EN

Dost başa baxar, düşmən ayağa -Bəzi mətbuat niyə ayağa baxır?



Son günlər bəzi saytların “baş xəbər” kimi təqdim etdiyi mövzuya diqqət yetirək: Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun parkda vətəndaşlarla idman etməsi. Normalda bu, örnək olacaq bir hadisədir – rəhbərin xalqın içində olması, onlarla eyni havanı udması, birgə hərəkət etməsi. Amma görürük ki, bəzi media qurumları məsələnin işıqlı tərəfini görməməyə sanki and içiblər. Onların diqqəti idmanın ruhunda, insanlarla təmasda deyil, ayaqqabının markasında, dəstin qiymətindədir.
Sual olunur: Bu, jurnalistikadırmı? Yoxsa sifarişli qarayaxma kampaniyası?

Yazırlar ki, “Niyazi Bayramovun geyimi 2500 manat dəyərindədir”. Sanki dövlətin işləri, xalqın problemlərinin həlli, sosial layihələrin icrası heç bir önəm daşımır. Əsas odur ki, hansı markanı geyinib. Bu yanaşma ucuz senzasiya yaratmaqdan başqa bir şey deyil.

Əgər media vicdanlı olmaq istəsəydi, oxucuya belə də deyərdi: bu gün yüzlərlə ailədə, gəliri cəmi 1000 manat olan insanlarda belə 3-4 min manatlıq telefon parkı var. Amma buna kimsə “xalqdan uzaqlaşma” demir. Çünki bu, həyatın reallığıdır. Elə isə niyə bir icra başçısının gündəlik geyimini şişirdib, “yeyib-içən məmur obrazı” yaratmağa çalışırlar?
Bu, təkcə məsuliyyətsizlik deyil – həm də sifarişli yazının, çirkin niyyətin bariz nümunəsidir. Çünki mətbuatın məqsədi həqiqəti göstərmək olmalıdır, kimin paltarının markasını araşdırmaq yox.
Əslində, Niyazi Bayramov barəsində danışılacaq məqamlar tam başqadır. Onun qapısının vətəndaşlara açıq olması, səyyar qəbullar keçirməsi, hər kəsi dinləməsi, 5-6 mühafizəçi ilə yox, sadə bir vətəndaş kimi insanların arasında gəzməsi xəbərdir, nümunədir. O, rəhbər kimi xalqla təmasda olmağı bacarır. Bunu görmək istəməyənlər isə ya kor, ya da qərəzli olmalıdır.

Azərbaycan mediası tarixən milli maraqlara xidmət edib, amma indi bəzi saytlar ucuz klik naminə peşəsini ucuzlaşdırır, sifarişli yazılarla cəmiyyətin etibarını zədələyir. Belələri unudur ki, xalq yalnız obyektiv sözə inanır, sifarişli qara təbliğata yox.
Və bir daha xatırlatmaq gərəkir: “Dost başa baxar, düşmən ayağa.” Kimlərinsə hər dəfə ayağa baxmaq adəti varsa, bilin ki, onlar nə dostdur, nə də jurnalist.


Qalib Rəhimli.



Chosen
33
1
aia.az

2Sources