EN

“Tədbirlərdə, küçələrdə hətta liftdə də mənimlə şəkil çəkdirmək istəyirlər, onlar üçün darıxmışam”

“ “Pəncərədə işıq” televiziya tamaşası həqiqətən də Azərbaycanın bestselleri oldu. Demək olar ki, bu gün də dillərdən düşmür. Gözəl də çəkilib. Bu gün o tamaşanın çəkilməsi mümkün deyil. Öncə Tariyel Vəliyev kimi rejissor olmalıdır ki, bu tamaşanı canla, ürəklə çəksin. Tariyel müəllimin hər çəkdiyi tamaşa həqiqətən də bir iz qoyub. Allah ona qəni-qəni rəhmət etsin. Onun çox yaxşı tələbələri qalıb. Bir tələbəsi Moskvada nüfuzlu kanallardan birində rejissor işləyir. İndi qaynana-gəlin, ər-arvad münasibətləri tam başqadır. Böyüyə hörmət yoxdur, yoldaşa hörmət yoxdur. Qadın qısqanmır, ər qısqanmır. Başdı-başına buraxırlar və hər kəs öz həyatını yaşayır. Sonra da ya ayrılırlar, ya da ki, bir-birini belə qəbul edib yaşayırlar. Atalarımız, analarımızın bizə tövsiyyə etdiyi tərbiyə əfsuslar olsun ki, qalmayıb”
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Zemfira Nərimanova deyib. O daha sonra əvvəlki sənətkarları tamaşaçıların sevdiyini söylədi:
 
“Çünki biz doğurdan da sənətimizin fədaisi olduq, özümüzü sənətdə sevmədik, sənəti özümüzdə sevdik. Biz səhər duranda da, gecə yatanda da yalnız obrazımız haqda fikirləşirdik. Düşünmürdük ki, mən necə görünəcəm? Məni sevəcəklər ya sevməyəcəklər? Biz obrazla, rolla yaşayırdıq. “Pəncərədə işıq” tamaşasının çəkilişlərindən sizə bir epizod danışacam. Bəlkə yadınızdadır, birinci dəfə məktəbli forması ilə ekranda görünürük. O formanı mən özüm tapmışdım. O zaman mən Neftçilər metrosunun yanında yaşayırdım. Tamaşalar indiki kimi tez bitmirdi. Evə gələnə qədər axşam saat 11 olurdu. Mənim rəhmətlik atam sənətimə qarşı çıxırdı. Bir gün də gecə oturub formaya yaxalıq tikirdim. Atam gəlib qapını açdı, gördü ki, mən nəsə tikirəm.. Hirsləndi, işığı söndürdü. Mən də gözlədim  ki, o yatsın. İnanın mənə şam işığında o geyimi tikdim. Səhəri gün mən məşqə, ordan da çəkilişə getdim. Heç kəs bilmədi ki, mənim nə problemim var. Çox əziyyətlər çəkmişik. Hər şeyi özümüz edirdik. Sənətimizin naminə. Həqiqətən də sənətimizi sevirik. Amma əfsuslar olsun ki, indikilər fikirləşirlər ki, tez bir zamanda məşhurlaşsınlar. Hər yerə çıxırlar, özlərini nümayiş etdirirlər” deyə sənətkar bildirib.
 
Xalq artisti tamaşaçı sevgisindən də danışıb:
 
“Tamaşaçılar mənim üçün, mən də onlar üçün darıxmışam. Şükürlər olsun ki, nəsə etmişəm. Həyatımı elə-belə yaşamamışam. Bu günə qədər məni tanıyırlar. Tədbirlərdə, küçələrdə, hətta liftdə də mənimlə çəkil çəkdirmək istəyirlər. Düzdür, şəkildən qaçıram, amma hardasa tutub çəkirlər. Yaxşı operator işi, rejissor və yazılan ssenari məni cəlb etsə çəkilərəm. Amma maraqlı bir senari olmalıdır” deyə sənətkar bildirib.
Chosen
8
1
moderator.az

2Sources