EN

Avrokomissiya Rusiya əleyhinə 19-cu sanksiya paketini hələ gizli saxlayır - üzv ölkələr də...


Əsas səbəb Avropanın öz daxilindəki enerji asılılığı və siyasi parçalanmadır

Avropa İttifaqı (Aİ) 19-cu sanksiyalar paketinin elan edilməsini təxirə salıb. Buna səbəb, Bloomberg-in məlumatına görə, yeni paketin hələ G7 ölkələri ilə razılaşdırılmamasıdır.

Yəni Avropa Birliyi yalnız təkbaşına deyil, həm ABŞ, həm də digər əsas alyanslarla birlikdə hərəkət etmək istəyir.

Eyni zamanda, ABŞ Aİ-dən daha sərt tədbirlərin görülməsini tələb edir. Məsələn, Ağ Ev Rusiyadan enerji idxalının dayandırılması və ya azaltılması, Çin və Hindistan kimi ölkələrlə münasibətdə əlavə tədbirlər görülməsini istəyir. ABŞ-ın bu tələb və gözləntiləri Aİ-nin planlarını dəyişməyə vadar edib.

Sənədlərin detalları hələ tam hazır deyil. Məlum deyil ki, hansı fiziki və hüquqi şəxslər, hansı sektorlar hədəfə alınacaq, hansı məhdudlaşdırıcı tədbirlər olacaq. Bunlar hələ müzakirə olunmaqdadır.

Aİ bildirir ki, paket hazır olduqda, onu təqdim edəcək.

Aİ ölkələri arasında fərqli tələblər var. Bəzi ölkələr enerji ehtiyatları və Rusiya ilə ticarətdən asılıdır. Onlar sərt tədbirlərdən təsirlənə bilər. Bu cür ölkələrin maraqları nəzərə alınmalıdır.

Böyük ehtimalla, Rusiyadan neft alan ölkələrə qarşı sanksiyaların tətbiqi məsələsi müzakirə edilir. Lakin Avropa ölkələrindən Macarıstan, Slovakiya və Çexiya Rusiyadan neft, Macarıstan, Avstrya və Slovakiya isə qaz alır. Tramp isə tələb edir ki, Rusiya neftindən imtina edin ki, biz də Moskvaya qarşı sanksiyalarla təzyiqi gücləndirək. Macarıstan və Solvakiya isə rus neftindən imtina etmək istəmirlər. Aİ rəhbərliyi həm də Trampa işarə edir ki, bu iki ölkənin rəhbərləri sənin dostlarındı.

İndi Aİ Rusiyadan neft alan ölkələrə necə sanksiya tətbiq etsin ki, onun öz ittifaqı daxilində rus nefti alan və bundan imtina etmək istəməyən iki dövlət (Macarıstan və Slovakiya) var? Görünür bu səbəbdən 19-cu sanksiyalar paketi belə ciddi muzakirələrə səbəb olur. Həm də 19-cu sanksiyalar paketinin müzakirə edilən layihəsi gizli saxlanılır.

Baki-xeber.com nəşrinə görə, Aİ-nin 19-cu sanksiyalar paketi ətrafındakı çətinliklərin mahiyyətini bir neçə istiqamətdə şərh etmək olar.

Əvvəla, Aİ sanksiyalar paketini G7 ilə razılaşdırma məcburiyyətindədir. Aİ artıq əvvəlki sanksiya paketlərində də göstərib ki, ABŞ və Böyük Yeddiliklə (G7) koordinasiyanı vacib sayır. Əks halda, vahid Qərb cəbhəsi dağınıq görünər, bu da Moskvanın əlini gücləndirər. Ona görə paketlər “təkbaşına Brüsselin addımı” kimi yox, kollektiv qərar kimi təqdim edilir.

İkincisi, ABŞ-ın sərt xətti və Aİ-nin dilemması üz-üzə qalib. Vaşinqton daha aqressiv tədbirlər tələb edir. Xüsusən də ABŞ Rusiya enerji ixracatına tam bloklamaq istəyir. Lakin Aİ-nin bir çox ölkəsi hələ də Rusiya nefti və qazından qismən asılıdır. ABŞ enerji baxımından daha təhlükəsizdir, amma Avropa ölkələri üçün eyni addım iqtisadi və sosial böhran risqi yarada bilər.

Eyni zamanda, Aİ daxilində parçalanma da müşahidə edilməkdədir. Macarıstan və Slovakiya rus neftindən imtina etmək istəmirlər və kompromis tələb edirlər.

