EN

Şuşada tarixi qərar: Bakı-Əbu-Dabi xəttində strateji tərəfdaşlıq mərhələsi

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana səfəri, xüsusilə Prezident İlham Əliyevlə işğaldan azad olunmuş bölgələrdə - Füzulidə və Şuşada görüşü müxtəlif aspektlərdə əhəmiyyətlidir.

Azərbaycan-BƏƏ münasibətləri yeni mərhələdə

Bakı-Əbu-Dabi xəttində münasibətlərin tarixi 30-dan ildən çoxdur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra BƏƏ ilə münasibətlər quruldu, lakin iki ölkə arasında əlaqələrin inkişafı, müxtəlif sahələrdə üzrə əməkdaşlıqların genişlənməsi ümumilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışında sonra start götürdü. Bu, həm BƏƏ-nin müstəqilliyini bərpa etmiş Azərbaycanla münasibətlərdə maraqlı olmasından, həm də Heydər Əliyevin Körfəz ölkələri də daxil olmaqla İslam dünyası ilə sıx əlaqələr qurmaq strategiyasından qaynaqlanırdı. İkitərəfli münasibətlər Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə yüksələn xətlə inkişaf etdi. BƏƏ-yə ilk səfərini 2006-cı ildə edən dövlət başçısı indiyə qədər dost ölkəni 6 dəfə ziyarət edib. Bu səfərlər qarşılıqlı şəkildə həöyata keçirilib.

BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın 16 sentyabrda Azərbaycana gerçəkləşən səfəri təkcə dostluğun məntiqi nəticəsi yox, həm də ikitərəfli münasibətlərin hərtərəfli müstəviyə keçməsi idi. Azərbaycan və BƏƏ liderlərinin Şuşada imzaladığı “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə” bunun rəsmiləşməsi deməkdir.

Niyə Şuşa?

BƏƏ prezidentinin səfəri və iki ölkə arasında mühüm sənədlərin məhz Şuşada imzalanması bu sualı ön plana çıxarır. Bunu iki aspektdə dəyərləndirmək olar.

Birincisi, Azərbaycanın Avrasiyada mühüm dialoq platforması olduğu kimi, Şuşanın, ümumilikdə azad olunmuş ərazilərin bu platformanın özəyinə çevrilməsidir.
İkincisi, rəsmi Bakı mühüm dövlət səfərləri və beynəlxlq tədbirləri azad olunmuş ərazilərdə keçirməklə strateji əhəmiyyətli addımlar atır

- Qlobal siyasi arenada azad olunmuş ərazilərimizin – Şuşanın, Füzulinin, Xankəndinin və s. prestejini yüksəlir və qazandığımız zəfər beynəlxalq müstəvidə daha da güclənir;
- İnvestisiyaların cəlb edilməsi məqsədilə azad olunmuş ərazilərin iqtisadi potensialı nümayiş etdirilir;

Azad olunmuş ərazilərdə BƏƏ-nin iştirakı

Azərbaycan-BƏƏ münasibətlərində ən mühüm istiqamətlərdən biri “yaşıl enerji” sektorundakı əmədaşlıqdır. BƏƏ-nin “Masdar” şirkəti Azərbaycanda bərpaolunan enerji sektorunda böyük investisiyalar yatırıb. “Qaradağ” Günəş-Elektrik Stansiyası bunun əsas nümunəsi hesab olunur. Bu, Xəzər regionunda, ümumilikdə MDB-də ən böyük günəş-elektrik stansiyasıdır. Bununla yanaşı, “Masdar” Biləsuvarda 445 MVt, Neftçalada 315 MVt gücündə günəş-elektrik stansiyaları, Abşeron-Qaradağ rayonunda isə 240 MVt gücündə külək-elektrik stansiyası layihələrini icrası edir.

Azad olunmuş ərazilərin “yaşıl enerji” potensialının kifayət qədər böyük olması fonunda BƏƏ prezidentinin buraya səfəri yeni investisiya imkanları da yaradır. BƏƏ azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesinə də kömək edir. Minatəmizləmə Agentliyi (ANAMA) ilə BƏƏ hökumətinin imzaladığı Anlaşma Memorandumu çərçivəsində minaların təmizlənməsi işinə 5 milyon dollar maliyyət dəstəyi ayrılıb.

