EN

Komandanın əziyyətini yerə vurub, dediyi sözlərə bax!

“İmişli” – “Sumqayıt” matçında yol verilən səhvin günahkarı üzə çıxıb.

İkinci hissədə meydana daxil olan İbrahim Əliyevin adının iştirak ərizəsində qeyd olunmamasına görə məsuliyyət klubun icraçı direktoru Aqşin Mürsəlovun boynundadır.

Və həmin şəxs gündəmi zəbt edən hadisə ilə bağlı “report”a açıqlama verib:

"İbrahim Əliyevin adı protokolda olmasa da, bütün tərtib olunan siyahılarda yer alıb. Araşdırıb baxsınlar, bu futbolçunun heç bir cəzası və meydana çıxmaqla bağlı qadağası yoxdur.

Sadəcə, yekun heyət göndərilərkən, onun adı düşməyib. Fikrimcə, həmin vaxt internetdə yaranan problemə görə belə hal yaşanıb. Təəssüf hissi keçiririk. 90 dəqiqə ərzində qalib gəldiyimiz matça görə 0:3 hesablı texniki məğlubiyyət almaq istəmirik.

Belə bir hal baş verərsə, apellyasiya şikayəti verəcəyik. İstəyimiz odur ki, məsələyə ədalətli baxılsın. Bu bir qəza idi, baş verdi.

İstənilən halda, məsuliyyət mənə aiddir. Protokol hazırlanır və ən sonda mənə gəlir, mən də baxdıqdan sonra təsdiq verirəm".

Premyer Liqada çıxış edən klubun aparıcı adamlarından birinin dilinə gətirdikləri ikrah doğurur. Və məlum olur ki, bu adamın futbolun “f”sından xəbəri yoxdur.

Deyir, araşdırsınlar, bu futbolçunun heç bir cəzası yoxdur.

A bəy, futbolçu cəzalı olanda, onsuz da bununla bağlı sizə xəbərdarlıq edilir. Digər tərəfdən klublara təqdim olunan Əsasnamədə texniki məğlubiyyətlə bağlı detallar nöqtə-vergülə kimi göstərilib. Vaxtınız olanda açıb oxuyun.

Futbolçunun adı iştirak ərizəsinə salınmasın, baş məşqçinin kefi istədiyini meydana buraxsın, sonra da sizin kimi biri çıxıb desin ki, cəzası və məhdudiyyəti yox idi. Nə danışdığınızın fərqindəsiniz?

O boyda açıqlamada düz-əməlli bir cümlə (iddia) var, o da məsələyə ədalətli baxılmasını istəməsidir.

Baxılacaq, buna əmin ola bilərsiniz. Məsələnin ədalətli tərəfi məhz “İmişli”nin texniki məğlubiyyət almasıdır.

Siz də futbolla yaxından maraqlanın, qaydalarla tanış olun, dünya futbolunda yaşananları diqqətdə saxlayın, imkanınız olanda idarəçilik ixtisası üzrə təhsil alın ki, sabah bu cür halla qarşılaşanda, apellyasiya şikayəti verib özünüzü güldürməyəsiniz.

HƏBİB

Chosen
17
sportinfo.az

1Sources