EN

Anti-terror əməliyyatının uğurları

2020-ci ilin 44 günlük Vətən müharibəsi nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, mədəniyyət beşiyimiz Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdi. Hərbi əməliyyatlar 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında imzalanan üçtərəfli Bəyanatla dayandırılmışdı.

Bir savaşın adamı: Cavanşir Feyziyev barədə duyğu yazısı - Globalinfo.az
Müharibədən sonra Azərbaycan dəfələrlə Ermənistana sülh çağırışları etsə də, Ermənistan tərəfi danışıqlardan boyun qaçırır, şərti sərhəddə və suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradılsa da danışıqlar bölgədə vaxtaşırı baş verən silahlı toqquşmalarla müşayiət olunurdu. 2021-ci ilin noyabrında sərhəddə birinci silahlı toqquşmalar baş verdi. Müharibədən sonra ən qanlı toqquşma isə 2022-ci ilin sentyabrında şərti sərhəd bölgəsində baş verdi. 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistanın qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törətdi, aprel və may aylarında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu.

Elə o zaman Azərbaycanın bir sıra vətəndaş cəmiyyəti təşkilatları və ekologiya fəalları Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərindəki faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı və təbii sərvətlərin Ermənistana daşınmasına qarşı Şuşa-Laçın yolunda davamlı etiraz aksiyasına başladı.

2023-cü il aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistan ilə sərhəddə, Laçın–Xankəndi yolunun başlanğıcında “Laçın” nəzarət-buraxılış məntəqəsinin qurulduğunu elan etdi. Bu nəzarət məntəqəsi Ermənistandan Azərbaycan ərazisinə qeyri-qanuni olaraq hərbiləşdirilmiş canlı qüvvə, silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə açılmışdı. Həmin zaman Azərbaycanın Qarabağ bölgəsində hələ də sayı 10 mindən artıq olan qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi.

Ermənistan Qarabağ ərazisində yaratdığı qanunsuz separatçı rejimi maliyyələşdirməkdə davam edirdi. Xarici havadarların dəstəyinə arxalanan Ermənistan rəhbərliyi humanitar məqsədli “Laçın” dəhlizi vasitəsilə silah-sursatların və canlı hərbi qüvvənin daşınmasını həyata keçirirdi. Bütün bunlar ölkəmizin ərazi bütövlüyünə, onun suverenliyinə və təhlükəsizliyinə zidd addımlar idi və bu təxribatlar ərazidə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin gözləri önündə, bəzi hallarda isə hətta birbaşa onların müşayiəti altında baş verirdi.

Üçtərəfli Bəyanatın tələblərinin kobud şəkildə pozulması, qəbul edilmiş öhdəliklərin yerinə yetirilməməsi və digər bu kimi mənfi hallar bölgədə yenidən hərbi əməliyyatların başlanmasını, zəruri tədbirlərin həyata keçirilməsini qaçılmaz edirdi.

Sentyabrın 19-u səhər saatlarında Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz silahlı birləşmələrin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə Silahlı Qüvvələrimizin təminat yollarının minalanması nəticəsində iki mülki şəxs və dörd polis əməkdaşımızın şəhid olması ordumuzu hərəkətə keçirdi. Ordumuz Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinə qarşı məhdud və lokal xarakterli legitim antiterror tədbirləri həyata keçirməyə başladı.

Antiterror tədbirləri çərçivəsində rəşadətli Azərbaycan Ordusu yüksək həssaslıq və peşəkarlıq nümayiş etdirərək qanunsuz erməni silahlı birləşmələrinin ön xəttində və dərinliklərdə olan mövqelərini, atəş nöqtələrini, döyüş vasitələrini, bir sözlə, bütün qanunsuz hərbi obyektləri və infrastrukturu hədəfə alaraq sıradan çıxardı. Sentyabrın 20-də cəmi 23 saat 43 dəqiqə ərzində yekunlaşan “ildırım sürətli” antiterror tədbirləri öz real nəticəsini verdi.

Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələri ağ bayraq qaldıraraq təslim oldular. Antiterror tədbirlərindən əvvəl reinteqrasiya proseslərinə qoşulmaqdan imtina edən separatçılar yaranmış vəziyyəti müzakirə etmək üçün Yevlax şəhərində Azərbaycan hakimiyyət nümayəndələri ilə görüşə gəldilər. Görüşdə separatçı rejimin ləğvi, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya məsələləri müzakirə edildi. Eyni zamanda, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradıldı. Sentyabrın 28-də separatçı rejimin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı.

Beləliklə, Qarabağda yaradılmış qeyri-qanuni xunta rejimi ləğv edildi, işğal dövründə separatçılara rəhbərlik etmiş cinayətkarlar isə həbs edilərək Bakıya gətirildilər. Ermənistan hakimiyyəti və separatçılar Qarabağın həm de-yure, həm də de-fakto Azərbaycan torpağı olduğunu etiraf etdilər.
Beləliklə, sentyabrın 19-20-də keçirilmiş antiterror tədbirləri düşmən üzərində tam və qəti Qələbəmizi təmin etdi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli Bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı.
Cavanşir Feyziyev
Milli Məclisin deputatı

Chosen
15
3
korrespondent.az

4Sources