EN

Çin böyük həcmdə neft ehtiyatları toplayır - Səbəb nədir?

Bloomberg: Pekinin bu addımı həm kommersiya, həm də strateji məqsədlərlə bağlı ola bilər...

Poliqon Bloomberg Agentliyinə istinadən xəbər verir ki, Çin son aylarda rekord həcmdə xam neft alaraq strateji ehtiyatlarını genişləndirib. Rəsmi məlumatlara görə, Pekin bu il faktiki istehlakından əlavə olaraq 150 milyon barrelədək neft tədarük edib. Bu həcmdə alışın dəyəri hazırkı qiymətlərlə təxminən 10 milyard dollara çatır. Daha çox elektromobilə sahib olan Çin kimi bir ölkənin belə iri həcmdə neft ehtiyatı toplaması isə ekspertlər tərəfindən ciddi təhlil mövzusu kimi dəyərləndirilir.

Bloomberg-in tanınmış analitiki Xavyer Blas hesab edir ki, Çinin bu strategiyasının bir neçə əsas səbəbi var:

1. Opportunistik alışlar: Çin uzunmüddətli perspektivlə bazarda təcrübəli treyder kimi çıxış edir. Hazırda neft qiymətlərinin ucuz olması Pekinə əlavə alış üçün imkan yaradıb. Reallıqda, inflyasiya nəzərə alınmaqla, WTI markalı neftin qiyməti son 20 ildəki səviyyəyə yaxındır.

2. Saxlama gücü: Çin son illərdə çoxsaylı yeni anbar və rezervuarları istismara verib. Hazırda mövcud infrastrukturun təxminən yarısı boşdur. 2026-cı ilə qədər isə daha çox saxlama gücü istifadəyə veriləcək. Bu da əlavə alış üçün əlverişli şərait yaradır.

3. Yeni enerji qanunu: 1 yanvardan qüvvəyə minmiş enerji haqqında qanun ilk dəfə olaraq strateji ehtiyatların yaradılmasını dövlət və özəl şirkətlər üçün hüquqi öhdəlik kimi təsbit edib. Beləliklə, ehtiyat toplama prosesi artıq yalnız dövlətin deyil, həm də kommersiya sektorunun məsuliyyəti hesab olunur.

4. Enerji təhlükəsizliyi: Çin neftinin 20 faizini ABŞ-ın sanksiyalarına məruz qalan ölkələrdən — əsasən İran, Rusiya və Venesueladan alır. Gələcəkdə bu tədarükün pozulmayacağına heç kim zəmanət verə bilməz. Bu baxımdan, strateji ehtiyatların artırılması məntiqli addım sayılır. Hazırda ölkənin ehtiyatları 110 günlük istehlaka bərabərdir. Əgər Sinqapurdan yayılan məlumatlar təsdiqlənərsə, bu rəqəm 2026-cı ildə 140–180 günə qədər yüksələ bilər.

5. Tayvan riski: Ekspertlərə görə, əlavə alışların ən sadə izahı Pekinin potensial hərbi münaqişəyə hazırlaşması ola bilər. Neft bazarında bir çox treyderlər “Tayvan” amilini xüsusi vurğulayırlar.

6. ABŞ aktivlərindən asılılığın azaldılması: Çin nefti yalnız strateji resurs deyil, həm də investisiya aləti kimi görür. Bloomberg yazır ki, Pekin ABŞ-ın xəzinə istiqrazları əvəzinə alternativ aktivlərə yönəlir. Neft alışına yönəldilən 10 milyard dollarlıq vəsait, həmçinin qızıl və digər qeyri-dollar aktivlərinə yatırımlar bu siyasətin tərkib hissəsi hesab olunur.

Ekspertlərin ümumi qənaətinə görə, bütün bu amillər Çinin 2026-cı ildə də iri həcmdə neft toplamasını labüd edir. Bu isə qlobal bazarda gözlənilən artıqlığın müəyyən hissəsinin məhz Pekin tərəfindən mənimsənilməsi deməkdir.

Poliqon.info

Chosen
19
poliqon.info

1Sources