Görmə problemləri çox vaxt gözlərin həddindən artıq yüklənməsi ilə əlaqəlidir. Xüsusilə cihazlardan uzunmüddətli istifadə görmə əzələlərini zəiflədir və aydınlığı azaldır. Yanlış seçilmiş eynəklər və ya linzalar da görmə qabiliyyətinə mənfi təsir göstərir.
E-saglam.az xəbər verir ki, bu barədə oftalmoloq Sino Goziev “İzvestiya”ya açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, görmənin pisləşməsi daxili xəstəliklərlə də bağlı ola bilər. Hipertoniya və diabet damarların vəziyyətini dəyişdirir, hormonal dəyişikliklər – hamiləlik, doğuş və menopoz dövrləri – görməyə təsir göstərə bilir.
Yaşla bağlı faktorlar da mühüm rol oynayır. 40 yaşdan sonra linzanın elastikliyi azalır, nəticədə uzaqgörənlik yaranır. Daha ciddi hallarda isə katarakta, qlaukoma və ya retina degenerasiyası kimi xəstəliklər inkişaf edə bilər.
Həkim vaxtında müayinə və əməliyyatın vacibliyini vurğulayıb:“Görmədə hər hansı bir dəyişiklik hiss edildikdə, həkimə müraciət etmək lazımdır. Müasir oftalmologiya müxtəlif müalicə üsulları təklif edir, lakin ən önəmlisi profilaktikadır”.
Onun sözlərinə görə, göz sağlamlığını qorumaq üçün ekran qarşısında fasilələr vermək, düzgün qidalanmaq, günəşdən qorunmaq və zərərli vərdişlərdən imtina etmək vacibdir.
“Gözlərinizə ürəyiniz və oynaqlarınız qədər diqqət edin. Həyatın keyfiyyəti birbaşa görmədən asılıdır və ona vaxtında qayğı göstərsəniz, dünyaya uzun illər aydın baxa biləcəksiniz”, – oftalmoloq yekunlaşdırıb.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az