Malayziyanın Kuala Lumpur şəhərində səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 18-də Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının (AİPA) 46-cı Baş Assambleyasının açılış mərasimində iştirak edib.
Sahibə Qafarova Baş Assambleyanın plenar iclasında çıxış edərək deyib ki, parlament diplomatiyasının əhəmiyyətinin artması ilə AİPA artıq parlamentləri bir araya gətirən, daha sıx əməkdaşlıq üçün yeni ideyalar və imkanlar yaradan əhəmiyyətli və uğurlu platformaya çevrilib.
2022-ci ildən Milli Məclisin AİPA-nın işində müşahidəçi statusunda iştirak etdiyini xatırladan S.Qafarova bunun Azərbaycanın Cənub-Şərqi Asiya ölkələri ilə çoxşaxəli əlaqələrini daha da inkişaf etdirmək niyyətini əks etdirdiyini, parlamentlərarası əməkdaşlığın isə bu əlaqələrin mühüm istiqaməti kimi qiymətləndirildiyini söyləyib.
S.Qafarova diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış və hazırda Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi 2023-cü ilin mart ayında AİPA ilə Əməkdaşlıq Memorandumu imzalayıb.
***
Həmim gün Milli Məclisin sədri Sahibə Qafarova Malayziyanın Baş naziri Ənvər İbrahim ilə görüşüb.
Ənvər İbrahim görüşdə çıxış edərək Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının (AİPA) 46-cı Baş Assambleyasının əhəmiyyətini diqqətə çatdırıb. O, həmçinin tədbirdə iştirakına görə Milli Məclisin sədrinə təşəkkürünü ifadə edib. Baş nazir Azərbaycan Prezidenti İlham Əliyevə salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib.
Sahibə Qafarova Azərbaycanla Malayziya arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin əhəmiyyətini qeyd edib. Ölkələrimizin müxtəlif beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyindən məmnunluq ifadə olunub.
Görüşdə parlamentlərimiz arasında əməkdaşlıq məsələləri haqqında fikir mübadiləsi aparılıb.
XQ