EN

Multikulturalizm Mərkəzi beynəlxalq əlaqələrini genişləndirir - FOTO

Qazaxıstan Astana şəhərində keçirilən Dünya dinləri və ənənəvi dinlərin liderlərinin VIII Qurultayı çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Qazaxıstanın Beynəlxalq Konfessiyalararası və Dinlərarası Dialoq Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.

“İki sahil” xəbər verir ki, Anlaşma Memorandumunun imzalanmasında məqsəd dini və mədəni müxtəlifliyin qorunması, ictimai həmrəylik və birliyin möhkəmləndirilməsi istiqamətində qarşılıqlı fəaliyyətin genişləndirilməsidir.

Memoranduma əsasən, birgə tədqiqat layihələrinin həyata keçirilməsi, elmi seminarlar, konfranslar və dəyirmi masaların təşkili, dinlərarası münasibətlərin inkişafı sahəsində təcrübə və metodoloji yanaşmaların mübadiləsi, dövlət qurumları üçün proqnoz və tövsiyələrin hazırlanması, elmi əməkdaşlar üçün təcrübə proqramlarının təşkili nəzərdə tutulur.

Sənəd, həmçinin tərəflərin dövlət qrant müsabiqələrində və müxtəlif elmi layihələrdə birgə iştirakını, eləcə də gələcək əməkdaşlıq formalarının qarşılıqlı razılıq əsasında inkişaf etdirilməsini ehtiva edir.

İmzalanma mərasimində bildirilib ki, memorandum həm Azərbaycan həm də Qazaxıstanın qlobal miqyasda mədəniyyətlərarası və dinlərarası dialoqa verdiyi önəmin bariz nümunəsidir.

Memorandumun regional və beynəlxalq miqyasda dinlərarası və mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə töhfə verəcəyi, Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinin beynəlxalq miqyasda təşviqinə xidmət edəcəyi, eyni zamanda Qazaxıstanın multikonfessional və multietnik cəmiyyət modelinin öyrənilməsi və təbliği baxımından faydalı olacağı vurğulanıb.

Xatırladaq ki, sentyabrın 17-18-də Qazaxıstanın Astana şəhərində Dünya dinlərinin və ənənəvi dinlərin liderlərinin VIII Qurultayı keçirilib. "Dinlərin dialoqu: Gələcək üçün sinerji" mövzusuna həsr olunan Qurultayda dünyanın 60 ölkəsindən 100-dən çox nümayəndə heyəti iştirak edib.

Chosen
22
8
ikisahil.az

10Sources