EN

Azərbaycanda iş adamı bir klubdan imtina etdi, digərini himayəsinə götürdü

II Liqanın son çempionu «Şahdağ»a yeni dəstəkçi tapılıb.

Bu, Mirzə adlı iş adamıdır.

O, bu mövsümdən I Liqada mübarizə aparmağa başlayan Qusar komandasına maliyyə yardımı göstərməyi öz üzərinə götürüb.

Maraqlıdır ki, sözügedən biznesmen buna qədər başqa bir kluba sərmayə yatırıb. Ötən iki ildə «Şimal»a pul xərcləyib.

Xaçmaz təmsilçisi bu müddətdə Region Liqasının qalibi olub, II Liqada üçüncü yer tutub və I Liqaya birbaşa vəsiqə qazanıb.

Onun hansı səbəbdən «Şimal»ı «Şahdağ»a dəyişməsi məlum deyil. Güman etmək olar ki, burada şəxsi münasibətlər rol oynayıb.

«Şahdağ» avqust ayından etibarən Rahid Əmirquliyevin kurasiyasına keçib. Millinin sabiq yarımmüdafiəçisi yetirməsi olduğu klubun prezidenti postuna əyləşib.

Bu, Etibar Pirverdiyevin Qusar klubunu maliyyələşdirməkdən imtina etməsi ilə əlaqədardır. «Azərenerji»nin sabiq prezidentinə bağlı şirkət 2024-cü ildən himayədarı olduğu «Şahdağ»la bütün əlaqələrini kəsib.

Bu gün «Şahdağ»a oradan-buradan, heç olmasa, 3-5 manat pul gəlir. «Şimal», ümumiyyətlə, Tanrının ümidinə qalıb.

Xaçmaz təmsilçisi sırf AFFA-dan aldığı aylıq yardım paketinin hesabına nəfəs alır. Rayonun rəsmi dairələri və iş dünyası «Şimal»a arxa çevirib.

SPORTİNFO.AZ

Chosen
12
sportinfo.az

1Sources