Bakı-Əbu-Dabi xəttində mühüm anlaşmalar

Sentyabrın 16-da liderlərin Şuşada imzaladığı “Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə” özündə mühüm istiqamətləri ehtiva edir. Bəyannaməyə əsasən, Azərbaycan və BƏƏ əməkdaşlığı hərtərəfli müstəviyə daşıyırlar.

- İki ölkə Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsi yaradacaq;
- Parlamentlərarası əməkdaşlıq gücləndiriləcək;
- Müdafiə, təhlükəsizlik və kibertəhlükəsizlik sahələrində əməkdaşlıq qurulacaq;
- İqtisadi əməkdaşlığın dərinləşdiriləcək və Birgə Biznes Şurası yaradılacaq;
- Enerji sektorunda əməkdaşlıq davam etdiriləcək;
- Təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlıq inkişaf etdiriləcək;

Tərəflər siyasi, iqtisadi, təhlükəsizlik, enerji, mədəni, sosial, bir sözlə bütün istiqamətlərdə əməkdaşlığı dərinləşdirir. Ən önəmli məqamlardan biri isə Azərbaycan və BƏƏ-nin muilli və regional təhlükəsizliyə təhdid yaradan vəziyyətlərdə qarşılıqlı məsləhətləşmələr aparmaqla bağlı razılığa gəlməsidir. Bu, Azərbaycanın ərəb dünyasında, BƏƏ-nin isə Cənubi Qafqazdakı mövqelərini böyük ölçüdə gücləndirən amildir.

Azərbaycanın Körfəz açılımı

Körfəz ölkələri ilə Azərbaycanın münasibətləri hər zaman yüksək səviyyədə olub. Lakin hazırda baş verən qlobal proseslər bu münasibətlərin əhəmiyyətini daha da gücləndirir.

Birincisi, Körfəz ölkələri qlobal iqtisadiyyatının əsas investorları kimi çıxış edir, xüsusilə dünyanın gələcək enerji mənbəyi hesab ounan “yaşıl enerji” sektorunda aktivdirlər. Bu əməkdaşlıq Azərbaycanın yeni investisiyalar əldə etmək imkanlarını genişləndirir.

İkincisi, Körfəz ölkələri çoxqütblü sistemin qurulduğu dünyada mühüm rola malikdirlər. Azərbaycan üçün bu ölkələrlə münasibətlər qlobal siyasətdə rolunu artıra bilər.

BƏƏ bu proseslərdə ən aktiv yer alan ölkədir və Azərbaycanla hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması böyük dividentlər vəd edir. Ən önəmli məqamlardan biri də Yaxın Şərqdə akitiv oyunçuya çevrilən Azərbaycanın ümumilikdə ərəb dünyası ilə münasibətlərinin inkişafına təkan verəcək.

BƏƏ Cənubi Qafqazda

Əbu-Dabi regionumuzda fəaliyyətini genişləndirmək istiqamətində işləyir, xüsusilə 44 günlük müharibədə torpaqlarımızın azad edilməsindən sonra bu fəaliyyətin intensivləşdiyini müşahidə edirik. Təbii ki, Cənubi Qafqazda möbvqelərini gücləndirmək və davamlı iştirakın yolu regionun lideri olan Azərbaycanla münasibətlərdən keçir. Bakı-Əbu-Dabi xəttində dərinləşən əməkdaşlıq BƏƏ-nin bölgədəki mövqelərini gücləndirmək imkanları yaradır.

İmzalanan sənədlər, Prezident İlham Əliyevlə Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın bir-birinə dərin hörməti və dost-qardaş münasibəti, hərtərfli stateji tərəfdaşlığın qurulması 16 sentyabr Şuşa görüşünün Azərbaycan və BƏƏ üçün tarixi mərhələyə çevirdi.

Asif Nərimanlı

Chosen
5
1
publika.az

2Sources