Gürcüstan parlamentinin sədri Tbilisidəki etirazçıları “terrorçular” adlandırıb
Ajans.az xəbər verir ki,bu barədə spiker jurnalistlərə verdiyi açıqlamada bildirib. Onun sözlərinə görə, Rustaveli prospektində toplaşan kiçik qruplar "emosionallığa qapılmış, zorakı və radikal davranışları ilə şəhər həyatına təhlükə yaradan insanlar"dır. Papuaşvili ABŞ-da siyasi fəal Çarli Kirkin qətli ilə bağlı yaranan vəziyyəti misal göstərərək, prezident Donald Trampın həmin hadisəni “daxili terrorizm” kimi qiymətləndirdiyini xatırladıb: “Prezident Trampın daxili terrorizm adlandırdığı şey burada da baş verir. Gecələr emosional həyəcan keçirən insanlardan ibarət oxşar terror qruplaşması var və biz onların küçələrdə hərəkət etdiyini görürük. Səhərlər şəhər sakit olur, lakin gecələr onlardan ehtiyatlı olmaq lazımdır. Bu, hökumətin məqsədini zorla dəyişdirməyə çalışan terror qruplaşmasıdır”, – deyə spiker vurğulayıb. Papuaşvili həmçinin bildirib ki, Gürcüstandakı bu etirazçılar “qətldə ittiham olunan Kirkin ideologiyasının davamçılarıdır”: “Bu gün ABŞ üçün ciddi problemlər yaradan ideologiyanın eyni forması Gürcüstanda da yayılmaqdadır”, – deyə o əlavə edib. Parlamentin sədri ictimaiyyəti “bu şəxslərin heç bir addımından arxayın olmamağa” çağırıb və onların fəaliyyətini “yerli terrorçuların təhdidi” kimi dəyərləndirib. Hazırda Gürcüstanda “xarici agentlər haqqında qanun” əleyhinə davam edən etirazlar ölkənin müxtəlif şəhərlərində, xüsusilə də Tbilisinin mərkəzində gecə saatlarında keçirilir. Etirazçılar hökuməti demokratik dəyərləri pozmaqda ittiham edirlər.