EN

Deputatın zənginə cavab verməyən nazirləri cəza gözləyir Onlar kimlərdir?

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Sentyabrın 17-də Milli Məclisin komitə iclasında deputat Səyyad Aranın nazirlərlə bağlı çıxışı diqqət çəkib. Millət vəkili onları telefon zənglərinə cavab vermədikləri üçün qınayıb və bunun xalqa hörmətsizlik olduğunu bildirib. Deputat plenar iclaslarda bu nazirlərin adlarını çəkəcəyini də qeyd edib.

Sitat: “Nazirlər ya telefonu götürmürlər, ya da məktublarımıza gec cavab verirlər. Nəticədə bizim camaatla bağlılığımıza, onların suallarına, problemlərinə diqqətlə yanaşmağımıza mane olur. Xalqla üz-üzə qalan, yaxası əldə olan deputatdır. Nə nazir, nə komitə sədri, nə də başqasıdır… Yaxşı, ay nazir, sənə məktub yazmışam, niyə cavab vermirsən? Yaxşı, sən çox mühüm işlərlə məşğulsan. Deputatın yazdığı məktub xalqın arzusu, istəyi və problemi ilə bağlıdır, cavab verməlisən. Deputatdan da keyfiyyətli və səmərəli şəraitə maliksən, niyə cavab vermirsən?”

Maraqlıdır ki, digər millət vəkilləri də zaman-zaman belə hallardan şikayət edirlər.

Bəs qanunvericiliklə bu məsələ necə tənzimlənir? Nazirlər Milli Məclis üzvlərinin məktublarına və zənglərinə cavab verməlidirlərmi?

Globalinfo.az-a danışan deputat Vüqar İskəndərov deyib ki, millət vəkilinin statusu qanunla tənzimlənir və Konstitusiyanın müvafiq maddələrinə əsaslanır.

Onun sözlərinə görə, deputatın statusu əsasən Konstitusiyanın 82-83, 85-87, 88-in ikinci hissəsi, 89-91, 94-cü maddənin birinci hissəsinin üçüncü bəndi və 96-cı maddəsində müəyyən olunur:

“Bu maddələr deputatın səlahiyyətlərini və hüquqlarını əhatə edir. Milli Məclisin deputatı orqanların iclaslarında iştirak etmək, qanunvericilik təşəbbüsü irəli sürmək, deputat sorğuları vermək, məlumat almaq və yaymaq hüququna malikdir. Onlar toxunulmazdır və Konstitusiya ilə nəzərdə tutulmuş hallarda şahid qismində ifadə verməkdən imtina edə bilərlər. Vəzifəli şəxslər tərəfindən dərhal qəbul edilmək hüququ var. Deputat həmçinin komitə və komissiyalarda iştirak edir, Milli Məclis sədrinin tapşırıqlarını yerinə yetirir, seçkilərlə bağlı iş aparır və sorğularına cavab alır. Millət vəkili mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birbaşa əlaqə qurmaq, məsələləri müzakirə etmək və həllini təmin etmək imkanına malikdir. Mövcud təcrübəmə əsasən, mən belə problemlərlə qarşılaşmamışam. Hər hansı bir məsələ ilə bağlı nazirliklər və digər dövlət orqanları ilə əlaqə zamanı qarşılıqlı anlaşma və əməkdaşlıq mövcuddur”.

Vüqar İskəndərov

Millət vəkili bildirib ki, indiyə qədər vəzifə səlahiyyətlərinin itirilməsi ilə bağlı hər hansı problem yaranmayıb:

“Yerli icra hakimiyyəti ilə mütəmadi əlaqə saxlayır, seçkilər, məktublar, təkliflər və şikayətlərlə bağlı məsələləri müzakirə edirik. Eyni zamanda, mərkəzi icra hakimiyyəti orqanları, nazirliklər, komitə sədrləri və digər dövlət qurumlarının rəhbərləri ilə daimi əməkdaşlıq mövcuddur və indiyə qədər heç bir problem yaranmayıb. Əgər belə bir hal yaşanarsa, onu ictimaiyyələşdirmədən, qarşılıqlı formada həmin vəzifəli şəxslə müzəkirə edərək məsələni həll edərəm”.

Vəkil Elçin Sadıqov isə qeyd edib ki, Konstitusiyanın 90-cı maddəsində deputatın hüquqlarından biri dövlət orqanlarına, müəssisələrə, idarələrə və təşkilatlara sorğu göndərməkdir:

“Bu sorğulara cavab vermək öhdəliyi qanunla həmin dövlət orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların üzərinə düşür və cavab vermək məcburidir. Deputatın statusu haqqında Qanunun 12-ci maddəsinə əsasən, sorğuya 20 iş günü ərzində rəsmi, hüquqi baxımdan əsaslandırılmış və tam cavab verilməlidir. Millət vəkilləri sorğularını Milli Məclisin rəhbərliyi vasitəsilə aidiyyəti qurumlara göndərirlər”.

Elçin Sadıqov

Vəkilin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən deputatın sorğusuna cavab verməmək vəzifəli şəxslər üçün cərimə və digər intizam tədbirlərini nəzərdə tutur:

“Bu öhdəlik bütün nazirliklər, dövlət orqanları, müəssisələr, təşkilatlar və bələdiyyələr üçün keçərlidir. Deputatın sorğusuna cavab verməmək qanunsuz hesab olunur və müvafiq tədbirlər görülə bilər”.

Globalinfo.az deputat Səyyad Aranın hansı nazirlərdən söz açdığını dəqiqləşdirmək üçün onunla əlaqə saxlamağa çalışıb. Lakin millət vəkili hazırda özünü yaxşı hiss etmədiyini, xəstə olduğunu bildirərək sualımızı cavablandırmaqdan imtina edib.

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
23
1
globalinfo.az

2Sources