EN

“ŞuşaAzərbaycanın təkcə mədəniyyət deyil, həm də siyasi mərkəzinə çevrilib” – Şakir Ağayev – ÖZƏL

"Ötən günlərdə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd ibn Zayed Əl-Nəhyan  Şuşada Prezident İlham Əliyevlə görüşüb. Bu, ilk növbədə Azərbaycan üçün çox vacib məsələdir. Çünki bu, Şuşanın Azərbaycan torpağı olduğunu, onun tarixi məkan olduğunu və Şuşanın təkcə mədəniyyət mərkəzi deyil, həm də siyasi mərkəzə çevrildiyini sübut edir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Bildirib ki, Azərbaycan Prezidenti digər bölgələrimizdə, rayonlarımızda olduğu kimi, Şuşanı da Azərbaycanın əbədi torpağı kimi təqdim edir. 30 il işğaldan sonra azad olunmuş bu ərazidə dövlət başçılarının qəbul edilməsi bütün dünyaya və beynəlxalq aləmə bir daha göstərir ki, Şuşa Azərbaycanın ayrılmaz parçasıdır. Bütün dünya liderləri də bunu qəbul etməlidir.

"Bildiyiniz kimi, bu, Şuşada ilk dəfə baş verən hadisə deyil. Bundan əvvəl də bir sıra ölkələrin liderləri Prezident İlham Əliyevlə məhz Şuşada görüşmüşdü. Buraya Belarus prezidenti, İran prezidenti, habelə həmin günlərdə İSESCO-nun baş katibi, Türkiyənin Baş Qərargah rəisi və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daxildir. Demək, Şuşada yüksək səviyyəli görüşlər kifayət qədər olub. Bu da bütün dünyaya bir daha göstərir ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, Şuşa daxil olmaqla, tam bərpa olunub və istənilən dünya lideri Azərbaycan Prezidentinin dəvəti ilə Şuşada qəbul oluna və görüş keçirə bilər. Bu, çox mühüm amildir," - deyə ekspert qeyd edib.

İndi isə siyasi və iqtisadi əməkdaşlıq baxımından Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərin əhəmiyyətinə nəzər salaq: "Birincisi, siz bilirsiniz ki, Birləşmiş Ərəb Əmirlikləri  Azərbaycanın alternativ enerji və yaşıl enerji sahəsinə ən çox sərmayə qoyan ölkələrdən biridir. Ölkə başçısı da qeyd etdi ki, bu, cari ildə Prezident İlham Əliyevlə BƏƏ rəhbəri arasında artıq üçüncü görüşdür. Sonuncu görüş iyul ayında baş tutmuşdu. O zaman Azərbaycan və Ermənistan liderləri arasında da görüş keçirilmişdi. Bu, onu göstərir ki, münasibətlər çox sıx xarakter daşıyır və ilk növbədə işğaldan azad olunmuş ərazilərə sərmayələrin yatırılmasında BƏƏ mühüm rol oynayır. Bu gün üçün ən vacib məsələlərdən biri Azərbaycanın azad olunmuş ərazilərinə xarici sərmayələrin qoyulmasıdır. Xarici investorlar da əmin olmalıdır ki, bu ərazilər inkişaf edir, burada geniş işgüzar mühit formalaşıb və investisiya riskləri yoxdur. Buna görə də sərmayə yatırmaq həmin ölkələr üçün həm əhəmiyyətli, həm də gəlirli ola bilər. Bu baxımdan, iqtisadi əməkdaşlıq çox mühümdür".

Siyasi şərhçi əlavə edib ki, regionda siyasi balans məsələsinə gəldikdə isə, bu da çox əhəmiyyətlidir. Bildiyiniz kimi, görüşdən bir gün əvvəl Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının birgə tədbirləri, zirvə görüşləri keçirilmişdi. Bu görüşlərdə türkdilli dövlətlər birliyi və ərəb ölkələri arasında əməkdaşlıq mövzuları müzakirə olunmuşdu. Belə əməkdaşlıq region üçün olduqca mühüm əhəmiyyət daşıyır. Onsuz da mürəkkəb olan Yaxın Şərq proseslərində, ümumilikdə dünyada gedən mürəkkəb proseslərdə bu əməkdaşlıq daha da önəmli rol oynayır. Dünyanın getdikcə qütbləşdiyi bir şəraitdə türkdilli dövlətlərin birliyi, ərəb ölkələri və İslam Əməkdaşlıq Təşkilatının birgə siyasi mövqeyi onların nüfuzunu artırır. İslam Əməkdaşlıq Təşkilatında da Azərbaycan və Türkiyə mühüm rol oynayır, çəkisi yüksəkdir. Bu isə ərəb ölkələrinin əməkdaşlığında, qütbləşən dünyada bu birliklərin mövqeyini daha da gücləndirir, onların beynəlxalq aləmdə nüfuzunun artmasına kömək edir.

"Siyasi baxımdan da bu, çox mühüm hadisədir. Türkdilli dövlətlərlə ərəb ölkələrinin birgə hərəkət etməsi beynəlxalq aləmdə Yaxın Şərq problemlərinin həllində onların maraqlarını nəzərə almağa imkan verir və daha perspektivli addımlar atılmasına şərait yaradır," - deyə ekspert vurğulayıb.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
7
olaylar.az

1Sources