EN

Avropa daxilində parçalanma dərinləşəcək Ekspert

Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Avropa İttifaqının Rusiyaya qarşı sərt mövqeyi davam etməlidir, amma bu fonda Macarıstan və Slovakiyanın günahkar kimi göstərilməsi yolverilməzdir".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural İsmayılov Avropa İttifaqının (Aİ) Moskvaya qarşı 19-cu sanksiyalar paketini elan etməsi ərəfəsində əsas diqqəti Rusiyadan neft almağı dayandırmaq üçün Slovakiya və Macarıstana təzyiqlərə yönəltməsini şərh edərkən deyib. 

"Avropa Komissiyasının Rusiyaya qarşı yeni sanksiyalar paketi elan etməsi gözləniləndir və burada haqlı tərəf məhz Moskvanın təcavüzkar siyasətinə cavab verməkdir. Rusiya beynəlxalq hüququ pozaraq bölgədə sabitliyi dağıdıb və buna görə də sanksiyalar tam əsaslıdır", deyə ekspert bildirib. 

Ekspertin fikrincə, amma problem odur ki, Brüssel sanksiyaların ağırlığını üzv dövlətlərin çiyinlərinə yükləməyə çalışır. O, düşünür ki, Slovakiya və Macarıstanı xüsusi hədəfə çıxarmaq, əslində, Aİ-nin öz siyasi zəifliyini ört-basdır etməkdir:

"Bu ölkələrin enerji asılılığı uzun illərin yanlış Avropa siyasətinin nəticəsidir. Avropa İttifaqı vaxtında diversifikasiya etməyib, indi isə məsuliyyəti üzvlərə ötürür. Rusiya neftindən imtina etmək üçün alternativlər və real dəstək lazımdır, yalnız təzyiq yox".

Politoloq qeyd edib ki, Macarıstan və Slovakiya öz iqtisadi reallıqlarını nəzərə alaraq ehtiyatlı davranır:

"Onların mövqeyi rasionaldır, çünki enerjidən asılılıq birbaşa əhalinin rifahına təsir edir. Aİ isə bu faktoru kifayət qədər nəzərə almır. Brüssel üzvlərə qarşı sərt ritorika ilə çıxış edərkən, Rusiyanın təcavüzünə cavab verə biləcək strateji həllər ortaya qoymur. Sanksiyalar haqlıdır, amma  onların tətbiqində bərabərlik prinsipi pozulmamalıdır".

Tural İsmayılova görə, əks təqdirdə, Avropa daxilində parçalanma dərinləşəcək:

"İttifaq Rusiyaya qarşı vahid mövqe sərgiləməli, amma üzvlərinin sosial-iqtisadi reallıqlarını da nəzərə almalıdır. Çünki ədalətsiz təzyiq daxili həmrəyliyi zəiflədir, bu da Moskvanın əlinə oynayır. Aİ-nin Rusiyaya qarşı sərt mövqeyi davam etməlidir, amma Macarıstan və Slovakiyanın günahkar kimi göstərilməsi yolverilməzdir. Avropa liderliyi məsuliyyəti bölüşməli, çıxış yolunu birlikdə axtarmalıdır".

Qeyd edək ki, Avropa Komissiyası Rusiyaya qarşı yeni, 19-cu sanskiyalar paketini sentyabrın 19 və ya 22-də elan edə bilər. Bu ərəfədə "Politico" nəşrinin məlumatına görə, Aİ rəhbərliyi hazırda Moskvaya qarşı sanksiyalardan daha çox Rusiya neftindən asılılıqlarının azaldılması üçün Slovakiya və Macarıstana təzyiqlərin göstərilməsinə fokuslanıb. 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Vaşinqtondan Kremlə qarşı sanksiyaları sərtləşdirməyi təkid edən Aİ-ni tənqid edərək, ondan Rusiyadan neft almağı dayandırmağı tələb edib. Aİ ölkələri arasında Rusiyadan neft almaqda davam edən əsas ölkələr isə Macarıstanla Slovakiyadır. 

Rüfət Sultan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
8
qaynarinfo.az

1Sources