EN

"Təəssüf ki, bir çox valideyn övladlarının tərbiyəsini tamamilə məktəbin üzərinə atır" - Psixoloq

Dərslərin başlanmasından cəmi üç gün keçməsinə baxmayaraq, məktəblərdə xoşagəlməz və narahatedici hadisələr baş verib. Əvvəlcə məktəbdə bıçaqlanma faktı qeydə alındı, daha sonra isə bir şagirdin canlı yayım açaraq nalayiq ifadələr işlətməsi cəmiyyətin diqqətini ciddi şəkildə bu məsələyə yönəltdi. Bu kimi hallar təbii olaraq bir sıra suallar doğurur:

Belə davranışlarda valideynlərin məsuliyyəti nə dərəcədədir? Uşaqların bu qədər aqressivləşməsinin səbəbləri nələrdir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında psixoloq Zeynəb Əyyubova bildirdi ki, bu cür hadisələr birdən-birə baş vermir.

"Uşaqların aqressiv davranışı, məktəbdə zorakılıq, nalayiq sözlər işlətməsi, bunların hər biri illərlə yığılan problemlərin nəticəsidir. Burada ailə mühiti, məktəb mühiti, cəmiyyətin ümumi sosial-emosional fonu mühüm rol oynayır. Məsələdə valideynlərin məsuliyyəti olduqca böyükdür. Çünki uşağın ilk davranış modeli ailədə formalaşır. Əgər uşaq evdə sevgi, qayğı, düzgün ünsiyyət görmürsə, aqressiya və laqeydliklə üzləşirsə, o zaman bu davranışları məktəbə daşıyır. Təəssüf ki, bir çox valideyn övladlarının tərbiyəsini tamamilə məktəbin üzərinə atır. Halbuki məktəb yalnız bilik verir, əsas tərbiyə ailədən gəlməlidir".

Psixoloq əlavə etdi ki, sosial şəbəkələr uşaqların aqressivləşməsində ciddi rol oynayır:

"Çünki orada çox vaxt zorakılıq, nalayiq ifadələr, mənfi nümunələr nümayiş etdirilir və gənclər də bunları təqlid etməyə başlayır. Uşaq psixikası hələ tam formalaşmadığı üçün gördüyünü asanlıqla normal qəbul edir. Nəticədə, real həyatda da sosial şəbəkədə gördüyü davranışları sərgiləyir. Məktəblərdə də psixoloji dəstəyin azlığı səbəbindən şagirdlər problemləri ilə bağlı danışmağa, dəstək almağa yer tapa bilmirlər. Cəmiyyətin aqressiv fonu televiziyada, mediada, sosial şəbəkələrdə zorakılığın normallaşdırılması da bu kimi halların yaşanmasına səbəb olur. Bəzi hallarda çıxış yolu çoxplanlıdır. Valideynlər övladlarına daha çox sevgi və diqqət göstərməli, açıq ünsiyyət qurmalıdır".

Müsahibimizin fikrincə, məktəblərdə psixoloqların rolu gücləndirilməli, şagirdlər üçün maarifləndirici təlimlər keçirilməlidir:

"Eyni zamanda uşaqların sosial şəbəkələrdə keçirdiyi vaxt valideyn nəzarətində olmalı, alternativ sağlam fəaliyyətlər idman, incəsənət, yaradıcılıq imkanları yaradılmalıdır. Ən əsası isə uşaqlara dəyərlər, hörmət, mərhəmət, empatiya, məsuliyyət kimi hisləri aşılamaq lazımdır. Valideynlərə tövsiyəm odur ki, uşağınızın yalnız qiymətlərinə deyil, onun daxili dünyasına da diqqət edin. Övladınızın kimlərlə ünsiyyət qurduğunu, hansı hisslər yaşadığını soruşun. Onu dinləyin, başa düşün, birlikdə vaxt keçirin. Çünki uşaq yalnız o zaman sağlam, balanslı və humanist insan kimi formalaşacaq ki, ailədə dəstək və sevgi görsün", - deyə Zeynəb Əyyubova yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Chosen
19
1
redaktor.az

2Sources