Avstriya və Macarıstan isə hələ də Rusiya qazından ciddi asılıdırlar.

Bu səbəbdən Brüssel sərt qərar verəndə daxildən müqavimətə rast gəlir. Viktor Orbanın siyasəti buna ən açıq nümunədir.

Maraqlıdır ki, mənbələrdə Trampın adı çəkilir. ABŞ-da seçki dinamikası və respublikaçıların mövqeyi Aİ-ni də narahat edir. Avropalı liderlər yaxşı anlayır ki, Trampın dostu sayılan Orban və Fico (Slovakiyada) Rusiyaya qarşı sərt addımların qarşısını ala bilər. Bu da həm ABŞ-la koordinasiyanı, həm də Aİ daxilində vahid mövqeyi çətinləşdirir.

Sanksiyalar paketi niyə gizli saxlanılır?

Çünki əvvəlcədən detallar sızsa, həm daxili müqavimət güclənər, həm də Moskva cavab tədbirləri hazırlaya bilər. Ona görə Brüssel sanksiya layihəsini müzakirələr yekunlaşana qədər məxfi saxlayır.

Yəni 19-cu sanksiya paketi ətrafında vəziyyət əvvəlkilərdən daha mürəkkəbdir. Əsas səbəb isə Avropanın öz daxilindəki enerji asılılığı və siyasi parçalanmadır. ABŞ və Aİbirlikdə hərəkət etmək istəyir, amma həm Trampın tələbləri, həm də Macarıstan-Slovakiya kimi dövlətlərin “xüsusi mövqeyi” yekun qərarın qəbulunu gecikdirir. Ona görə də sənədin açıqlanması təxirə salınır və kompromis formulu axtarılır.

Aİ-nin 19-cu sanksiyalar paketində ehtimal olunan hədəfləri aşağıdakı qruplara bölmək olar.

Enerji sektoru

ABŞ tələb edir ki, Avropa Rusiya neftindən tamamilə imtina etsin. Amma Macarıstan və Slovakiya hələ də rus neftindən asılıdır. Ona görə də, böyük ehtimalla, tam qadağa yox, müəyyən güzəştlər və ya kvotalarla məhdudiyyət variantı müzakirə olunur.

Aİ son paketlərdə LNG (mayeləşdirilmiş qaz) və neft məhsulları istiqamətini hədəfə alırdı. 19-cu paketdə də əlavə məhdudiyyətlər mümkündür.

Maliyyə sektoru

Hələ SWIFT sistemindən tam çıxarılmayan Rusiya banklarının siyahısı genişlənə bilər. Rusiya neftinin “kölgə donanması” ilə daşınmasının qarşısını almaq üçün onlara sığorta və broker xidmətləri həyata keçirən avropalı şirkətlərə qarşı daha sərt məhdudiyyətlər tətbiq oluna bilər.

Çiplər və texnologiya

Aİ və ABŞ-ın əsas narahatlığı ondan ibarətdir ki, Rusiya Qərb sanksiyalarını Çin, Hindistan, Türkiyə, BƏƏ və Orta Asiya ölkələri vasitəsilə “yan keçərək” mikroçiplər və texniki avadanlıqlar əldə edir. Yeni paketdə “ikili təyinatlı mallar” (həm mülki, həm hərbi istifadəsi olan məhsullar) üzrə üçüncü ölkələrə qarşı dolayı sanksiyalar tətbiq oluna bilər.

Şəxslər və şirkətlər

Yeni siyahıya Kremlə yaxın oliqarxlar, hərbi-sənaye kompleksi ilə bağlı şəxslər, habelə “sanksiyalardan yayınmağa kömək edən” xarici şirkətlər daxil edilə bilər. Əvvəlki paketlərdə hədəfdə olan İran şirkətləri (dron tədarükünə görə) kimi indi də Çin və Hindistan vasitəçi şirkətləri əlavə edilə bilər.

Geosiyasi hədəflər

Belarus prezidenti A.Lukaşenkonun rejimi Rusiyanı dəstəklədiyinə görə yeni məhdudiyyətlərlə üzləşə bilər.

Çin və Hindistanla bağlı dolayı sanksiyalar mümkündür. Bu ölkələrə birbaşa deyil, ancaq Rusiyanın “yan yollarla” maliyyələşməsinə və ticarətinə yardım edən şirkətlərinə qarşı tədbirlər nəzərdə tutula bilər.

Yəni 19-cu paket əvvəlkilərdən daha hibrid xarakterli ola bilər.

Akif NƏSİRLİ

Chosen
10
baki-xeber.com

1Sources