ain.az bildirir, Moderator.az portalına istinadən.
"Lavrovun bəyanatları və Kozakın istefası Moskvanın barışıqdan uzaq olduğunu göstərir..."
Rusiya rəhbərliyində son günlər yaşanan hadisələr- Sergey Lavrovun bəyanatları və Dmitri Kozakın istefası Kremlin Ukrayna ilə bağlı kursunun dəyişməyəcəyini, əksinə daha sərtləşəcəyini göstərir.
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri yazıb.
"Ərazi mübadiləsi müharibəni dayandırmayacaq"
Rusiya xarici işlər naziri Sergey Lavrov sentyabrın 17-də bəyan edib ki, "ərazi mübadiləsi" Ukrayna müharibəsini dayandırmayacaq. Bu mövqe ABŞ prezidenti Donald Trampın əvvəlki açıqlamaları ilə ziddiyyət təşkil edir. Tramp yaxın vaxtlarda bildirib ki, Moskva ilə Kiyev arasında sülh "torpaq mübadiləsi" ilə mümkündür. ISW qeyd edir ki, Lavrovun sözləri Kreml diplomatiyasının əsl mahiyyətini açır: Moskva hər hansı güzəştə getmədən, yalnız Ukraynanın kapitulyasiyası ilə nəticələnəcək "sülh"dən danışır.
Lavrov həmçinin "müharibənin ilkin səbəbləri" anlayışını yenidən gündəmə gətirib. Kreml bu anlayışa illərdir eyni məzmun yükləyir, bu da guya Ukraynada rusdilli əhaliyə qarşı diskriminasiya, NATO-nun genişlənməsi və Kiyevin neytrallıqdan imtinasıdır. Analitiklərin fikrincə, əslində "ilkin səbəblər" ifadəsi Moskvanın Ukraynada hakimiyyət dəyişikliyi, NATO ilə əlaqələrin kəsilməsi və tam siyasi asılılıq tələbinin ört-basdır olunmuş formasıdır.
Peskovun ziddiyyətli siqnalı
Eyni gündə Kremlin sözçüsü Dmitri Peskov isə tam fərqli ton tutaraq Rusiyanın guya danışıqlara "açıq" olduğunu bildirib. ISW bunu "diplomatik oyunun" tərkib hissəsi hesab edir: Moskva real kompromis istəmir, sadəcə beynəlxalq ictimaiyyətə vaxt udmaq və özünü "sülhə hazır tərəf" kimi göstərmək niyyətindədir.
Kozakın istefası müharibə əleyhinə səsin susdurulmasıdır
Lavrovun bəyanatları ilə eyni vaxtda daha mühüm hadisə baş verib: Putinin köhnə silahdaşı, prezident administrasiyası rəhbərinin müavini Dmitri Kozak istefa verib. 66 yaşlı Kozak 2022-ci ilin fevralında, genişmiqyaslı işğaldan əvvəl Təhlükəsizlik Şurasının iclasında müharibəyə qarşı çıxan yeganə yüksək vəzifəli şəxs olub. İlk həftələrdə o, Kiyevlə danışıqlar aparmağa çalışıb, Ukraynanın NATO-ya üzvlüyündən imtinası müqabilində atəşkəs variantlarını irəli sürüb.
Lakin Putinin sərt kursu fonunda onun səsi susdurulub, səlahiyyətləri isə Sergey Kiriyenkoya ötürülüb. Siyasi analitiklər bildirir ki, Kozakın istefası əslində "öz istəyi ilə" deyil, Kreml daxilində sıxışdırılmasının nəticəsidir. ISW bunu belə qiymətləndirir: Putin öz ətrafında yalnız müharibəni davam etdirmək tərəfdarlarını saxlayır və "barışıq axtaran"ları sistemdən uzaqlaşdırır.
Kiriyenkonun yüksəlişi
Kozakın gedişi ilə Sergey Kiriyenko daha da güclənir. O, artıq Kremlin Moldova siyasətini nəzarətə götürüb, Ukrayna ilə bağlı qərarlara da bilavasitə təsir göstərir. Politoloq İvan Preobrajenski qeyd edir ki, Kiriyenko tədricən Kozakın bütün sahələrini ələ keçirib: əvvəl Ukrayna, sonra Abxaziya, indi isə Moldova.
Trampın uğursuz təşəbbüsləri
Avqustda Alyaskada Tramp və Putin üç saatlıq görüş keçirib, ancaq atəşkəs barədə razılıq əldə olunmayıb. Sonrakı günlərdə Tramp Avropa liderləri, o cümlədən Zelenski ilə danışıqlar aparıb, hətta Putinlə Zelenskinin birbaşa görüşünü təşkil etməyə çalışıb. Lakin Moskva şərtlər irəli sürərək prosesi əngəlləyib. Sentyabrın 7-də Tramp "tezliklə Putinlə sülh danışıqları aparacağını" bəyan etsə də, Kremlin son addımları bu ehtimalı sıfıra endirib.
ISW-nin ümumi qiymətləndirməsinə görə, həm Lavrovun sərt açıqlamaları, həm də Kozakın istefası göstərir ki, Kreml səmimi danışıqlarda maraqlı deyil. Əksinə, Putin öz ətrafında yalnız maksimalist və sərt xətt tərəfdarlarını saxlayır, hər cür kompromis ideyasını isə boğur. Bu isə müharibənin yaxın gələcəkdə bitməyəcəyinə və Moskvanın onu daha da uzatmaq niyyətində olduğuna işarədir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.