"Belə bəyanatlar İsrailin artan beynəlxalq təcridinin əsas səbəblərindən - Qəzza zolağındakı hərəkətlərindən və Fələstin məsələsinin ədalətli həllinə qarşı uzunmüddətli laqeyd münasibətindən - diqqəti yayındırmaq üçün vasitədir. Çini "informasiya blokadası" təşkil etməkdə günahlandırmaq faktları təhrif etməklə yanaşı, beynəlxalq ictimaiyyətin diqqətini Qəzza münaqişəsinin dayandırılması kimi təcili vəzifədən yayındırır," - deyə qəzet yazır.
Məqalədə vurğulanır ki, aylarla davam edən qarşıdurma nəticəsində Qəzzada mülki itkilər artır, humanitar böhran dərinləşir. Dünyada qəzəb doğuran isə süni intellekt və ya sosial şəbəkə manipulyasiyaları deyil, məhz dağıdılmış evlərin, xəstəxanaların və zorakılıqdan əziyyət çəkən uşaqların görüntüləridir.
China Daily qeyd edir ki, İsrailin danışıqlardan imtina etməsi, zorakılığı dayandırmaması və birtərəfli addımları etimadı sarsıdır, birgəyaşayış perspektivlərini isə zəiflədir. Qəzet həmçinin xatırladır ki, Qətər atəşkəsin əldə olunmasında mühüm rol oynamış bir ölkə olsa da, İsrail onu da hədəfə alaraq vəziyyəti daha da ağırlaşdırıb.
"Netanyahunun xarici qüvvələri günahlandırmaq cəhdləri reallığı dəyişmir - İsrail hazırkı böhranı öz siyasəti ilə yaradıb. Avropa Komissiyasının İsrailə ticarət imtiyazlarını dayandırmaq və bəzi qurumlara sanksiya tətbiq etmək təklifi, həmçinin Yaxın Şərqdə İslam və ərəb ölkələrinin artan həmrəyliyi Təl-Əvivə göstərir ki, beynəlxalq hüquqa məhəl qoymamaqla o, yalnız özünü təcrid edir," - deyə məqalədə bildirilir.