EN

Hacıqabuld Dövlət Suverenliyi Günü ilə əlaqədar tədbir keçirildi — FOTOLAR

19 sentyabr 2025-ci il tarixdə Hacıqabul Rayon İcra Hakimiyyətinin iclas zalında “20 sentyabr - Dövlət Suverenliyi Günü” ilə əlaqədar tədbir keçirilib.

Demokrat.az
xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Hacıqabul rayonu təşkilatının sədri və aparatın məsul işçiləri iştirak eidb. İlk əvvəl Ulu Öndər Heydər Əliyevin və torpaqlarımız uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov bildirib ki, “20 sentyabr - Dövlət Suverenliyi Günü”  mövcudluğunun və institusional davamlılığının əsasıdır. Özünün siyasi, mədəni tarixinə, taleyinə sahib çıxmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək hər xalqa nəsib olmur. Buna sahib olmaq xalqın ictimai-siyasi həyatında ən böyük nailiyyətidir. Tarix boyunca qarşılaşdığı iqtisadi, siyasi, hərbi çətinliklərə, işğala baxmayaraq, xalqımızın müstəqillik, dövlətçilik arzusu və mübarizəsi əsrlər boyu davam edib, heç bir qüvvə onun bu əzmini sındıra bilməyib.

İşğaldan azad olunmuş ərazilərdə düşmənin qanunsuz şəkildə fəaliyyət gostərdiyi təxribat diversiya qüvvələrinə qarşı 2023-cü il 19-20 sentyabrda həyata keçirilən lokal xarakterli antiterror əməliyyatları nəticəsində cəmi 23 saat ərzində Qarabağın düşmən nəzarətində olan digər əraziləri də  işğalçılardan tamamilə təmizlənib.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-də qeyd olunacaq unudulmaz tarix - Dövlət Suverenliyi Günü təsis edilib. Bu yeni tarixin təqvimdə rəsmi yer alması 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin, 2023-cü ildə antiterror tədbirlərinin və XXI əsrdə ölkənin müstəqilliyinin möhkəmləndirilməsinin əhəmiyyətini bir daha vurğulayır.

Daha sonra çıxış edənlər, YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, Daxili Qoşun Hərbi hissəsinin Tərbiyə bölməsinin rəisi Ramin Əhmədov, 4 saylı tam orta məktəbin Tarix müəllimi Xəyalə Əfəndiyeva və Vətən müharibəsi iştirakçısı, 6 saylı tam orta məktəbin psixoloqu Salman Mirzəzadə bildiriblər ki, 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanılıb. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməyib. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.






















Chosen
53
demokrat.az

1Sources