan açıqlama: “Yüzlərlə araşdırma və cinayət işinin istintaqı aparılır”

“Son dövrlər müasir tibbi nailiyyətlərdən istifadə olunması ilə bağlı cəmiyyətimizdə bir sıra anlaşılmayan məsələlər yaranır. Təbii ki, Azərbaycan Respublikasının Prokurorluğu olaraq bu məsələlərə zaman-zaman münasibət bildirilir. Arzu edilərdi ki, peşəkar səhiyyə işçilərimiz öz peşəsi üzrə cinayət məsuliyyətinə cəlb olunmasın. Amma belə hallar var”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaqa nəzarət idarəsinin rəisi Mahir Abbasov deyib.

Onun sözlərinə görə, xüsusilə müasir estetik, plastik cərrahiyyə üsullarından istifadə olunur və bunun nəticəsində də vətəndaşların sağlamlığına ziyan vurulur: 

“Əlbəttə, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən də bu sahədəki vəziyyət mütəmadi şəkildə ümumiləşdirilir. Əvvəllər də məsuliyyətə cəlb olunma vardı. 2025-ci il 13 iyun tarixli qanunla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsi yeni redaksiyada qəbul edilib. Azərbaycan Respublikasında bu günə qədər həkimlərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı konkret hüquq norması mövcud deyildi. 

Lakin Azərbaycan Respublikasının Baş Prokurorluğunun təşəbbüsü, əlaqədar qurumların rəyləri və ali orqanlarda aparılan müzakirələr nəticəsində 142-ci maddə yeni redaksiyada qəbul edildi. 2025-ci il 13 iyun tarixli qanunla həmin maddənin adı və mahiyyəti dəyişdi. Bu gün səhiyyə sahəsində baş verən cinayət faktları artıq bu maddənin tərkibi altına düşür. 

Məsələn, tibb işçisi tərəfindən qanunla müəyyən edilmiş hallarda xəstəyə kömək göstərilməməsi, öz işinə vicdansız və laqeyd münasibət göstərməsi və yaxud onu lazımi qaydada yerinə yetirməməsi nəticəsində şəxsin sağlamlığına minimum zərər vurulması belə cinayət tərkibi yaradır”. 

O əlavə edib ki, əsas məsələ isə 142.2-ci maddə ilə bağlıdır:

"Burada ali və orta tibb təhsili, müvafiq sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin ixtisasına uyğun tibbi xidmətlər göstərməsi, həmçinin dövlət tibb müəssisələrinin nizamnamələrində, özəl tibb müəssisələrinin isə lisenziyalarında nəzərdə tutulmayan xidmətləri təqdim etməsi, ehtiyatsızlıq nəticəsində şəxsin sağlamlığına az zərər vursa belə, cinayət məsuliyyəti yaradır. Bəzən mətbuatda və ictimaiyyət arasında belə müzakirələr olur ki, həkimləri sertifikasiyası və şəhadətnaməsi yoxdursa, ixtisasına uyğun deyilsə, həkimlik fəaliyyəti ilə məşğul olması cinayət məsuliyyəti yaratmır.

Yalnız sağlamlığa zərər vurulduqda məsuliyyət yaranır. Yəni fəaliyyətlə məşğul olması və bu zaman yüngül zərər vurması hüquq pozuntusu sayılır. Bu halda məsuliyyət Cinayət Məcəlləsi ilə deyil, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə müəyyən edilir və inzibati məsuliyyət yaranır. Belə faktlarla bağlı bizdə yüzlərlə ilkin araşdırmalar və cinayət işinin istintaqı aparılır.

Problem ondan ibarətdir ki, əvvəllər prosedur müdaxilələr nəticəsində şəxsin sağlamlığının ağırlaşması ilə bağlı hər hansı cinayət məsuliyyəti nəzərdə tutulmurdu. Amma artıq əməllər xüsusiləşdirilib, az zərər vurulması belə cinayət əməlləri kimi qiymətləndirilir. Təbii ki, ölüm faktı baş verərsə, bu, daha ciddi cəzalarla müşayiət olunur”. 

Chosen
15
1
cebheinfo.az

2Sources